Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ RAYON AĞSAQQALLAR ŞURASININ KONFRANSI KEÇİRİLİB

22 avqust 2017 | 16:00

22 avqustda Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirildi. Əvvəlcə konfrans iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə gül dəstələri qoydular və dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Respublika Ağsaqqallar Şurasının İşlər idarəsinin müdiri Yaqub Mehdiyev, konfransa rayon üzrə seçilmiş nümayəndələr – rayon ağsaqqalları, idarə, müəssisə və təşkilatların rəhbərləri,  rayon ictimaiyyəti və KİV nümayəndələri  iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev gələn qonaqları, rayon ağsaqqallarını, konfrans iştirakçılarını salamladıqdan sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin onlara ən xoş arzularını çatdırdı. O, konfransın gündəliyi barədə açıqlama verdi. Cavanşir Qocayev onu da bildirdi ki,  bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti daşkəsənlilər ürəkdən dəstəkləyir, bunu əməli işləri ilə daim sübut edirlər. Cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac yarandığını deyən Cavanşir Qocayev rayon ağsaqqallarının bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə etdiklərini diqqətə çatdırdı. Çıxışının sonunda C.Qocayev Daşkəsən Rayon Ağsaqqallar Şurasının bundan sonra da xoşməramlı, məsul və şərəfli  fəaliyyətində onlara yeni-yeni uğurlar arzuladı.
Respublika Ağsaqqallar Şurasının İşlər idarəsinin müdiri Yaqub Mehdiyev də çıxış edərək Respublika Ağsaqqallar Şurasının rəhbərliyi, şəxsən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun adından konfrans iştirakçılarını salamladı və konfransın yüksək səviyyədə keçəcəyinə əminliyini bildirdi. 
Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədr müavini Saleh Qurbanov geniş hesabat  məruzəsi ilə çıxış edərək ötən dövr ərzində Şuranın gördüyü işlər barədə ətraflı məlumat verdi.
Daha sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Nüsrət Vəliyev, müəllim ağbirçək Adilə Məmmədova, Qarabağ müharibəsi əlili Ənvər Əliyev, Firuddin Həsənov çıxış etdilər və Rayon Ağsaqqallar Şurasının ərazilərdəki qurumları tərəfindən hesabat dövründə bir sıra dəyərli təşəbbüslərin qaldırıldığını, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox problemli məsələlərin həllinə nail olunduğunu vurğuladılar.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov  çıxışında qeyd etdi ki, ağsaqqala olan hörmət və ehtiram Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənədir. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu bildirdi.
Yüksək səviyyədə keçirilən konfransda konfrans iştirakçıları tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin Rayon Ağsaqqallar şurasına fəxri üzv seçilməsi təklif olundu və həmin təklif alqışlarla qarşılanaraq qəbul edildi.
Sonra yeni tərkibdə Rayon Ağsaqqallar Şurası, ağsaqqallar şurasının sədr və müavinləri, o cümlədən idarə heyətinin yeni tərkibi seçildi. Saleh Qurbanov Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri, Cavanşir Qocayev və Adilə Məmmədova sədr müavinləri seçildilər. Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Saleh Qurbanov bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi. 
Müzakirə olunan məsələlərlə əlaqədar olaraq qərar qəbul edildikdən sonra  konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər