Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü təntənəli surətdə qeyd edilmişdir.
Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərə yekun vurulmuşdur. Tədbirlər planına əsasən şəhər ərazisində yerləşən məktəbəqədər uşaq tərbiyə müəssisələrində, ümumtəhsil məktəblərinin, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin həyətlərində yüzlərlə ağac əkilmiş, müxtəlif idman yarışları keçirilmişdir.
Bu günkü yekun tədbirinin iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə tər çiçək dəstələri düzmüşlər.Sonra tədbir “Yeni həyat” sarayında davam etdirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli tədbirin açılış mərasimində iştirakçıları əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək geniş nitq söyləmiş, ölkəmizdə Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışmış, xalqına, vətəninə, Heydər Əliyev zirvəsindən yüksək səviyyədə xidmət edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, qəlbi torpaq üçün, vətən üçün döyünən hər bir Azərbaycan vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışında bildirmişdir ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır. Belə ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşdi. Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqlarının dövlət mənafelərindən üstün tutulması daxili ictimai – siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələri Ulu öndər Heydər Əliyev ətrafında birləşərək xalqımızın həyatını kökündən dəyişən Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi. Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi demokratik prinsiplər əsasında formalaşmağa başladı. Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar 2003-cü ildən başlayaraq daha da sürətləndi və ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Regionların sosial – iqtisadi inkişafı ilə bağlı qəbul olunan qərarlar olduqca böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında «2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı» ölkəmizdə uğurla icra olunur. Həmin Proqrama uyğun olaraq Daşkəsən rayonu da inkişaf etməkdədir. Belə ki, «Daşkəsən rayonunun sosial – iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3 min əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən «Zağalı – Kollu – Çıraqlı» avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 (üç) milyon manat vəsait ayrılması buna əyani sübutdur.
Bu gün Daşkəsən rayonunda ucqar dağ kəndlərinə çəkilən yollar Azərbaycan xalqını inamla qələbəyə doğru aparan yollardır. Dağlıq Qarabağın erməni işğalçılarından azad edilməsinə gedən yollarımızla biz bir tərəfdən Hinal dağından və Murov dağından keçərək qədim Azərbaycan torpağı olan Göyçə mahalına və Kəlbəcərə gedəcək yolun hazırlıq işlərini görürük.
Belə ki, Daşkəsənin ucqar dağ zirvələrində çəkilən yollar işğal altında olan ərazilərimizə aparan azadlıq, qələbə, zəfər yolu bugünkü iqtidarın, partiyamızın, Ulu Öndər Heydər Əliyev ideyalarının, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətidir.
Daşkəsəndə yeni, müasir standartlara cavab verən 31 km uzunluğunda olan dağ kəndlərinə çəkilən yolların inşasına görə ölkə rəhbərimiz cənab İlham Əliyevə minnətdarıq.
Rayon rəhbəri son illər rayonda aparılan böyük tikinti, quruculuq, abadlıq işlərindən bəhs edərək bildirdi ki, rayonda misli görünməmiş abadlıq, təmir – tikinti işləri geniş vüsət almışdır. Belə ki, rayon üzrə 15 obyektdə tikinti, bərpa və yenidənqurma işləri görülür. Bu obyektlərdən 7-si ümumtəhsil məktəblərinin payına düşür. Bayan kənd ümumi orta və Daşkəsən qəsəbə tam orta məktəbləri yeni dərs ilində istifadəyə verilmiş, 5 məktəb binaları isə yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Hazırda Daşkəsən şəhərində olan 5 saylı uşaq bağçasında əsaslı təmir işləri gedir. Xoşbulaq kəndində gənclərin təlim istirahət mərkəzinin, Daşkəsən şəhərində və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binalarının tikintisi aparılır.
Daşkəsən şəhərində «Yeni həyat» sarayı, şəhərin küçələrinin asfaltlaşdırılması, su – kanalizasiya xətlərinin dəyişdirilməsi, binaların dam örtüklərinin yenisi ilə əvəz olunması, istinad divarlarının təmir edilməsi, rayonun girəcəyində Bayraq meydanının istifadəyə verilməsi belə deməyə əsas verir ki, «Yeni Daşkəsən» yaratmaq ideyası tezliklə reallaşacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı YAP Daşkəsən rayon təşkilatının rayonda görüdüyü işlərə də münasibət bildirərək qeyd etmişdir ki, rayonun inkişafında Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının uğurları danılmazdır. Rayon təşkilatı fəaliyyəti dövründə partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin həyata keçirilməsində yaxından iştirak edir.
Rayon təşkilatı partiyanın Nizamnaməsinə uyğun olaraq partiyanın formalaşması, onun təşkilat strukturunun möhkəmləndirilməsi istiqamətində xeyli işlər görmüşdür. Bu illər ərzində Gənclər Birliyinin, Qadınlar Şurasının, təşkilat və ideoloji şöbələrin işi daha da genişlənmiş, rayon təşkilatının ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiya maarifçilik işi güclənmişdir. Partiyaya daxil olan üzvlərin sayı kəmiyət və keyfiyyətcə artmışdır. Bu gün 3912 nəfər YAP üzvü ilk partiya təşkilatında birləşmişdir.
Qarşıdan gələn 2013-cü il ölkəmiz üçün daha bir mühüm hadisə - Azərbaycan Respublikası Prezidentliyinə seçkilərlə əlamətdardır. Seçkilərə hazırlıq bu mötəbər kompaniya dövründə Daşkəsəndə şəffaf, ədalətli, yüksək səviyyədə aparılacaq, təbliğat, təşviqat işləri daim diqqətimizdə olacaqdır.
Mən bu gün YAP Daşkəsən rayon təşkilatının maddi-texniki bazasının möhkəmləndirilməsi və qarşıdan gələn Prezident seçkilərinin rayon ərazisində daha yüksək səviyyədə keçirilməsi üçün ucqar zirvədə, dağlar qoynunda yerləşən YAP Daşkəsən rayon təşkilatına öz adımdan xarici minik avtomobili bağışlayıram. Partiyamızın bu şərəfli işində yeni-yeni qələbələr, uğurlar arzulayıram. 20 illik bayramımız mübarək olsun, - deyirəm.
Rayonun Başçısı Əhəd Abıyev YAP Daşkəsən rayon təşkilatının sıralarında gənclərin say tərkibinin çoxluq təşkil etməsindən də söhbət açaraq qeyd etdi ki, indi rayon təşkilatının say tərkibinin 1290 nəfərini gənclər təşkil edir. Sevindirici haldır ki, gənclər partiyada çoxsaylı bir qrup kimi fəaliyyət göstərir. Gənclərin partiya sıralarına axını nəticə etibarı ilə hörmətli cənab İlham Əliyevin gənc nəslə hər cür qayğı göstərməsindən, gənclər siyasətini ölkədə həyata keçirilən ümumi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən ibarətdir.
Rayon təşkilatı fəaliyyəti dövründə gənclərin bilik və bacarıqlarına görə irəli çəkilməsinə diqqətlə yanaşmışdır. Gənclər rayonda keçirilən bütün tədbirlərdə yüksək fəallıq nümayiş etdirmişlər. Gənclər radikal müxalifətin ictimai – siyasi sabitliyi pozmaq cəhdlərinə qarşı sosial şəbəkələrdə, forumlarda müxalifətçilərə tutarlı cavablar vermişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə yekun vuraraq qeyd etdi ki, məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayında Prezident seçkiləri keçiriləcəkdir. Prezident seçkilərinə hazırlıq rayon təşkilatının ən başlıca vəzifəsidir. Yeni Azərbaycan Partiyasının və xalqımızın yeganə namizədi cənab İlham Əliyevdir. Bütün seçkilərdə olduğu kimi, hər birimiz birmənalı şəkildə cənab İlham Əliyevə dəstək olacağıq, onun ətrafında sıx birləşəcəyik.
Ölkəmizdə Yeni Azərbaycan Partiyasının çoxsaylı bütün fəal üzvləri kimi biz daşkəsənlilər də möhtərəm Prezidentimizin yenidən seçilməsində və Yeni Azərbaycan Partiyasının - Liderimizin bu siyasi kompaniyada qələbə çalmasında var qüvvəmizi əsirgəməyəcəyik.
Başçının geniş məzmunlu çıxışından sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev keçirilən bütün silsilə tədbirlərdə İcra Hakimiyyətinin Başçısı çox hörmətli Əhəd Abıyevin fəal iştirakını, tədbirlərin keçirilməsinə yaxından köməyini xüsusi vurğulamış, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP rayon təşkilatına İcra Hakimiyyəti Başçısı tərəfindən bağışlanılan avtomobilə görə də YAP Daşkəsən rayon təşkilatının bütün üzvləri adından rayonun Başçısına bu diqqət, qayğıya görə dərin minnətdarlığını bildirmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə Milli Məclisin deputatları Mübariz Qurbanlı, Mirkazım Kazımov və YAP-nın məsul işçisi Rəfael Gülməmmədov iştirak və çıxış etmişlər.Həmçinin bayram tədbirində ətraf rayonların YAP rayon təşkilatlarının sədrləri də iştirak etmişlər.
“Yeni həyat” sarayında keçirilən bayram tədbirində geniş süfrə açılmış, müğənnilərin ifasında musiqi nömrələri səsləndirilmişdir.