Daşkəsəndə qanvermə aksiyası keçirildi
22 iyun 2017-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.
Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Respublika Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirdilər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etdilər.
Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.