Genderəsaslı zorakılıq qurbanlarına hüquqi və psixoloji yardımlar göstərilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Genderəsaslı zorakılıq qurbanlarına hüquqi və psixoloji yardım göstərən Gəncə Yardım Mərkəzinin yaradılması” layihəsinin icrasını 16 iyun tarixində Daşkəsəndə davam etdirib.
Layihənin əsas məqsədi genderəsaslı zorakılıqla mübarizə aparan və onun aradan qalxmasına dəstək vermək üçün hərtərəfli təcrübəyə əsaslanan, reabilitasiya və hüquqi yardım işini həyata keçirən Yardım Mərkəzini yaratmaqdır. Mərkəz öz fəaliyyətini Gəncə-Qazax iqtisadi rayonlarında reallaşdırmasını nəzərdə tutub.
İctimai Birlik Daşkəsən rayon Heydər Əliyev Mərkəzində əvvəlcə məlumatlandırma sessiyası, sonra ailə qurmağa hazırlaşan cütlüklərlə və gənclərlə görüş keçirdi. Görüşlərdə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Gender Zorakılığı və Uşaqlara qarşı Zorakılıq üzrə Monitorinq Qrupunun üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon Qeydiyyat şöbəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Sessiyanı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev bildirdi ki, genderəsaslı zorakılıq nəinki ayrı-ayrı ailələrə, bütövlükdə cəmiyyətə ağır zərər vurmaqla yanaşı, qadın və kişilər arasında qeyri-bərabərliklərə zəmin yaradır. Sivil adlandırdığımız dünyada zorakılığın gündəlik məişət tərzinə çevrilməsi meyilləri haqlı olaraq həyəcan təbili çalmağa əsas verir və bu heç bir halda qəbul olunmazdır. Problemin həllində əsasən maarifləndirmənin gücündən istifadə edilməsinin təqdirəlayiq olduğunu deyən E.Əliyev Gəncə Yardım Mərkəzinin gələcək fəaliyyətinə uğurlar arzuladı.
Daha sonra Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri Türkan Əlizadə iştirakçılara ölkəmizdə mövzu ilə bağlı mövcud qanunvericilik haqqında məlumat verərək genderəsaslı zorakılıq hadisələri, onun qarşısının alınması yollarından, sözügedən layihə və onun məqsədləri, yaradılan Yardım Mərkəzi haqqında geniş söhbət açdı. Genderəsaslı zorakılıqların qarşısının alınmasında Gəncə Yardım Mərkəzinin də müəyyən dərəcədə rol oynayacağına əminliyini vurğuladı.
Ailə qurmağa hazırlaşan cütlüklərlə və gənclərlə görüşdə isə gənclərə müvafiq məlumatlar verildi, fikir mübadiləsi aparıldı, onlara sağlam azərbaycanlı ailə modeli əsasında ailə qurmaları tövsiyə olundu.
İştirakçılar mərkəzin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Sonda mərkəzin ünvanı və əlaqə vasitələri iştirakçıların nəzərinə çatdırıldı və zorakılığa məruz qalanların mərkəzə istiqamətləndirilməsi, həmçinin birgə əməkdaşlıq barədə razılıq əldə edildi.