Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 9 AYIN YEKUNLARI UĞURLU OLMUŞDUR

11 oktyabr 2012 | 15:00

10 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ilə əlaqədar bu gün Daşkəsən rayonunun 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi.Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev cari ilin sosial-iqtisadi inkişafını əks etdirən geniş məruzə ilə çıxış etdi.
Məruzəçi giriş nitqində qeyd etmişdir ki, ölkəmizin hər yerində işlər uğurla gedir, sürətli inkişaf vardır. Möhtərəm Prezidentimiz də öz dərin məzmunlu nitqində bu inkişafa, yüksəlişə xüsusi qiymət verərək demişdir : “Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir... Regionlarda işlər çox uğurla gedir.Regionlara səfərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın, bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial iqtisasi inkişafı proqramının əvvəlindən, 2004-cü ildən bəri 1 milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.”
Ölkəmizin kiçik bir parçası olan rayonumuzda da sosial-iqtisadi inkişaf günbəgün sürətlənir, Daşkəsən rayonu özünün şöhrətli günlərini yaşamaqdadır. Daşkəsənli olaraq hər birimiz bu şanlı tarixi yazanlardan Yeni Daşkəsəni şöhrətləndirənlərdən olacağıq.
2012-ci ilin 9 ayı ərzində Daşkəsən rayonun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür. Belə ki, ümumi məhsul buraxılışı 41 milyon 886 min 700 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17,2% çoxdur. O cümlədən, kənd təsərrüfatı üzrə 9%, tikinti üzrə 2,2 dəfə, nəqliyyat üzrə 7,9%, rabitə üzrə 6,7%, ticarət və ictimai-iaşə xidmətləri üzrə 19,2% çox olmuşdur.
2012-ci ilin 9 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 600 nəfər, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 373,8 manat təşkil etmişdir.
Daşkəsən rayonunda əhalinin sayı 01.10.2012-ci il tarixə 33 min 322 nəfər olmuş, əhali 163 nəfər artmışdır.
Cari ilin 9 ayı ərzində keçmiş ittifaq, sovet dövründən qalmış əmanətlərin ödənilməsinə başlanılmış və 3 min 652 əmanətçinin 1milyon 432 min 175 manat əmanəti ödənilmişdir. Bu sahədə işlər davam etdirilir.
Natiq çıxışında daha sonra qeyd etmişdir ki, 2012-ci ilin 9 ayı ərzində rayonda 611 aztəminatlı ailəyə (2525 ailə üzvünə) Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüdəstək” pilot layihəsi əsasında Daşkəsən rayonunda 15 ailəyə 19 min manat məbləğində yardım verilmişdir. Həmin layihə özünü doğruldarsa gələcəkdə digər ailələrə də həmin layihə üzrə yardım verilməsi nəzərdə tutulur.
Cari ilin 9 ayı ərzində rayonda 219 iş yeri yaradılmışdır.
2012-ci ilin 9 ayında istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 82 % təşkil etmişdir. Keçən ilin 9 ayında bu göstərici 80,5% təşkil etmişdir.
Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 74,8%, 74,3% olmuşdur.
2012-ci ilin 9 ayı ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, elektrikverici xətlərinin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür.
Belə ki, 57 ədəd transformator təmir edilmiş, 22 ədəd dayaq dəyişdirilmiş, 54 ədəd əyilmiş dayaq düzəldilmiş, 10,54 km elektrikverici xətlərində təmir işləri aparılmış, 155 ədəd izolyator və 920 kq yararsız naqil yenisi ilə əvəz olunmuş, 1425 m kabel çəkilmiş və transformatorlara 2050kq transformator yağı əlavə olunmuşdur. 80 ədəd yeni sayğac quraşdırılmış və 322 ədəd qüsurlu sayğac dəyişdirilmişdir.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və “SİP” kabelinin çəkilməsinə ehtiyac vardır.
Məruzəçi rayonda fəaliyyət göstərən ayrı-ayrı müəssisə və təşkilatların cari ilin 9 ayı ərzində gördükləri işləri təhlil etmiş, mövcud vəziyyətə münasibətini bildirmişdir. Qeyd etmişdir ki, Qaz İstismar Sahəsi üzrə ümumi ödəmə 9,5% pisləşmişdir. Xoşbulaq kəndinə təbii qaz verilməsinin 2011-ci ilin 14 iyun tarixində açılış mərasimi olmasına, 90 nəfərdən artıq abonentin təbii qazla təmin edildiyi barədə məlumatlar verilməsinə baxmayaraq bu günə qədər göstərilən kəndə və qeyd edilən abonentlərə təbii qaz verilməsi təmin olunmamışdır. Çəkilmiş təbii qaz xəttinin istismara qəbul olunmaması, təhfil götürülməməsi səbəbindən əhali tərəfindən rayon İcra Hakimiyyətinə və digər orqanlara çoxsaylı şikayətlər edilir, sosial gərginlik yaranır.
Ümumilikdə Qaz İstismar Sahəsinin fəaliyyətində bir çox nöqsanlar və çatışmazlıqlar mövcuddur.
Daşkəsən rayon Birləşmiş Qazanxanalar və İstilik şəbəkələri sahəsi də 9 ay ərzində xidmət etdiyi sahələri istiliklə təmin etmişdir.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2012-ci ilin 9 ayında istifadə olunmuş suyun dəyərinin ödənilməsi əhali qrupu üzrə 80,2% təşkil etmiş, keçən ilin 9 ayında bu göstərici 57,9% təşkil etmişdir.
Sonra Rayon İcra Hakimiyyətinin Başçısı çıxışında bildirmişdir ki, ulu öndərimiz yolu –iqtisadiyyat, mədəniyyət, həyat adlandırmışdır. Bu ilin ötən 9 ayı bizim üçün sevinclər, xoş müjdələr aylarıdır. Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat ayrılmışdır.
Bu ölkə başçısı Cənab Prezidentimizin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılmış və hazırda davam etdirilir. 7860 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən 31 km uzunluğunda Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun və 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 km uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu tədbirlərin gələn il həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2012-ci ilin 9 ayı ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 596 min 100 manatlıq iş görülmüşdür. İdarəyə 1 ədəd “Tatra” markalı avtomaşın alınmışdır.
Ümumiyyətlə, Yol İstismar idarəsinin müsbət işi həmişə tərəfimizdən razılıqla qarşılanır.
Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunmuşdur.
2012-ci ilin 9 ayı ərzində Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.
Mərkəzi elektron avtomat telefon stansiyasında geniş zolaqlı internet xidməti üçün yeni avadanlıqlar quraşdırılmış və rabitə kanallarının tutumu 217 port artırılaraq 217 port əhalinin istifadəsinə verilmişdir.
Yuxarı Daşkəsən elektron avtomat telefon stansiyasında 32 nömrə artım edilərək istifadəyə verilmişdir. Telekommunikasiya Qovşağında 67 ədəd yeni rabitə dirəyi basdırılmış, 75 ədəd əyilmiş rabitə dirəyi düzəldilmiş, 500 m kabel yenisi ilə əvəz olunmuş, 18 km Fibro Optik -12 kabel çəkilmişdir.
Gəncə-Daşkəsən arası 40km Fibro Optik Kabeli çəkilməsi üçün cizgi sxemi hazırlanaraq “Aztelekom” istehsalat Birliyinə təqdim olunmuşdur. Layihə təsdiq olunmuş və hal-hazırda həmin istiqamətdə 22 km Fibro Optik -48 kabel çəkilmişdir.
Yaxın gələcəkdə Telekommunikasiya qovşağı üzrə rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni avadanlıqlar tətbiq ediləcəkdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 6 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə və Qaraqollar kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2012-ci ilin 9 ayı ərzində 228 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 119 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Rayonda fəaliyyət göstərilən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 2009-2010-cu illər ərzində 30 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 48 baş buzov alınmışdır ki, bununda 6 başı cari ilin 9 ayında olmuşdur. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.
Ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə geniş, irimiqyaslı tədbirlər eyni zamanda turizm və atçılığın inkişafı üzrə həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qurumlara müraciətlər olunmuş, təkliflər irəli sürülmüşdür.
Möhtərəm Cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir.
Cari ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və Rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazasının möhkəmləndirilməsi üçün müəssisəyə 1 ədəd yeni tullantı daşıyan avtomaşın alınmışdır.
Daşkəsən şəhəri Heydər Əliyev küçəsi 26, Nizami küçəsi 16, 18, 20 və 21 saylı çoxmərtəbəli yaşayış binalarının şifer dam örtüyü metal kirəmitlə əvəz olunmuş, hazırda başqa binalar üzrə bu işlər davam etdirilir.
Şəhərin küçələrinə və yaşayış binalarının ətrafına 18 min kv.m asfalt örtüyü salınmış və hazırda bu sahədə işlər davam etdirilir.
Şəhərin girəcəyindəki sahə və şəhərin küçələrindəki istinad divarları təmir edilmişdir.
Şəhərin işıqlandırma sisteminin yaxşılaşdırılması üzrə işlər aparılır.
Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hazırda bu sahədə hazırlıq işləri aparılır.
Yaşayış məntəqələrində abadlıq işlərinin görülməsi, səliqə-səhman yaradılması üzrə tədbir görülür, vaxtaşırı olaraq iməciliklər keçirilir.
Mövcud problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması məqsədilə yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları və sakinlərlə görüşlər keçirilir.
Rayonda yerli icra hakimiyyəti strukturlarında çevik idarəetmə mərkəzinin yaradılması üzrə hazırlıq işləri görülür.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq icra hakimiyyətlərinin funksiyaları genişləndirilmiş, müəyyən struktur ştat vahidlərinə dəyişikliklər edilmişdir. Əsasnaməyə əsasən Daşkəsən rayonunda kadr dəyişikliyi aparılmışdır. Yerlərdə qanunvericilik qaydalarına əməl olunmasının təmin edilməsi, əmək, icra intizamının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir.
Ərizə və şikayətlərə baxılmasına diqqət daha da artırılmışdır.
2012-ci ilin 9 ayı ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirmişdir.
Çovdar qızıl zavodunun tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
Daşkəsən rayonunda gənclər üçün təlim və istirahət mərkəzinin tikintisinə başlanılmış və hazırda nəzərdə tutulan işlər davam etdirilir.
Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev nitqinə davam edərək bildirmişdir ki, rayonda təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına böyük önəm verilir. Belə ki, yeni dərs ilinə başlanması ərəfəsində Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisinə, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
2013-cü ildə rayonumuzda 28 ümumtəhsil məktəbinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.
İcra Hakimiyyətinin Başçısı çox ciddi bir problemə də öz münasibətini bildirərək qeyd etmişdir ki, rayonda yaşayış binalarının, mənzillərin tikintisinin aparılması sahəsində aidiyyəti üzrə respublika tabeli qurumlar tərəfindən tədbirlər görülməsi vacibdir.Daşkəsən şərt iqlimi olan ucqar, iqtisadi cəhətdən yoxsul bir rayondur. Bu sərhədyanı bölgənin inkişafına xüsusi diqqət göstərilməlidir.
Məruzəçi daha sonra qeyd etmişdir ki, cari ilin 9 ayı ərzində rayonda əlamətdar tarixi hadisələrlə bağlı bir sıra mədəni – kütləvi tədbirlər həyata keçirilmişdir.
Bu ilin keçən dövründə payız-qış mövsümünə hazırlıqlz əlaqədar müxtəlif sahələrdə bir sıra tədbirlər həyata keçirilmiş və hazırda həmin işlər davam etdirilir.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində nəzərdə tutulmuşdur.
Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə nəzərdə tutulan görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilmişdir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə bir çox yeni təkliflər işlənib hazırlanaraq aidiyyəti üzrə qurumlara təqdim olunmuşdur.
Qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da sürətləndirilməsi üçün eyni zamanda rayon ərazisində bütün mövcud problemlərin həlli məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə bir daha müraciətlər olunmuş, aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlanılmaqla məsələlərin həlli daimi nəzarətdə saxlanılır.
Qarşıdan gələn 18 oktyabr Dövlət Müstəqilliyi və Qurban Bayramı günləri münasibətilə Sizi və bütün daşkəsənliləri səmimi qəlbdən təbrik edir, hamınıza can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür və firavanlıq, ölkəmizə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev oktyabrın 10-da Prezident Sarayında Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın yekun nitqində qeyd etmişdir: “Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğrumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndində dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”.
Nazirlər Kabinetinin iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əsasən bütün sahələrə o cümlədən, xarici siyasət, respublikamızın ərazi bütövlüyünün təmin olunması, ərzaq təhlükəsizliyi, inflyasiya, büdcə, valyuta ehtiyatı, əmək haqlarının, pensiyaların artımı, ünvanlı sosial yardım, yaşayış səviyyəsinin yüksəldilməsi, qeyri neft sektoru sahəsi, energetika sahəsi, sahibkarlara dövlət dəstəyi və bir sıra digər məsələlər üzrə mövcud vəziyyət təhlil edilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Göründüyü kimi qarşımızda olduqca məsul və şərəfli vəzifələr durur.
İcazə verin Azərbaycan Respublikası Prezidenti Administrasiyasını əmin edim ki, qarşıda duran bütün vəzifələrin, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi bütün göstəriş və tapşırıqların layiqincə yerinə
yetirilməsi üçün bundan sonra da bütün qüvvələri səfərbərliyə alaraq əlimizdən gələni əsirgəməyəcəyik.
Rayon İcra Hakimiyyətinin Başçısının 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş dərin məzmunlu hesabatından sonra 22 saylı Yol İstismar idarəsinin rəisi Nəriman Süleymanov, Rayon Telekommunikasiya Qovşağıının rəisi Aslan Rüstəmov, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Elnur Rzayev, RİH Başçısının Daşkəsən şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Nüsrət Vəliyev və RİH Başçısının Muşavaq İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Şahlar Qurbanov çıxış etmişlər.
 

Keçidlər