Daşkəsən rayonunda Novruz bayramı böyük ruh yüksəkliyi ilə keçirildi
Əhəd Abıyev: “Ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan etdiyi Azərbaycanla yanaşı, Novruz bayramı bir sıra müsəlman ölkələrində də əsrlər boyu təntənəli şəkildə qeyd olunaraq xalqlar arasında sülh, həmrəylik və əmin-amanlığı yüksək səviyyədə davam etdirməkdədir”.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2017-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirildi.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə təbrik nitqi söylədi. O, çıxışında dedi ki, bu gün biz Daşkəsən şəhərinin mərkəzində, Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən bu meydanda Novruz bayramı münasibətilə təşkil edilən ümumxalq şənliyinə toplaşmışıq. Əvvəla, sizi xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar və sizlərə ən xoş arzularımı bildirirəm.
Sevindirici haldır ki, bu gün həm də Daşkəsən şəhərinin salınmasının 69-cu ildönümü gününə təsadüf edir.
1969-cu ildə ölkəmizə rəhbər təyin olunmuş Ümummilli Lider Heydər Əliyev tərəfindən respublikamızda Novruz bayramının ilk dəfə təntənə ilə qeyd edilməsi Ulu öndərin Azərbaycan xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə tükənməz məhəbbəti idi.
Novruz bayramı Azərbaycanın digər bayramlarından ona görə seçilir ki, Novruz təbiətdən gəlmiş bayramdır, eyni zamanda da vətəndaşların maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu sevinc hissi ilə qeyd edir. İnsanlarda xoş duyğular yaradan, onların yaşamaq, yaratmaq həvəsini gücləndirən bu milli bayramın dövlət səviyyəsində qeyd edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.
Ölkəmizdə çox sevilən bu günün bayram edilməsi əsrlərdən bəri qoruyub saxladığımız gözəl adət-ənənələrimizin əbədi yaşamasının parlaq nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən rəsmi keçirilməsinə qərar verilmiş, onun siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daha geniş vüsət almış, xeyirxahlığa, insanpərvərliyə, nəcibliyə çağıran xoş qədəmli Novruz bayramını xalqımız böyük sevinc və həvəslə qeyd edir.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində təbii sərvətlərlə zəngin Daşkəsənimiz də son illərdə özünün sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. 2014-cü ilin oktyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Daşkəsənə unudulmaz tarixi səfəri rayonumuzun sürətli sosial-iqtisadi inkişafının parlaq təzahürü olmuşdur.
Bu xoş əhval-ruhiyyəli bayram günündə Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün Daşkəsən ictimaiyyəti və şəxsən öz adımdan yüksək ehtiramımızı, sədaqət və inamımızı, göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bayram iştirakçılarının qarşısında təbrik nitqinə davam edərək vurğulamışdır ki, Novruz bayramının qədim ənənələrinin bu günədək qorunub saxlanması xalqımızın milli-mənəvi dəyərlərinə dərin bağlılığını tərənnüm etdirir. İslam dünyasında böyük nüfuz sahibi olan ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan etdiyi Azərbaycanla yanaşı, Novruz bayramı bir sıra müsəlman ölkələrində də əsrlər boyu təntənəli şəkildə qeyd olunaraq xalqlar arasında sülh, həmrəylik və əmin-amanlığı yüksək səviyyədə davam etdirməkdədir.
Sizləri bir daha da Novruz bayramı münasibətilə təbrik edirəm, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən ölkəmizdə qoy bu bahar nəfəsli el bayramı ömrünüzə, ailənizə, xalqımıza əmin-amanlıq, xoşbəxtlik, gözəl əhval-ruhiyyə bəxş etsin.
Bayramınız mübarək!
Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirdi; Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə bayram tonqalını yandırdı.
Rayonun Heydər Əliyev meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirildi.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən ən müasir tipli yeni tikilmiş “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə yüksək səviyyədə davam etdirildi. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və rayon ictimaiyyəti bu bayram tədbirində iştirak etdi, gətirdikləri hədiyyələri və bayram sovqatlarını əsgərlərə verildi. Novruz bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı, ailə xoşbəxtliyi və şərəfli hərbi xidmətlərində yeni-yeni qələbələr arzuladı.
Sonra da Əhəd Abıyev çıxış edərək bildirərək dedi:
- Ümummilli liderimiz, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, Ordu quruculuğu sahəsində də uğurlar davam edir. Bu uğurlu siyasi kurs Silahlı Qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, eyni zamanda hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, onları mətin mübarizəyə ruhlandırır.
Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə komandanlıq tərəfindən hərbi qulluqçuların məişət və sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, döyüş ruhunun gücləndirilməsinə yönəlmiş tədbirlər həyata keçirilir. Belə ki, yaşayış məntəqələrindən uzaqda, düşmən Ermənistanla təmas xəttində və çətin iqlim şəraitində qulluq edən hərbi qulluqçuların vətənpərvərlik ruhunu, əhval-ruhiyyəsini yüksəltmək və onlara cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını hiss etdirmək üçün Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq rayon ictimaiyyəti ilə birgə sizlərin Novruz bayramı görüşünə təbrikə gəlmişik. Milli bayram sovqatlarımızı sizə gətirməklə musiqi sədaları altında bu yeni tikilmiş hərbi hissədə Novruz bayramını əsgərlərimizlə birgə keçirəcəyik.
Milyonlarla həmvətənlilərimiz kimi biz daşkəsənlilər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Ulu Öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük. Əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əmr verərsə ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, o zaman bütün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusu, şübhəsiz ki, bu tapşırığı layiqincə icra edəcəkdir.
Xalqımız, o cümlədən də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması istiqamətində ardıcıl mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır. Bu gün ordumuz hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz milli Azərbaycan Ordusu ilə fəxr edirik.
Eşq olsun möhtərəm Prezidentimiz,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda hərbi hissənin bütün şəxsi heyətini bir daha Novruz bayramı münasibətilə təbrik etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması yolunda onlara böyük-böyük qələbələr arzulamışdır.
Rayon İcra Hakimiyyəti Başçısının geniş məzmunlu çıxışı əsgər və zabit heyəti tərəfindən böyük razılıq və hörmətlə qarşılandı.
Sonra Azərbaycan Respublikası Hərbi Prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təbrik məktubunu Gəncə şəhər Hərbi Prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev oxudu. Respublika Hərbi Prokuroruluğunun Dövlət İttiham şöbəsinin rəisi, ədliyyə polkovniki Aydın Ələkbərov, “N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Akif Ağayev Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etdilər, onlara yeni-yeni qələbələr arzuladılar.
Bayram şənliyində səsləndirilən musiqi nömrələri, müxtəlif rəqslər şəxsi heyətin zövqünü oxşadı. Rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçalar əsgərlərə paylandı. Daşkəsənlilər hərbi hissədə əsgərlər və zabitlərlə birgə möhtəşəm Novruz bayramı şənliyini ruh yüksəkliyi ilə qeyd etdilər.