Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2017 | 16:00

7 mart 2017-ci il tarixdə 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin Başçısının  müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev tədbirə toplaşmış qadınları və onların simasında bütün Azərbaycan qadınlarını başda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva olmaqla rayon ictimaiyyəti, eləcə də Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından təbrik etdi.
Bildirdi ki, respublikamızda olduğu kimi rayonumuzda da sosial-iqtisadi və ictimai-siyasi həyatda qadınların böyük rolu vardır. Bu da ölkəmizdə gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. O həmçinin vurğuladı ki, bu il ölkəmizdə çox əlamətdar bir hadisə də baş vermişdir. Belə ki, Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ölkə Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmuşdur. Bu, Azərbaycan qadınının tutduğu ən yüksək dövləti vəzifələrdən biridir.
Daha sonra çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının  müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov da başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara cansağlığı, ailə səadəti, yeni-yeni uğurlar arzuladı. N.Süleymanov çıxışında qeyd etdi ki, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Müstəqil Azərbaycan Respublikası Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə Ümummilli lider Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı. 2006-cı ildə möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
Bu gün Azərbaycan qadınının səsi-sorağı dünyanın müxtəlif ölkələrindən, ali məclislərindən gəlir. Əbədiyaşar Ulu öndərimizin gözəl bir sözü vardır. O, həmişə qadınlardan söz düşəndə deyirdi ki, mən dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan qadınları qədər gözəl xanımlar görməmişəm.
Bayram tədbirində Malik Ələsgərov, Əleysan Həsənli və digərləri də çıxış edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin rayonun fəal qadınlarının əməyinə verdiyi qiyməti, diqqət və qayğını çox yüksək qiymətləndirdilər. Çıxış edənlər tərəfindən əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xanımlarının  ünvanına xoş sözlər deyildi, səmimi arzular bildirildi.
Bayram tədbirinin sonunda qadınlara qiymətli hədiyyələr verildi, xatirə şəkli çəkildi.

Keçidlər