Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ QEYD EDİLİB

24 fevral 2017 | 16:00

Xocalı soyqırımının 25-ci ildönümü Daşkəsən rayonunda dərin ehtiramla yad edilib. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 2612 nömrəli Sərəncamını və Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 24 yanvar 2017-ci il tarixli 17 nömrəli Sərəncamını rəhbər tutaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin 25-ci ildönümünün rayonda geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanmış,  fevral ayının 18-dən 26-dək silsilə tədbirlərlə qeyd olunmuşdur.

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq, 24 fevral 2017-ci il tarixdə rayon ictimaiyyətinin 500-dən çox nümayəndəsinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş ümumrayon anım tədbiri keçirilib. Yığıncaq iştirakçıları rayon Şəhidlər xiyabanında olmuş, orada əbədi məşəlin önünə və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarına gül dəstələri və çiçəklər qoyublar.
Ümumrayon anım tədbiri rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:
- 25 il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
Gəlin  Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edək.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində belə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Bunun nəticəsində də soydaşlarımız öz tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. 
Erməni təcavüzkarlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı 1988-ci ildən yenidən reallaşdırmaq cəhdləri, Dağlıq Qarabağ ətrafında başlayan qanlı hadisələr kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız soydaşlarımızın ölümü, bir milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir.
Mən çıxışımda faciənin tarixinə bir daha nəzər salacam.  25 il bundan qabaq fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirərkən burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir.  8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-sinin taleyi indi də məlum deyil.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi, bir milyondan çox soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşdü. Xalqımız misli görünməyən humanitar fəlakətlərlə üz-üzə qaldı.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dövlətimiz, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları tərəfindən dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılır, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaqdadır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı çox hörmətli cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparılır. Artıq Amerikada və dünyada  Xocalı soyqırımını tanıyan və pisləyən ştatların və dövlətlərin sayı ildən-ilə artır.
Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
2016-cı ilin uğurlu aprel döyüşlərini qiymətləndirərkən ölkə Başçımız demişdir: “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”. Xüsusi vurğulanmalıdır ki, aprel döyüşləri xalqımızın yenilməzlik, mübarizlik əzmi ilə yanaşı, həm də Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil siyasətin tam qətiyyətini göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dədə-baba torpaqlarından bir qarışını belə verməyəcək və ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Eyni zamanda da bu uğurlu əməliyyat  işğalçı Ermənistan rejiminin özünü dərindən sarsıtdı.
Qurur hissi ilə deyirəm, həmin döyüşlərdə daşkəsənli gənclər də iştirak etmiş, rəşadət göstərmişlər. Aprel döyüşləri gedən müddətdə biz rayon ictimaiyyəti hamılıqla silaha sarılıb  möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə döyüşlərə atılacağımız anı gözləyirdik, bu gün də səbirsizliklə gözləyirik.
Milyonlarla həmvətənlilərimiz kimi biz daşkəsənlilər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini Ulu Öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük.  Əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əmr verərsə ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, o zaman bütün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusu, şübhəsiz ki, bu tapşırığı layiqincə icra edəcəkdir.
  Xalqımız, o cümlədən də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq. Biz əminik ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.
Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!
Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və Xocalı faciəsindən bəhs edən sənədli filmə baxış keçirilmişdir.

Elmar VÜQARLI

           AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ

Keçidlər