“Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik”
27 il əvvəl, 1990-cı ilin yanvar ayının 20-si xalqımızın yaddaşına qanlı faciə kimi daxil oldu. Eyni zamanda 20 Yanvar hadisəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Faciənin 27-ci ildönümü ölkəmizin hər bir bölgəsində olduğu kimi Daşkəsən rayonunun bütün ümumtəhsil məktəblərində də anılır. Belə anım tədbirlərindən biri yanvar ayının 18-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı ilə keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi ilə bərabər valideynlər, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Tədbiri açıq elan edən məktəbin direktoru Sevil Ələsgərova bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
S.Ələsgərova qeyd etdi ki, 20 Yanvar şəhidlərindən olan Ülvi Bünyadzadə Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin məzunu olub və tədbirin “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adı altında keçirilməsi də təsadüfi deyil, bu, Ülvi Bünyadzadənin idealı idi. O, öz canını Vətən uğrunda fəda etməklə əsl vətəndaşlıq nümunəsi göstərmişdir.
Şəhidin ömür yolundan söhbət açan S.Ələsgərova dedi ki, Ülvi Bünyadzadə 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində sərbəst ifa etməyi bacarırdı. 1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə vermiş, imtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçməmiş, Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləmişdir. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınmışdır. İnstitutun qəzetində yazıları mütəmadi çap olunmuşdur.
1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdur. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilmişdir. 1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunmuşdur. APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin mitinqlərdə iştirak etmiş və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olmuşdur. 10 sentyabr 1989-cu ildə ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı.
Natiq onu da qeyd etdi ki, Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, bileti oradaca ovcunun içində nümayişkaranə yandırmışdır. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış güllələrə sipər etmiş və saat 00:20-də həlak olmuşdur. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında 40-cı qəbirdə dəfn olunmuşdur.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev faciə zamanı həlak olan şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyərək bildirdi ki: “Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərdən biri Ülvi Yusif oğlu Bünyadzadə təhsil alıb. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdi. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi”.
Tədbirin ikinci hissəsində məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər.
Orxan Məmmədov