DAŞKƏSƏNDƏ QANLI 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI RAYON MƏKTƏBLİLƏRİ İNGİLİS DİLİNDƏ ANIM TƏDBİRİ KEÇİRDİ
27 il əvvəl, 1990-cı ilin 20 yanvarı xalqımızın yaddaşına qanlı faciə kimi daxil oldu. Ancaq 20 Yanvar hadisəsi bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Faciənin 27-ci ildönümü ölkəmizin hər bir bölgəsində olduğu kimi Daşkəsən rayonunun bütün ümumtəhsil məktəblərində silsilə tədbirlərlə anılır. Belə anım tədbirlərindən biri də yanvar ayının 18-də rayon məktəbliləri tərəfindən Daşkəsən rayon Mədəniyyət Mərkəzində ingilis dilində təşkil edilib. Tədbirə rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər qatılıblar. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də tədbirdə iştirak edib.
Tədbirin ingilis dilində keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək, günahkarları bu günədək cəzasız qalan 20 Yanvar cəlladlarına qarşı beynəlxaq insan haqları təşkilatların biganə münasibətinə etirazın bir ifadəsi olmuşdur.
Məktəbin şagirdlərinin təqdimatında baş tutan tədbir aparıcıların açılış nitqi ilə başlayıb. Sonra şagirdlər çıxışlarına davam edib. Təqdim edilən proqram, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İstedadlı şagirdlər ingilis dilində 20 Yanvar faciəsinin mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib, şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirin sonunda çıxış edərək tədbirin əhəmiyyəti və beynəlxaq diplomatiyanın dili kimi ingilis dilinin vacibliyindən danışaraq şagirdləri bu dili daha dərindən mənimsəməyə çağırdı. Bildirdi ki, bu gün burada ingilis dilində sərbəst danışan şagirdlər özlərinin bilik və bacarıqlarını ustalıqla nümayiş etdirdilər. Bu o deməkdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət həmişə bəyənilir və dəstəklənir, beynəlxalq aləmdə humanizmi və sülh tərəfdarı olmağı ilə tanınır, həmişə bu siyasət razılıqla qarşılanır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra 20 Yanvar faciəsinin mahiyyətindən, onun verdiyi tarixi dərslərdən bəhs edən dərin məzmunlu nitq söyləmişdir. O həmçinin qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Təhsil Nazirliyinin son illərdə ölkəmizdə apardığı irimiqyaslı təhsil islahatları, təhsil müəssisələrinin yenidən qurulması, infrastukturunun müasirləşdirilməsi tədbirləri Daşkəsəndə də öz bəhrəsini verir.
Məhz bunun nəticəsidir ki, bu gün şagirdlərimizin təhsil almalarında, gələcəkdə yüksək təhsilli, müasir dünyagörüşlü vətəndaşlar kimi formalaşmalarında heç bir problem, çətinlik yoxdur. Bu gün Azərbaycan hüquqi və dünyəvi demokratik ölkədir. Biz bu gün bütün sürətli inkişafa,qazanılan uğurlara,zəngin intellekti olan müasir gəncliyin yetişməsinə görə yüz illərə hesablanmış Ümummilli liderimiz Heydər Əliyev siyasətinə, dühasına borcluyuq. Bu gün Heydər Əliyev ideyaları Azərbaycanda yaşayır və qalib gəlir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışının sonunda 20 Yanvarla bağlı tədbirin hazırlanmasına görə rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinə təşəkkürünü bildirmişdir.