Daşkəsən rayonunda yeni məktəb tikintisi ilə bağlı daha bir təməlqoyma mərasimi keçirilmişdir.
Son illər Daşkəsən rayonunun xəritəsinə yeni ünvanlar yazılır.Tikinti, abadlıq, yenidənqurma işləri günbəgün genişlənməkdədir.Vaxtilə rayonu tərk edən sakinlərin bir çoxu yaradılan münbit şəraitə, tikinti və quruculuq işlərinə görə öz dədə-baba yurdlarına qayıdır, şenlik, abadlıqla məşğul olurlar.Bu gün Daşkəsən rayonun xəritəsinə daha bir tikinti ünvanının adı yazılır.80 ildən çox istismarda olmuş, istifadə müddəti keçmiş Quşçu kənd tam orta məktəbinin əvəzinə yeni, 360 şagird yerlik binanın təməlqoyma mərasimi keçirilmişdir.
Rayon ictimaiyyətinin və kənd fəallarının, qonşu məktəblərin pedaqoji kollektivlərinin iştirak etdiyi təməlqoyma mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev geniş nitq söyləmişdir :
- Əziz daşkəsənlilər, hörmətli kənd sakinləri, müəllimlər, pedaqoji ictimaiyyətin nümayəndələri, bu gün hər birimizin həyatında əlamətdar gündür. Quşçu kəndində yeni məktəb binasının təməli qoyulur.Bu əziz gün münasibətilə mərasim iştirakçılarını təbrik edir, hər birinizə can sağlığı arzulayıram. Hamımıza məlumdur ki, məktəb olan yerdə şenlik var, qaynar həyat var. Ulu öndərimiz həmişə deyirdi ki, təhsil millətin gələcəyidir. Müəllimi yaxşı olan xalqa zaval yoxdur. Məhəmməd Peyğəmbər həmişə təhsildən söz düşəndə buyururdu ki, xalqın övladlarına, hər bir ağıl sahibinə 4 şey vacibdir: Elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.
Haqlı deyirlər ki, dünyanın ən gözəl peşəsi müəllimlikdir. Müəllim sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Uşağın ilk dəfə həyata baxışını da formalaşdıran müəllimdir.Dünyanın, bəşəriyyətin sevgiyə, səmimiyyətə, müəllim təliminə həmişə ehtiyacı vardır.
Çin atalar sözündə deyilir: «Bir il sonranı düşünürsənsə, düyü ək, on il sonranı düşünürsənsə, ağac ək, yüz il sonranı düşünürsənsə, tərbiyəli və elmli nəsil yetişdir».
Bu gün hər birimiz şahid olaraq görürük ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi kapitalı insan kapitalına yönəltmişdir. Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son 7 ildən bəri rayonumuzda onlarca məktəb, uşaq bağçası tikilmiş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompyuter düşür. Təhsilin problemləri, ailə problemləri, uşaqların tərbiyəsi daim möhtərəm Prezidentimizin diqqət mərkəzində saxlanılır.Təhsilə diqqət və qayğı günbəgün artmaqdadır. Son 8 ildən bəri ölkəmizdə 2 mindən çox məktəb tikilmişdir.
İcra Hakimiyyətinin Başçısı nitqinə davam edərək qeyd etmişdir ki, məktəb məbəddir, səcdəgahdır, müqəddəs bir yerdir. Görkəmli pedaqoqlardan biri belə demişdir ki, bir məktəbin tikilməsi bir dustaqxananın bağlanması deməkdir. 80 ildən çox tarixi olan köhnə məktəbə baxanda istər-istəməz bir ziyalı olaraq, mən həmişə narahatçılıq keçirirdim. Çox şükürlər olsun ki, bu gün məni daim narahat edən daha bir istəyimə nail oldum. Bu il rayonumuzda aparılan 15 tikinti obyektindən 7-si ümumtəhsil məktəblərinin payına düşür. Bayan və Daşkəsən qəsəbəsində şagirdlər bu ilki tədris ilini yeni, müasir tələblərə uyğun tikilmiş və avadanlıqlarla təchiz edilmiş binada qarşıladılar. Yaxın aylarda daha 5 məktəb istifadəyə veriləcəkdir. Məlumat üçün bildirim ki, 2013-cü il rayonumuzun tarixində ən əlamətdar il olacaqdır. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində gələn il rayonumuzda 28 məktəbin tikintisinə başlanacaqdır.
Daşkəsən rayonunda təhsilə bu cür diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya daşkəsənlilər adından dərin minnətdarlığımızı bildirir, onlara ümumxalq sevgimizin,məhəbbətimizin daimi olmasını bir daha çatdırırıq. Hər birimiz yaxşı görürük ki, bü gün təhsilə qayğı dünya şöhrətli Prezidentimizin daxili siyasətinin prioritet sahəsidir. Ölkədə bu siyasət uğurla davam etdirilir, ümumxalq minnətdarlığı ilə qarşılanır. Təhsilin inkişafı üçün bir-birindən təsirli Dövlət Proqramları qəbul olunur, qərarlar, sərəncamlar verilir. Bütün bunlar bir ali məqsədə, bir niyyətə xidmət edir. Azərbaycanın övladları yaxşı məktəblərdə yaxşı təhsil almalı, ulu öndərimiz Heydər Əliyevin məktəb və təhsillə bağlı arzuları, vəsiyyətləri layiqincə yerinə yetirilməlidir.
Mən həyat təcrübəsi çox olan bir azərbaycanlı kimi, bir siyasətçi kimi sizə tövsiyə edirəm ki, gələcək həyat yollarınızda Heydər Əliyev siyasətinə daim sadiq qalın.Onun ideyalarına hər zaman, hər yerdə şəxsi nümunənizlə möhkəm ideoloji təminat yaradın.Azərbaycanın xoş gələcəyi ulu öndərin müqəddəs ideyaları ilə bilavasitə bağlıdır.
Rayon İcra Hakimiyyəti Başçısının nitqindən sonra Quşçu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayədəsi Firudin Həsənov kənd sakinləri adından və YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev isə partiya üzvləri adından təməli qoyulan yeni məktəb binasının tikintisinə uğurlar arzuladılar, bu qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonra ağsaqqalların xeyir-duası ilə qurbanlar kəsildi.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü