HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ
Hər bir tarixi və ictimai-siyasi şərait Azərbaycan dilinin leksik-terminoloji sisteminə, onun orfoqrafiyasına bu və ya digər dərəcədə öz təsirini göstərmişdir. Bu gün dilimizin inkişafı, tətbiqi və tədrisi məsələləri dövlətin diqqət mərkəzindədir.
Azərbaycan dili dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının ümumi ünsiyyət vasitəsidir. Vətənin bütövlüyü, azadlığı uğrunda mübarizə önəmli olduğu qədər, dilin saflığını qorumaq, onun inkişafına mane olan əngəlləri aradan qaldırmaq da ən vacib məsələlərdən hesab edilir. Bu məqsədlə aparılan mübarizələrdə şəhidlik məqamına yüksələnlər də olmuşdur. Bu səbəbdən də, ana dili barədə fikirləşəndə, doğma torpağı uğrunda şəhid olmuş gənclərimizin də qəhrəmanlığı xatırlanmalıdır.
1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Dilimizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsi heç də asan olmayıb. Xalqımızın tarixi kimi, dilimiz də bir sıra yadelli dillərin təsirinə məruz qalmışdır. VII əsrdən başlayaraq, Azərbaycana ərəblər, sonralar isə monqollar, farslar, ruslar və digər işğalçılar hücum etmişlər. Adlarını çəkdiyimiz yadellilərin bir niyyəti də ana dilimizi, mədəniyyətimizi, milli kimliyimizi unutdurmaq idi. Dilimizin inkişaf prosesini izlədikcə, yad dillərin zaman-zaman dilimizə nüfuz etdiyini müşahidə edirik. Lakin qürurla deyə bilərik ki, doğma dilimiz tarixi müdaxilələrə – assimilyasiyaya qarşı davamlı olmuş, saflığını və özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Dilimizin saflığının qorunması və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda ən aktual məsələlərdən biri olduğu qədər və dilin yad ünsürlərdən qorumunması da bir o qədər vacibdir.
Azərbaycan dili əcdadlarımızdan bizə qalan ən qiymətli mirasdır. Dili ilk növbədə yaşadan onun daşıyıcısı olan xalqdır. Eyni zamanda dil xalqın varlığının əsas təmsilçisidir. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" eposunun dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər.
Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də flektiv dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı şəkilçilər vasitəsilə ifadə olunur.
Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Ulu öndər 1969-cu ildə ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Heydər Əliyev Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan, qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran dahi şəxsiyyət idi.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubiley tədbirində Heydər Əliyev rus dilində deyil, doğma ana dilində çıxış edib. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm ziyalılarımızın böyük rəğbətini qazanıb, həm də onlara mənəvi dəstək verib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir.
Ulu öndər Heydər Əliyev əzəmətli görkəmi, gur, məzmunlu səsi ilə şifahi danışığındakı məntiqi, emosiyanı bir qədər də gücləndirir və dinləyicilərdə, onların hisslərində dərin iz qoyur - eyni zamanda şifahi nitq hər hansı natiqi auditoriya üçün daha anlaşıqlı, daha çox dərk olunan edir. Heydər Əliyev nitqinin emotiv intonasiyası çox zəngindir. Heydər Əliyev danışarkən bütün varlığı, düşüncəsi, emosiyası və daxili inamı ilə danışırdı.
Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilərkən bu konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.
Azərbaycanda isə vəziyyət başqa cür idi. Ulu öndər Heydər Əliyev ana dilinin dövlət dili olması üçün mübarizəsini davam etdirirdi. Dövlət dili uğrunda mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına razılaşa bilməzdi. Heydər Əliyev ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur: Konstitusiyanın 21-ci maddəsində yazılır “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd edilməsi ilə yanaşı 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanunun tələbi əsasında Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında və digər qurumlarda, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Elmi kitablar, məqalələr bu dildə nəşr olunur, konfranslar, müşavirələr bu dildə aparılır, beynəlxalq tribunalarda digər dillərlə yanaşı ana dilimiz də səslənilir.
Azərbaycan Respublikası möhtərəm Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur. Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin inkişafı və istifadəsi sahəsində atılmış ən mühüm addımlarından biri də 2013-cü il 9 aprel tarixli «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın təsdiq olunmasına dair Sərəncamı olmuşdur. Sərəncamda Azərbaycan dilinin milli dövlətçiliyin əsas rəmzlərindən biri olması vurğulanaraq, dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsinin vacibliyi öz əksini tapmışdır.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Sərəncamda deyilir: “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliklərinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkəmiz zamanzaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz, hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.
Bu Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.
Hər bir dövlət dilinin dövlətçilik atributlarından biri dövlətin siyasi, iqtisadi, mədəni fəaliyyətini cəmiyyətə çatdırmaq, praktik təşkilini təmin etməkdir. Dövlət qanunlarının, rəsmi göstəriş və sərəncamların, müxtəlif iş sahələrinə aid rəsmi sənədlərin vahid dildə olması mühüm şərtlərdəndir. Dil vahidliyi prinsipi ünsiyyətin asanlaşmasına xidmət edir. Belə ki, idarədən, müəssisədən, ixtisasından asılı olmayaraq, istər şifahi, istərsə də yazılı şəkildə olan bütün rəsmi əməli nümunələr dövlət dilində aparılmalıdır. Dilin daşıyıcıları olan insanlar özləri bu işdə dövlətə yardımçı olmalıdırlar. Hər kəs öz fəaliyyətində bu mövzuya olduqca həssas yanaşmalı, ana dilinin saflığını qorumalı və inkişafına xidmət göstərməlidir. Elə bu məqamda Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunması haqqında söylədiyi aforizmlərdən birini xatırlamaq yerinə düşər: “İnkişaf etmiş, zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”
Hazırda Azərbaycan dilinin orfoqrafiya, orfoepiya normalarına yenidən baxılır, müvafiq işlər görülür. Bu sahədə yeni lüğətlər çap edilir. Eyni zamanda, orfoqrafiya və orfoepiya qaydaları müəyyənləşdirilir.
Bu gün Azərbaycan dilində rəsmi yazışmaların, işgüzar üslubun fəaliyyəti üçün kifayət qədər zəmin yaradılmışdır. Bu məsələ dövlət dili haqqında qanunla müvafiq şəkildə tənzimlənmişdir. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının dövlət qanunlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır. Təhsil dilinin fəaliyyət dairəsi və sahələri artıq qənaətbəxş formada müəyyənləşdirilmişdir. Həm ali, həm də ümumtəhsil məktəbləri üçün Azərbaycan dili dərslikləri nəşr edilir. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, müəssisələrdə dövlət dilinin tədrisi məcburidir. Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməsi vacib şərtdir.
Sənədlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanmalı və sənədləşmə işinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun aparılmalıdır. Bu barədə rayon İcra Hakimiyyəti əməkdaşlarına, o cümlədən rayonda fəaliyyət göstərən digər idarə, müəssisə və təşkilatlara müvafiq təlimatlar paylanılmış, Azərbaycan ədəbi dilinin norma və üslubları, düzgün cümlə quruluşu, xüsusilə rəsmi yazışmalarda istifadə olunan rəsmi-işgüzar üslub, köməkçi nitq hissələri və durğu işarələrinin cümlədə düzgün istifadə olunması tapşırılmışdır.
Bu gün müasir Azərbaycan dili dərin fikirləri ən incə çalarınadək aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Dilimizin inkişafı üçün belə münbit zəmin yarandığı bir vaxtda hər kəsin üzərinə böyük məsuliyyət düşür. Loru, kobud söz və ifadələrdən dilimizi qorumalı, yad ünsürlərlə dolduraraq tənəzzülə sürümək əvəzinə, onun təmizliyi, saflığı uğrunda hər birimiz cidd-cəhdlə mübarizə aparmalıyıq. Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış qrammatik quruluşu, zəngin leksik fondu və geniş ifadə imkanları vardır.
Fikrimi azərbaycanlı olması ilə hər zaman fəxr edən Ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı müdrik məzmunlu ibrətamiz nəsihəti ilə yekunlaşdırıram: “Harada yaşamağınızdan asılı olmayaraq azərbaycanlı adını daim uca tutun. Dilimizin saflığını qoruyun. Mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ edin. Azərbaycana layiq övladlar yetişdirin”.
Vüqar Məmmədov
Daşkəsən Rayon İcra
Hakimiyyəti başçısının müavini