Sahibkarlar üçün maarifləndirici treninq keçirilib
Noyabrın 16-da Rayon İcra Hakimiyyətinin dəstəyi İqtisadiyyat Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Daşkəsəndə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün Rayon Heydər Əliyev Mərkəzində maarifləndirici treninq keçirilib.
Tədbiri açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aidə Nağıyeva belə maarifləndirici treninqlərin həm aqrar, həm də sənaye rayonu olan Daşkəsəndə keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirərək demişdir: “Dəmyə kartofçuluq, taxılçılıq, arıçılıq və heyvandarlıq kənd təsərrüfatının burada əsas inkişaf etmiş sahələridir. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər aparılır. Təkcə 2016-cı ilin məhsulu üçün 641 ha sahədə taxıl səpilmiş və 1445 ton məhsul götürülmüşdür. 1232 ha sahədə dəmyə kartof səpilmiş 12598 ton kartof məhsulu əldə edilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kəndə süni mayalanma məntəqələri fəaliyyət göstərir. Ümumiyyətlə, 2003-cü ilə nisbətdə 2016-cı ilin ötən dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu 1,2 dəfə çoxalıb. Təkcə bu il kənd təsərrüfatı istehsalçılarına 647,9 min manat subsidiya verilmişdir. Bu da dövlətimizin bu sahəyə diqqət və qayğısının təzahürüdür.
Həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsalat sahələri fəaliyyətə başlayıb. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 257 sahibkara güzəştli kredit verilmişdir.
Bilirsiniz ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin və “Çovdar“ qızıl mədəninin işə salınması üçün müvafiq hazırlıq işləri görülür. Sənaye sahəsində olan sahibkarlığa dəstək göstərilməsi sahəsində həmin müəssisələr üzrə də əlavə investisiyaların cəlb olunması, müəssisələrin istehsal gücü səviyyəsində işlərin bərpa olunması üzrə tədbirlər həyata keçirilir. Bu məsələlər rayon rəhbərliyinin daim diqqət mərkəzindədir.
Bu gün Daşkəsənin hər bir sakini Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında hiss edir, ölkədəki yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir. Eyni zamanda rayonun daha da inkişafı, həyata keçirilən quruculuq işlərinin uğurla davam etdirilməsi, rayon sakinlərinin daha yaxşı yaşamaları qarşıda mühüm vəzifələr kimi durur”.
Daha sonra Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin rəhbəri Rövşən Novruzov "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", “İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri və s. barədə ətraflı məlumat verdi.
Tədbir iştirakçıları həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırıldılar.
Bununla yanaşı, apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı bilgilər diqqətə çatdırıldı.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirildi, Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıldı, sahibkarları maraqlandıran suallar cavablandırıldı.
Elmar VÜQARLI