Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə bağlı tədbir keçirilib

10 noyabr 2016 | 16:00


Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 16 Noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon fəalları, müəllim və yuxarı sinif şagirdləri iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev 2016-cı ilin ölkə Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyini xüsusi vurğulayıb. Natiq  qeyd edib ki, dinlərarası müxtəliflik xalqımızın zəngin kökə söykənən tolerantlıq və dözümlülük ənənələrinin formalaşmasında müstəsna rol oynamış, Azərbaycanda milli, irqi və dini zəmində heç bir münaqişə baş verməmiş, milli-etnik müstəvidə qarşıdurma yaşanmamışdır.
   Mövzu ilə bağlı dərin məzmunlu mühazirə ilə çıxış edən Gəncə Dövlət Universitetinin ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov ilk öncə tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis olunub. Ulu Öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən natiq ölkəmizdə dini və milli dözümlülüyün yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanda dini dözümlülük və tolerantlıq ənənələrinin qorunması, radikallıq meyllərinin qarşısının alınması hökumətin din siyasətinin prioritetini təşkil etdiyini vurğulayıb. Tolerantlığın  Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu söyləyən Hüseyn Bəxtiyarov ölkəmizdə yaşayan bütün xalqlara eyni isti və səmimi münasibət bəsləndiyini deyib.

Tədbirdə qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar olub. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Demokratik, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşmışdır. Əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycanda müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar.  Əminliklə demək olar ki, Azərbaycanda dini dözümlülük və tolerantlıq mühiti tam qorunub saxlanılır.
Sonda tədbir iştirakçılarını tolerantlıq və multikulturalizmlə bağlı maraqlandıran bir sıra suallar cavablandırılıb.     
Elmar VÜQARLI

Keçidlər