Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Uşaqlar işgəncələrə yox deyir!”

02 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira  xanım Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı”  keçirilir.  “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti “Uşaqlar işgəncələrə yox deyir!” adlı tədbir 1 noyabr 2016-cı  il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsəndə keçirilib.

Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Təhsil Şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Daşkəsən RPŞ-nin Uşaq Hüquqları üzrə müfəttişi, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev mövzunun aktuallığını qeyd etmiş, uşaq hüquqlarının qorunması istiqamətində ölkəmizdə səmərəli mühitin formalaşdığını diqqətə çatdırmış, bu cür əhəmiyyətli mövzuda keçirilən tədbirə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya və Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşlarına rayon ictimaiyyəti adından təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, uşaq hüquqlarının qorunması daim dövlətin diqqət mərkəzindədir və ölkə Prezidenti çox hörmətli cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif yaş qruplarının, o cümlədən uşaqların da hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və rayonumuzda da uğurla həyata keçirilməkdədir. Rayonda uşaq və gənclərlə bağlı dövlət siyasətinin həyata keçirilməsinin Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin daim diqqət mərkəzində olduğunu vurğulayan natiq, bu istiqamətdə rayonda son illərdə görülən işlərdən, yaradılan əlverişli şəraitdən, əsaslı təmir edilən, yenidən tikilən uşaq bağçaları və ümumtəhsil məktəblərindən söhbət açıb.   
Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, bu il ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 27 ili, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun qüvvəyə minməsinin isə 10 ili tamam olur. 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, respublikamızda “Uşaq hüquqları aylığı”  keçirilir.  Aylıq çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi hüquqi maarifləndirmə ilə yanaşı, insan ləyaqətini alçaldan işgəncələrin də yolverilməz olduğunu təbliğ etməkdən ibarətdir.
Tədbirdə  1989-cu il tarixli BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nda və “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilən uşaq hüquqları, həmin hüquqların ölkədaxilində həyata keçirilməsi və qorunması üçün mövcud olan mexanizmlər və orqanlar barədə bilgilər, o cümlədən Ombudsmanın Uşaq hüquqları üzrə qaynar xətti – 916 nömrəsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Ombudsman Aparatı tərəfindən uşaq hüquqları barədə çoxsaylı nəşrlərin buraxılması, uşaqların təhsil hüququ ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda respublikanın bir sıra orta məktəblərində həyata keçirilən “Uşaq Hüquqları üzrə Pilləli Tədris” layihəsi barədə geniş məlumatlar verilmişdir.
Daha sonra Daşkəsən rayon Təhsil Şöbəsinin əməkdaşı Tofiq Qəmbərov,  Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Daşkəsən RPŞ-nin əməkdaşı Ramiz Mazanov çıxış edərək mövzu ilə bağlı münasibətlərini bildirmişlər.
Tədbirin sonunda şagirdlərə Ombudsman Aparatının təşəbbüsü ilə  nəşr edilmiş BMT-nin “Uşaq Hüquqları Konvensiyası” broşürası və Müvəkkil tərəfindən elan edilən “Mən və Hüquqlarım” rəsm müsabiqəsi barədə elan təqdim olunmuşdur.

Elmar VÜQARLI

Keçidlər