Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Rayon İcra Hakimiyyətinin, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, YAP fəalları iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov dərin məzmunlu çıxışında deyib:
“XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın XX əsrdəki siyasi tarixində ikinci parlaq qələbəsi idi.
Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı. İmperiyanın siyasi beyin mərkəzi, sovet hərb maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı. 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi.
Bildiyiniz kimi 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd yekdilliklə qəbul edilir.
Elə həmin ilin dekabrının 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrlə Avropanın və bütövlükdə dünyanın enerji təhlükəsizliyi sisteminə qoşuldu.
1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik, Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
Bu gün Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü tamam olur. Bu 25 ilin 13 ili möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında keçmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanaraq hakimiyyətə gəlməsi ilə qədim və zəngin dövlətçilik ənənələri olan Azərbaycan tarixində yeni keyfiyyət mərhələsi başladı. Ölkə Başçısının rəhbərliyi altında ötən 13 il ərzində ölkəmizdə daxili siyasətdə - dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülmüşdür. Tamamilə yenidən qurulan Azərbaycan müasirləşmiş, modern bir ölkəyə çevrilmişdir. Xarici siyasət sahəsində əhəmiyyətli fəaliyyət göstərilmişdir. Azərbaycan beynəlxalq neft-qaz, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırıldığı ölkə olmuş, mövqeləri möhkəmlənmiş, nüfuzu artmışdır. Azərbaycan dövləti ötən illərdə ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaratmışdır. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutur.
Prezident İlham Əliyevin hakimiyyətinin 13 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlmişdir. Azərbaycanın bir sıra maddi və qeyri-maddi irsi UNESCO-nun irs siyahısına daxil edilmişdir. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək, ona böyük yaradıcılıq imkanları yaratmışdır. Azərbaycan Prezidentinin yaratdığı ilklərdən biri Bakıda Bayraq meydanının yaradılması olmuşdur. Bununla da dövlətçilik tariximizdə, bundan sonrakı bütün tariximizdə yaşayacaq gözəl bir ənənənin əsası qoyulmuşdur. Ana dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyətinin sahələrindən biridir. Azərbaycan Prezidentinin ana dilimizin saflığının qorunması haqqında imzaladığı sənədlər qloballaşma şəraitində dilçilik elmimizin inkişafında yeni imkanlar açmışdır.
Prezident İlham Əliyevin hakimiyyəti illərində xalqın milli ruhu yüksəlmiş və özünəinamı artmışdır. Xalq və dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Demokratikləşdirmə, vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə geniş islahatlar həyata keçirilmişdir. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilmişdir. Azad mətbuat formalaşaraq inkişaf etmişdir. Prezident İlham Əliyev əslində ölkədə möcüzə yaratmış, dünyaya yeni bir model vermişdir”.
Çıxışının sonunda Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli 2378 saylı Sərəncamı rəhbər tutulmaqla Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının 17.10.2016-cı il tarixli 50 saylı sərəncamı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünün Daşkəsən rayonunda qeyd olunması ilə bağlı Tədbirlər Planının artıq təsdiq edildiyini diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən natiqlər ötən 25 il ərzində Azərbaycan xalqının dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışaraq bildirdilər ki, uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir. Xüsusilə vurğulandı ki, xalqımız tarix boyu azadlıq uğrunda hər zaman fədakarcasına vuruşmuşdur və 1991-ci ilin 18 oktyabr tarixi də həmin əzmkarlıq bahasına başa gəlmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
Elmar VÜQARLI