2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarını Daşkəsən rayonu uğurla başa vurmuşdur
17 oktyabr 2016-cı il tarixdə Daşkəsən rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş yığıncaqda ümumilikdə 220 nəfər olmaqla rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2016-cı ilin doqquz ayı ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Prezident sarayında, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Prezident Möhtərəm cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.
Dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, “2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olmuşdur. Tarixdə bəlkə də ən ağır illərdən biridir. Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir. Eyni zamanda, neft ölkələrində öz kontraktlarını icra edən digər ölkələr də əziyyət çəkir. Çünki o ölkələrin şirkətləri kontraktları daha az həcmdə icra edir və beləliklə, bu böhran o ölkələrə də mənfi təsir göstərir...
...Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk. Bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu öz işini yekunlaşdırdı. Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak etmişdir. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi.
Prezident cənab İlham Əliyev nitqində 26 sentyabrda keçirilən Ümumxalq səsverməsi - Referendumla bağlı öz fikirlərini söyləmişdir: “Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir. Bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişlər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Bu onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır...
Bu il bizim beynəlxalq mövqelərimiz möhkəmlənib. 15 ildir ki, Avropa Şurasında çalışırıq. Bir çox beynəlxalq təşkilatlarda Azərbaycana bir daha dəstək nümayiş etdirilib” – deyə cənab Prezident çıxışında bildirib.
Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək bildirmişdir ki, respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2016-cı ilin doqquz ayında bir çox işlər görülmüş və uğurlu nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
Rayon ərazisində bir çox təmir-tikinti, abadlıq, quruculuq işləri davam etdirilmişdir.
Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri aparılmışdır.
N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü, Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunmuşdur. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir edilmişdir.
Yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda həmin obyektlərdə tikinti işləri davam etdirilir.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, 27 avqust 2016-cı il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət nəticəsində rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına (əsasən Daşkəsən şəhərində çoxmərtəbəli binaların dam örtüklərinə ciddi ziyan dəymişdir), fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatına ziyan dəymişdir. Ziyanın artmasının qarşısını almaq məqsədilə rayonun daxili imkanları hesabına dəymiş zərərin aradan qaldırılması üçün aidiyyəti üzrə işlər görülmüşdür.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də Daşkəsən rayonunda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi, sosial layihələrin icrası nəzərdə tutulur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında həmçinin vurğulamışdır ki, çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daşkəsən rayonu 2016-cı ildə özünün inkişaf dövrünü yaşayır. Bu inkişaf kənd təsərrüfatı sahəsini də əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin edilməsi, bu istiqamətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən işlərin vəziyyətinin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 31 mart 2016-cı il tarixli 26 saylı sərəncamının icrası ilə əlaqədar işçi qrupunun iştirakı ilə Daşkəsən rayonunda 24 iyun 2016-ci il tarixdə yığıncaq keçirilmişdir. Yığıncaqda işçi qrupuna yığıncaq iştirakçıları tərəfindən bir sıra təkliflər verilmişdir.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı fəaliyyət göstərir. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər aparılır.
2016-cı ilin məhsulu üçün 641 ha sahədə taxıl səpilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə, kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə uzun müddətdir ki, müəyyən nöqsanlar mövcud olmuşdur. Həmin nöqsanların aradan qaldırılması üçün biz, İcra Hakimiyyəti olaraq müvafiq, lazımi tədbirlər görmüşük.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Möhtərəm cənab Prezidentin 26 may 2016-cı il tarixli sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinə yeni sədr təyin edilmişdir.
Hazırda “Çovdar” qızıl mədəninin işə salınması üçün müvafiq hazırlıq işləri görülür və orada yerli əhali işlə təmin olunacaqdır.
Bildiyiniz kimi, “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, yerlərdə mövcud problemlərin həlli o cümlədən, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin yenidən formalaşıb müasir modeldə işə salınması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Müəssisənin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti nazirliklər və qurumlar qarşısında məsələ qaldırılırdı. Bu müəssisə işə düşdükdən sonra Daşkəsən rayonunda olan işsizlik problemi həll olunacaq, rayonumuza iqtisadi gəlir gətirəcək.
Hazırda rayonumuzda olan bəzi idarə və qurumların struktur dəyişiklikləri ilə bağlı yəni, regional qurumlarının yaradılması Daşkəsəndə işsizliyin səviyyəsinin daha da artmasına səbəb olur.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil olunan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilərək satışa çıxarılmışdır.
Belə ki, Daşkəsən rayonunun dotasiyadan asılı olmasının başlıca səbəbi rayon ərazisində fəaliyyət göstərən “Daşkəsən Filizsaflaşdırma” müəssisəsi və digər idarələrin gəlirlərinin mərkəzləşmiş gəlirlərə daxil olmasıdır.
Bildiyiniz kimi, Daşkəsən rayonu “Daşkəsən Filizsaflaşdırma” ASC-nin bazasında yaranmış, vaxtilə sənaye rayonu kimi fəaliyyət göstərirdi.
Çox böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında demişdir: “Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim zəngin milli sərvətimiz olan Daşkəsən filiz yataqları kimi resurs bazamız var. Nazırda bu gün o yataqlardan çox səmərəsiz istifadə olunur, çıxarılan filiz sadəcə olaraq xammal kimi xaricə satılır. Yaxın vaxtlarda biz o sahənin işini təmin edə bildik. Əfsuslar olsun ki, orada aylarla iş aparılmırdı.
Rayonda insanlar işsiz qalmışdılar, böyük borclar yaranmışdı. İndi orada sağlamlaşma prosesi gedir və biz bu böyük təbii resursdan çox səmərəli şəkildə istifadə etməliyik. Buna görə, bir neçə zavoddan ibarət olacaq yeni böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bu rayona böyük vəsait qoyulacaq və biz elə etməliyik ki, xammaldan son ən keyfiyyətli məhsula qədər Azərbaycanda istehsal olunsun və əminəm ki, istehsal olunacaq”.
Məhz rayonumuzun bu ciddi problemli məsələsi ilə bağlı möhtərəm Prezidentimizin Nazirlər Kabinetinə aidiyyəti üzrə qarşıda duran vəzifə kimi tapşırıq verməsi ilə filiz yataqlarının bazasında yeni Filizsaflaşdırma kompleksinin tikilib gələcəkdə səmərəli istifadə olunmasına, rayonda işsizliyin aradan qaldırılmasına, iqtisadi gəlirin əldə olub əhalinin vəziyyətinin yaxşılaşmasına və rayonumuza göstərdiyi diqqət və qayğıya görə bütün daşkəsənlilər adından və şəxsən öz adımdan ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Bilirsiniz ki, Daşkəsən rayonunun yerli büdcəsi hər il olduğu kimi 2016-cı ildə də 75,10% dotasiya ilə - mərkəzləşmiş xərclərdən ayrılan vəsait hesabına formalaşmışdır.Bu göstərici 2017-ci il üçün 28,66% təşkil edəcəkdir.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin yenidən müasir formada işə salınması nəticəsində bu müəssisənin ayrı-ayrı tədiyyələr üzrə vergilərinin yerli büdcəyə daxil olması ilə nəinki, Daşkəsən rayonunun yerli büdcəsinin mərkəzləşmiş büdcədən asılılığı sıfıra enəcək, hətta Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşmiş gəlirlərinə böyük məbləğdə əlavə vəsaitlərin ödənilməsinə səbəb olacaqdır. İnanın ki, bununla Daşkəsən inkişaf etmiş, pilot bir rayon olacaqdır.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 03 oktyabr 2016-cı il tarixli məktubu ilə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə yaradılacaq müsabiqə komissiyasının tərkibinə daxil edilməsi üçün Daşkəsən rayon İcra Hakimiyyətindən nümayəndə ayrılması xahiş olunmuş və bununla bağlı Daşkəsən rayon İcra Hakimiyyəti Aparatı komissiyanın tərkibində birgə çalışacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev 2016-cı ilin doqquz ayı ərzində rayon ərazisində mövcud olan digər idarə və təşkilatların fəaliyyəti barədə geniş məlumat vermiş, Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərindən danışmışdır. Bildirmişdir ki, bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
06 iyun 2016-cı il tarixdən 05 iyul 2016-cı il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyari olaraq xidmət göstərmişdir. “ASAN xidmət”in xidmətlərindən 3249 nəfər rayon sakini yararlanmışdır.
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, ötən dövr ərzində rayonun Zağalı kəndində 82 abonent təbii qazla təmin olunmuş, Xoşbulaq kəndində isə təbii qaz xəttinin çəkilişi davam etdirilmişdir.
Cari ilin keçən dövrü ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər keçirilmişdir. Daşkəsən şəhərinin yaradılmasının 68-ci ildönümü və Novruz bayramı münasibətilə rayon mərkəzində və “N” saylı hərbi hissənin əsgərləri ilə möhtəşəm tədbirlər keçirilmişdir.
20 sentyabr 2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucovun iştirakı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin xüsusi fərqlənmə plaketi Daşkəsən Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.
Rayon İcra hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Ümumxalq Səsverməsi – Referenduma toxunmuşdur. Bildirmişdir ki, Referendum Daşkəsən rayonunda yüksək səviyyədə, tam ədalətli, demokratik şəraitdə keçirilmiş, ümumi seçiçilərin 65,6 faizi referendumda fəal iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
08 fevral 2016-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov rayon sakinləri ilə görüş keçirmişdir.
2016-cı ilin iyunun 9-da “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) hörmətli Elmira xanım Süleymanovanın iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov 2016-cı il avqustun 29-da Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri hörmətli Zeynal Nağdəliyev cənablarının 01.02.2016-cı il tarixli məktubuna əsasən Rayon İcra Hakimiyyəti Başçısının 03.02.2016-cı il tarixli 08 saylı sərəncamı ilə qərargah yaradılmış, Rayon İcra Hakimiyyəti ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və qaynar xətt vasitəsilə daxil olan məlumatlar əsasında təkliflərin hazırlanması, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirməsi və görülən işlər barədə məlumatların hər ayın 1-də və 15-də qərargah tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilir.
Oktyabrın 7-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz hörmətli cənab İlham Əliyev yekun nitqində demişdir: “Bizim yolumuz açıqdır. Biz bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışının sonunda yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, qarşımızda çox məsul və şərəfli vəzifələr durur. İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!
Azərbaycan xalqının əvəzsiz lideri dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev və RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışmışlar.
Yığıncağın sonunda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi oxunmuş, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü