Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi Yanğın texnikalarını və xilasetmə avadanlıqlarını rayon ictimaiyyətinə nümayiş etdirmişdir
11 oktyabr tarixində Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Texnikası şöbəsinin illik tədbirlər planına uyğun olaraq rayon Dövlət Yanğın Mühafizə Hissəsinin həyətində texnikalarının və xilasetmə avadanlıqlarının baxış-təlimini keçirmişdir.
Maarifləndirmə tədbirində rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon Gənclər və İdman İdarəsinin işçiləri, rayon Təhsil şöbəsinin metodistləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Xanlar Süleymanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və avadanlıqları, xilasetmə vasitələri, onların təyinatı, yanğından mühafizə hissəsinin gündəlik iş fəaliyyəti barəsində ətraflı məlumat vermişdir.
Şərti həyəcan siqnalından sonra yanğın texnikalarının və xilasetmə avadanlıqlarının nümayişinə başlanmışdır. Keçirilən baxış-təlimin gedişatı boyunca yanğınsöndürmə avtomobillərinin və vasitələrinin təyinatı və tətbiq olunma qaydaları haqqında məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, fövqəladə hallar zamanı insanların təxliyə olunması əyani olaraq nümayiş etdirilmişdir.
Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini, daxili xidmət baş leytenantı Seymur Həsənov yanğınsöndürmənin ən çətin və şərəfli peşələrdən biri olduğu qeyd edərək bildirmişdir ki, bu sahədə çalışanlar təhlükəsizlik texnikasının təmin edilməsi və sağlamlığın qorunması üçün bir sıra kompleks tədbirləri yerinə yetirməlidirlər. Həmçinin xidməti vəzifələr icra olunarkən zərərli təsirlərin qarşısının alınması üçün bütün gigiyenik və sanitar-texniki tədbirlər həyata keçirilməlidir.
Yanğınların söndürülməsi, yanğınlarda xüsusi işlərin aparılması zamanı təhlükəsizlik tələbləri, eləcə də yanğın avtomobillərinin və qoşqularının, elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları haqqında rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Xidmət üzrə rəis müavini, daxili xidmət mayoru Uğur Ələkbərov da ətraflı məlumat vermişdir.
Baxış-təlimdə çıxış edən rayon İcra Hakimiyyətinin məsul işçisi, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev əvvəlcə bütün tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin adından salamlamış, 10 oktyabr Yanğınsöndürənlərin peşə bayramı günü münasibəti ilə rayon Dövlət Yanğın Mühafizə Hissəsinin bütün şəxsi heyətini təbrik etmiş və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Yanğın təhlükəsizliyi qurumlarının maddi-texniki, hüquqi bazasının möhkəmləndirilməsində, yanğın təhlükəsizliyi sistemi üçün milli kadrların yetişdirilməsində, sənayedə və kənd təsərrüfatında yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi üçün hökumət qərarlarının qəbul edilməsində, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açan E.Əliyev 1969-1982-ci illərdə, həmçinin ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz dövrdə ulu öndər Heydər Əliyevin qayğısı sayəsində əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu xəttin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Elmar VÜQARLI