Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

20 sentyabr – Azərbaycanda Neftçilər Günüdür

20 sentyabr 2024 | 09:30

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 30 il ötür.

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm tarixi gündür. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalanmışdır. Bu kontraktlar Azərbaycanın neft və  iqtisadiyyat tarixinin yeni şanlı səhifəsini açdı.

Azərbaycan ilk dəfə idi ki, 8 ölkəni təmsil edən dünyanın məşhur 13 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı.

Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmişdir. Neft sənayesinə dövlət qayğısının ilbəil artması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu şərəfli peşə sahiblərini yeni-yeni nailiyyətlərə ruhlandırır.

2017-ci il ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il kifayət etdi.

Bu uğurlar Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib.

Neftçi əməyini daim yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Fərmanına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur.

Bütün Azərbaycan neftçilərini ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 30 illiyi və 20 sentyabr – “Neftçilər günü” peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

Keçidlər