Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənin bütün ümumtəhsil məktəblərində ənənəvi “Bilik günü” qeyd edildi

15 sentyabr 2016 | 16:00

Bilik günü” münasibətilə tədbirlər rayonumuzun bütün ümumtəhsil məktəblərində böyük ruh yüksəkliyi ilə keçirilmişdir.

Şəhərimizdəki İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə də “Bilik günü” mütəşəkkil hazırlıqla keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Cavanşir Qocayev, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Qalib Sailov, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Üfət Abdiyeva yeni dərs ilinin başlaması münasibəti ilə məktəbin bütün müəllim kollektivini və şagirdləri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.

Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev də məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması – “Bilik günü” münasibəti ilə təbrik etmiş və çıxışında demişdir: “Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. Daşkəsənlilər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri vardır”. 
Cavanşir Qocayev qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısının nəticəsidir ki, rayonumuzun şagirdləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. "Bu il məzunlarımızdan 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə  qəbul  olunmaq üçün  ərizə vermişlər. İlkin məlumata görə, onlardan 76 nəfəri  ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas  məktəblərinə  qəbul olunmuşdur.  Ali məktəblərə  qəbul olunan  məzunlarımızdan 1 nəfəri 651 bal, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu göstərici ötən illərlə müqayisədə daha yüksəkdir” – deyə Cavanşir Qocayev vurğulamışdır.
  Daha sonra çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Daşkəsən rayonunda təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
***
  Yeni tədris ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta  məktəbdə də təntənəli şəkildə qeyd olunub.
Məktəbin direktoru Aybəniz Vəliyeva tədbiri açıq elan edərək hər kəsi salamlayıb və ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqları, həmçinin bütün təhsil sahəsində çalışan hər kəsi təbrik edib. O, təhsil ocağının tarixi barədə dolğun məlumat verərək qeyd edib ki, bu il məktəb özünün 60 illik yubileyini qeyd edir və məktəb haqqında Azərbaycan Dövlət Televiziyası xüsusi veriliş hazırlayaraq 12 sentyabr tarixində ölkə ictimaiyyətinə artıq təqdim etmişdir.
Aybəniz Vəliyeva ötən tədris ilində məktəbin əldə etdiyi uğurlar haqqında demişdir: “Ötən tədris ilində məktəbin şagirdləri keçirilmiş rayon və respublika səviyyəli tədbirlərdə bir-birinin ardınca qazandıqları parlaq uğurları ilə bizi sevindirib, etimadımızı yüksək səviyyədə doğruldublar. Ən əsası isə, məktəbimizin məzunları builki yüksək göstəriciləri ilə bizi bir daha fərəhləndirdilər. Belə ki, ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş  23 nəfər məzunumuzun 23-də tələbə adını qazanıb. Onlardan 1 nəfəri 651 bal, 6 nəfəri isə 500-dən çox bal toplayıb. 9-cu sinifdən isə 10 nəfər məzunumuzun 10-u da respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub. Bu, həqiqətən də, ürəkaçan nailiyyətdir. Əminəm ki, şagirdlərimiz bu tədris ilində də öz uğurları ilə bizi bir daha sevindirəcəklər”. 
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev də öz növbəsində məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb. O həmçinin təhsilə hərtərəfli dövlət qayğısından, ölkə başçısının apardığı məqsədyönlü təhsil siyasətindən danışıb.
“Bilik günü” daha sonra məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam edib.
***
S.Vurğun adına 4 saylı tam orta məktəbdə də  2016-2017-cı tədris ilinin başlanması bayram əhval-ruhiyyəsi ilə keçirilirdi. Birinci sinfə daxil olan şagirdlərin bəziləri sevincdən ağlayır, bəziləri isə məktəbli olmağından fərəhlənirdi. Valideynlər isə sevinc hislərini bir-birləri ilə paylaşırdı. Məktəbə ilk dəfə gələn birincilər öz şeir və arzularını bölüşür, məktəbli olmaqlarından qürur hissi keçirirdilər.  
“Bilik günü” ilə bağlı tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Naməddin Mirzəyev açdı. Naməddin müəllim şagirdləri, onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik etdi. Məktəbin tarixinə və bu gününə nəzər saldı. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə ali diqqət və qayğısının onların daha da yaxşı fəaliyyət göstərmələrinə stimul olduğunu bildirdi. Məktəbin direktoru bütün kollektivi adından onlara göstərdiyi hərtərəfli dəstəyə görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Mikayıl oğlu Abıyevə də dərin təşəkkür və minnətdarlıqlarını bildirdi. Daha sonra o qeyd etdi ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun təhsil sahəsində apardığı islahatlar, yeni tədris metodlarında səmərəli istifadə hər bir məktəbin işində uğurlara yol açır. Naməddin müəllim valideynlərin diqqətinə onu da  çatdırdı ki, 2016-2017-ci tədris ilində də məktəbin müəllim heyəti uşaqların hərtərəfli savadlı olması üçün bütün qabaqcıl metodlardan yararlanacaq, bilik və təcrübələrini uşaqların daha da mükəmməl elm qazanmalarına səfərbər edəcəklər.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi İlhamə Bayramova da çıxış edib. O, məktəb rəhbərliyinin hazırladığı “Bilik günü”nün əhəmiyyətindən söz açdı. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizdə uşaqların şəraitli binalarda mükəmməl təhsil almaları üçün hər cür şərait yaratdığını xüsusi olaraq qeyd etdi. Valideynlərə üzünü tutaraq valideyn-məktəb, valideyn-müəllim münasibətlərinin uşaqların  yüksək təhsil əldə etməsində olduqca vacib olduğunu və  zəruri əhəmiyyət kəsb etdiyini vurğuladı. Yeni tədris ilində övladlarının təhsilinə fikir verməyi valideynlərə tövsiyə etdi, müəllimlərə isə çətin və şərəfli peşələrində uğurlar arzuladı. Sonda birinciləri və valideynləri “Bilik günü” münasibəti ilə təbrik etdi.

Elmar VÜQARLI

Keçidlər