Daşkəsən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
07 sentyabr 2016-cı il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzinin binasında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Mirbaba Babayev və 300 nəfərdən çox rayon müəllimi iştirak edirdi.
Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə rayon mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yeni dərs ilinin başlanılması, eləcə də qarşıdan gələn Qurban bayramı münasibətilə bütün təhsil işçilərini təbrik edərək, konfransın işinə uğurlar arzuladı.
Daşkəsən rayon müəllimlərinin ali məclisində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ölkəmizdə aparılan sosial-iqtisadi inkişafa və siyasi sabitliyə görə Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.
Rayon təhsilinin əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söhbət açan Əhəd Abıyev sonra 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Ümumxalq səsverməsinin (Referendumun) vacibliyini qeyd edərək demişdir: “Bu il Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendum ölkəmiz üçün çox mühüm, çox lazımlı məsələdir. Bunu dərk etmək lazımdır ki, həm prezidentin səlahiyyət müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi, digər tərəfdən parlament seçkilərində yaş senzinin aradan qaldırılması, insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər məsələlər çox mühüm və müsbət addımlardır. Çünki bu gün Azərbaycan iqtisadiyyatının ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal, daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu nitqindən sonra RİH Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov çıxış edərək bildirmişdir :
- Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə ölkənin bütün sahələrində, eləcə də təhsil sahəsində böyük nailiyyətlər qazanılmışdır.
Ölkə başçısının təhsilə olan ali diqqət və qayğısı respublikamızın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Təkcə son beş ildə Quşçu, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən 6 yeni ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir olunmuşdur.
Rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Unudulmamalıdır ki, ucqar, dağlıq, çətin coğrafi relyef şəraitinə malik olan Daşkəsəndə təhsilin inkişafı üçün atılan hər bir addım ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına diqqət və qayğısının əyani göstəricisidir.
Rayonumuzda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə çox hörmətli möhtərəm cənab Prezidentimiz İlham Əliyevə bütün daşkəsənlilər adından bir daha da öz dərin minnətdarlığımızı bildiririk.
Bu gün təhsil sisteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal, təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim üsullarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir. Buna görə də hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, peşəkarlıq səviyyəsini durmadan artırmalıdır.
Namiq Süleymanov daha sonra bildirmişdir ki, kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə, həmçinin məktəb direktorlarına tapşırıram ki, rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrlarına məişət şəraitinin yaradılmasında lazım olan köməkliyi göstərsinlər, bu sahədə bizə yardımçı olsunlar. Gənc müəllimlər üçün elə bir şərait yaratmalıyıq ki, onlar rayonumuzda həmişəlik qalıb işləsinlər, gənc nəslin təlim və tərbiyəsində öz töhfələrini versinlər.
Qeyd etməliyəm ki, 2015-2016-cı dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 278 nəfər 9-cu və 261 nəfər 11-ci sinif şagirdinin hamısı ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat almışdır.
Bu il məzunlarımızdan 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. İlkin məlumata görə, onlardan 76 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 651 bal, 8 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu göstərici ötən illərlə müqayisədə daha yüksəkdir.
Ötən dərs ilində uğurlarımızla yanaşı, nöqsanlarımız da olub. Rayon təhsil şöbəsinin təhsil müəssisələrinə zəif rəhbərlik və nəzarəti nəticəsində rayonun bir sıra ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti aşağı düşmüş, son ildə 9-cu siniflər üzrə buraxılış imtahanlarında şagirdlərin 55 faizindən, 11-ci siniflərdə 48 faizindən çoxu qeyri-müvəffəq qiymət almışdır. Bəzi məktəblərdə dərsə davamiyyətin səviyyəsi aşağı olmuş, tədris-pedaqoji sənədlər düzgün aparılmamış, qanunsuzluqlara yol verilmişdir. Bir çox hallarda isə dərs bölgüsü müəllimlərin ixtisaslarına uyğun aparılmamış, hətta müəllimlər müsabiqədənkənar işə qəbul olunmuşlar. Fürsətdən istifadə edərək rayon Təhsil şöbəsinə, eləcə də məktəb direktorlarına tapşırıram ki, qarşıdangələn 2016-2017-cı dərs ilində öz vəzifələrinə daha da məsuliyyətlə başlasınlar, buraxılmış nöqsanlar aradan qaldırılsın, şagirdlərin təhsilə cəlb olunması istiqamətində işlərində dönüş yaratsınlar. Əgər bu kimi nöqsanlar qısa müddət ərzində aradan qaldırılmazsa, rayon rəhbərliyi tərəfindən işinə səhlənkar, məsuliyyətsiz yanaşan şəxslər barəsində çox ciddi tədbirlər görüləcəkdir.
Hamınıza məlum olduğu kimi bu ayın 26-da Ümumxalq səsverməsi (Referendum) seçkiləri keçiriləcəkdir. Biz inanırıq ki, həmişə olduğu kimi, bu seçkilərdə də rayonun çoxsaylı ziyalı müəllim ordusu nümunə göstərəcək, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti yüksək səviyyədə dəstəkləyəcəklər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının müavini Namiq Süleymanovun çıxışından sonra rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçirildiyi, rayonumuzda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi ölkəmizdə təhsil islahatının yeni, daha səmərəli mərhələsi başlamışdır.
Rayonumuzun bütün müəllimləri təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatları ürəkdən bəyənir. Milli təhsilimizin yüksək səviyyəyə çatdırılmasını təmin edən ölkə başçısının sərəncamlarını böyük rəğbətlə qarşılayır, bu sahədə qarşıya qoyulmuş vəzifələrin məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.
Respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
2015-2016-cı dərs ilində Rayon Təhsil Şöbəsinin tabeliyində 43 ümumtəhsil məktəb, o cümlədən 26 tam orta, 14 ümumi orta, 3 ibtidai, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Məruzəçi qeyd etmişdir ki, rayonun təhsil ocaqlarında gənc nəslin təlim tərbiyəsi ilə 571 nəfər müəllim məşğul olmuşdur ki, onlardan 377 nəfərini qadınlar təşkil edir. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 6 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər isə “Tərəqqi” medalına layıq görülmüşdür.
Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3257 nəfər şagird cəlb edilmiş, onlardan 1602 nəfəri şəhər və qəsəbə, 1655 nəfəri isə kənd məktəblərində təhsil almışdır. Dərs ili ərzində 216 nəfər şagird getmiş, 146 nəfər şagird gəlmişdir. Dərs ilinin sonunda şagirdlərin sayı 3187 nəfər olmuşdur.
Ötən dərs ilində rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Rayon İcra Hakimiyyətinin , şəxsən hörmətli Başçımız cənab Əhəd Abıyevin yaxından köməyi, daimi diqqəti və qayğısı sayəsində yeni məktəb binalarının tikintisi, ümumtəhsil məktəblərin əsaslı təmiri, təhsil ocaqlarının texniki-təlim vasitələri ilə təmin edilməsi sahəsində diqqətəlayiq işlər görülmüşdür.
Rayon Təhsil şöbəsinin müdiri daha sonra qeyd etmişdir ki, ümumtəhsil məktəblərində təhsil alan IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını Tələbə qəbulu üzrə Dövlət Komissiyası aparır. 2016-2016-cı dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 278 nəfər IX və 261 nəfər XI sinif şagirdinin hamısı ümumi orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestat almışdır.
Rayonun tam orta məktəb məzunlarından 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. İlkin məlumata görə onlardan 50 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 1 nəfəri 600-dən, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Əldə olunan uğurlardan danışan Nazim Verdiyev bu sahədə olan bəzi nöqsanların da olduğunu bildirmişdir. Vurğulamışdır ki, 2015-2016-cı dərs ilində IX siniflər üzrə buraxılış imtahanlarında iştirak edən 254 nəfər şagirddən 152 nəfəri Azərbaycan dili və ədəbiyyat və riyaziyyat fənnindən “2” qiymət almışdır. XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri də ürəkaçan olmamışdır.
Rayon Təhsil şöbəsinin müdiri təhsil ocaqlarında yuxarıda göstərilən nöqsanları və digər neqativ halları aradan qaldırmaq üçün xüsusi komissiya yaradıldığını bildirmişdir. Rayon Təhsil Şöbəsinin sifarişi əsasında Təhsil Nazirliyi tərəfindən keçən dərs ilində rayonumuza işləmək üçün müxtəlif ixtisaslara yiyələnmiş 12 nəfər gənc müəllim gəlmişdir.
2015-2016-ci tədris ilinin sənədləri vaxtında Təhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə 206 adda 14988 ədəd dərslik kitabı gətirilərək məktəblər arasında bölünmüşdür.
Məlum olduğu kimi, bu ilin 26 sentyabr 2016-cı il tarixdə Ümumxalq səsverməsi (Referendum) keçiriləcəkdir. Hazırda bu mühüm ictimai-siyasi kampaniyanı uğurla başa vurmaq üçün ciddi hazırlıq işləri həyata keçirilməkdədir. Həmişə olduğu kimi, rayonumuzun çoxsaylı müəllimlər ordusu Respublika parlamentinə layiqli namizədlərin seçilməsi üçün fəal təbliğat və təşviqat işlərinə qoşulmuşdur.
Daşkəsən rayon Təhsil şöbəsinin müdiri qeyd etmişdir ki, rayonumuzun bütün sakinləri kimi müəllimlərimiz də ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiq olan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xarici və daxili siyasətini ürəkdən dəstəkləyərək Referendumun uğurla başa çatması üçün bütün imkanlarını səfərbərliyə alacaqlar.
İcazə verin, Daşkəsən Rayon İcra Hakimiyyətini, şəxsən İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi , Azərbaycan Respublikası Təhsil Nazirliyini əmin edim ki, rayonumuzun təhsil müəssisələrində çalışan bütün pedaqoji işçilər 2015-2016-cı tədris ilində yeni tələblər səviyyəsində işləyəcək, köhnə iş üsullarına birdəfəlik son qoyacaq, şagirdlərin təlim-tərbiyəsinə, onların gələcək inkişafına yeni meyarlarla yanaşacaq, milli təhsilimizin gələcək uğurları üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Daşkəsən rayon müəllimlərinin ənənəvi sentyabr konfransında Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Nahidə Həsənova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin müəllimi Tahirə Həsənova, Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov və Respublika Təhsil Nazırliyinin məsul işçisi Mirbaba Babayev çıxış etmişlər.
Onlar da öz çıxışlarında yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmiş, ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmış, bütün müəllimlərə uğurlar arzulamışlar.
Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.