Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda təbii fəlakət baş vermişdir

27 avqust 2016 | 16:00

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olmuş, zərər çəkmiş sakinlərlə görüşmüşdür. Sakinlərlə görüş zamanı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev güclü ziyan dəymiş binalarla bağlı problemli  məsələlərlə yerindəcə tanış olmuş, çıxış edərək demişdir:
“Son  bir neçə illər ərzində rayon ərazisində belə güclü külək müşahidə olunmayıb. Rayon Hidrometeorologiya stansiyasının verdiyi rəsmi məlumata görə küləyin sürəti saniyədə 33-37 m təşkil etmişdir. Ötən gecə 20-00 radələrində yağış ilə müşaiyət olunan güclü külək əsməsi rayon mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər mərkəzi çoxsaylı yaşayış məntəqələrində sosial-inzibati binalara, rayonun elektrik, rabitə təsərrüfatına güclü ziyan vurmuşdur.
Səhər 05-00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Hazırda rayonun digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır. Hələlik bütün bunlar rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyi ilə yerli Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcmini müəyyənləşdirərək, dəyən bu ciddi ziyan qısa müddətdə aradan qaldırılacaqdır.
Birmənalı olaraq qətiyyətlə deyə bilərəm ki, həmişə belə çətin vəziyyətlərdə olduğu kimi Nazirlər Kabinetinin rəhbərliyi, respublikamızın aidiyyəti üzrə qurumları, xüsusilə Fövqəladə Hallar Naziri hörmətli cənab Kəmaləddin Heydərov, Maliyyə Naziri cənab Samir Şərifov, İqtisadiyyat Naziri cənab Şahin Mustafayev öz lazımi köməkliklərini, inanıram ki, göstərəcəklər.”
Qeyd edək ki, Daşkəsən rayonu ərazisində 26 avqust 2016-cı il tarixdə saat 20-00 radələrində baş vermiş təbii fəlakət, yağış ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və sosial-inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına ziyan dəymişdir.
Xüsusilə Daşkəsən şəhər S.Vurğun küçəsi 15, Ş.İ.Xətai küçəsi 3 nömrəli yaşayış  binalarının  dam örtüyünə olduqca  ciddi ziyan dəymiş, güclü külək həmin binaların dam örtüyünü  tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə  binanın üstündən atmışdır.
Təbii fəlakət zamanı xəsarət alan olmamışdır.
Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Aidiyyəti üzrə müvafiq qurumlara müraciətlər olunmuş, daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Keçidlər