Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda altı ayın yekunu uğurla başa çatmışdır

01 avqust 2012 | 15:00

Iyul ayının 31-də Daşkəsən rayonunda ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Yığıncaqda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev geniş məruzə ilə çıxış etmişdir. Başçı bildirmişdir ki, ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin sədrliyi ilə iyulun 11-də Prezident sarayında, Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Yaxşı məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və dövlətçilik strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə yaranmış sosial-iqtisadi sabitlik, iqtisadiyyatın dinamik inkişafı bütün sahələrdə tərəqqiyə səbəb olmuş və respublikamız regionun lider dövlətinə çevrilmişdir.
Qeyri-neft sektorunun inkişafına yönəlmiş dövlət dəstəyi, azad sahibkarlığın genişləndirilməsinə yaradılan münbit şərait, habelə daxili bazarın qorunması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatı öz inkişaf tempini qoruyub saxlamışdır. Son illər dünyanı bürüyən iqtisadi maliyyə böhranının davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatının durmadan inkişaf etməsi ölkəmizdə aparılan islahatların məntiqi nəticəsidir.
İclasda çıxış edən cənab Prezident bildirmişdir ki, 2012-ci ilin birinci yarısında ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmış, qeyri-neft sektorunda isə bu göstərici 11,3 faiz olmuşdur.
Birinci üç ayda investisiyaların həcmi 4,3 milyard dollar təşkil etmişdir. Hazırda hesablanmaqda olan altı ayın investisiya rəqəmləri də bu sahədə müsbət göstəricilər olduğuna dəlalət edir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyasının həcmi 30 faiz artmışdır.
Makroiqtisadi vəziyyətin çox sabit olduğunu vurğulayan dövlət başçısı inflyasiyanın cəmi 2,2 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14,2 faiz artdığını qeyd etmişdir.
Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır ki, bu da son illər üçün rekord göstəricidir. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri əlbəttə ki, bundan sonra da kənd təsərrüfatının inkişafına daha böyük təkan verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti vurğulamışdır ki, bölgələrdə regional inkişaf proqramı uğurla icra edilir. Ötən dövr ərzində 46000 yeni iş yeri açılmışdır ki, onlardan 37000-i daimi iş yeridir. Bununla bərabər əmək bazarına nəzarət daha da güclü olmalıdır.Çünki xüsusilə son 4 il ərzində Avropada maliyyə böhranı davam edir, Azərbaycan isə nadir inkişaf templərini nümayış etdirir. Bu səbəbdən də ölkəmizə gəlmək, işləmək istəyənlərin sayı artır. Bütün lazımı tədbirlər görülməlidir ki, ilk növbədə Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələsi həll olunsun. Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5,4 faizdir ki, bəzi hallarda bu rəqəm həqiqəti əks etdirmir.Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə tikintidə işləyənlər maaş alanlar vardır. Bu sahədə şəffaflığın tam şəkildə təmin edilməsi ölkə büdcəsinə, o cümlədən pensiya fonduna daha böyük vəsaitin daxil olunmasına şərait yaradacaqdır.

“Regionlarda gedən quruculuq-abadlıq işləri ənənəvi xarakter daşıyır. Mən bölgələrdə mütəmadi qaydada oluram və hər dəfə yeniliklər görəndə sevinirəm. Deyə bilərəm ki, rayonlar arasında sağlam raqabət gedir. Həm rayon rəhbərləri, eyni zamanda ictimaiyyət, əlbəttə hər bir rayon sakini istəyir ki, onun rayonu daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz bu meylləri gücləndiririk və Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin mütləq əksəriyyəti bölgələrin inkişafına yönəlibdir” bildirən cənab Prezident sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu deyir.
Bu ilin yadda qalan hadisələrindən biri də sovet dövründən qalmış əmanətlərin kompensasiyasıdır. 2 milyon 400 min əmanətçinin əmanətlərinin qaytarılması aparılan sıyasətin sosial xarakterini və sosial ədalət prinsiplərini gücləndirmək məqsədi daşıyır. Eyni zamanda ünvanlı sosial yardım proqramı icra edilir ki, hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir və 143 min ailə ünvanlı sosial yardım alır. Bu da ölkəmizdə aparılan sosial siyasəti gücləndirən başqa bir amildir.
Azərbaycanın beynəlxalq mövqeləri son alti ayda daha da güclənmişdir. Belə ki, bu ilin may ayında Azəbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu tarixi hadisədir. Dünyanın bir nömrəli təşkilatına Azərbaycanın bir ay ərzində sədrlik etməsi ölkəmizin artan nüfuzunu və gücünü əks etdirir. Təhlükəsizlik Şurasıının yeni üzvü kimi Azərbaycan bünün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirir, ədalətli və beynəlxalq hüququ müdafiə edir.
Cənab Prezident mövcud vəziyyətə dair Azərbaycan-Ermənistan Dağlıq Qarabağ məsələlərinə münasibət bildirərək daha sonra qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının Prezidenti, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatçılar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan ediblər. “Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir” deyən cənab Prezident bildirmişdir ki, belə olan halda danışıqlar prosesində müsbət meyllər daha da güclənəcək və məsələ tezliklə öz həllini tapacaqdır.
Azərbaycan, nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə cevrilir. Əlbəttə ki, ölkəmizin iqtisadi və maliyyə, eyni zamanda siyasi resursları məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaqdır.
Bu gün ölkəmizin həm iqtisadiyyatı, həm valyuta ehtiyatları, həm də əhalisi artır. Son məlumatlara görə Azərbaycanın əhalisi 9,3 milyon nəfərə catmışdır. Rəsmi statistikaya görə ilin birinci beş ayında Ermənistanı 80 min nəfər həmişəlik tərk etmişdir. İlin sonuna qədər bu rəqəm təxminən 170-200 minə çatacaqdır ki, bir neçə ildən sonra , ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcəkdir.
İqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız imkan verir ki, Azərbaycanda indikindən iki dəfə çox əhali işlə təmin edilsin və bütün şərait yaradılsın. Ermənistan rəhbərlərinin yanaşması ondan ibarətdir ki, əhalisinin sayı azalsın və hökumətin üzərinə düşən yük də yüngülləşsin. Çünki orda heç bir perspektiv yoxdur. Azərbaycan hökumətinin isə yanaşması tam başqadır. Cənab Prezident qətiyyətlə vurğulamışdır ki, bizim iqtisadiyyatımiz, sənaye gücümüz və siyasi iradəmiz diqtə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndində qaldıracağıq, - bu , ümumiyyətlə, gələcək üçün lazımdır.
2012–ci il Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən çox müsbət idi və bu, bizə imkan verirdi ki, ümumiyyətlə, 2012–ci ili Azərbaycan iqtisadiyyatı üçün növbəti uğurlu il kimi qiymətləndirək.Altı ayın yekunları bu fikirləri bir daha təsdiqləyir. Çünki altı ayda ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir, sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət göstərilir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir.
Ölkəmizdə əldə olunan uğurlar biz daşkəsənliləri də sevindirir, yeni-yeni ehtiyatlar hərəkətə gətirməyə, daxili imkanlardan daha səmərəli istifadə etməyə ruhlandırır. Ən başlıcası odur ki, ötən altı ay ərzində daşkəsənlilər arasında möhtərəm Prezidentimizin daxili və xarici siyasətinə möhkəm ideoloji təminat yaradılmışdır.İqtisadi göstəricilərimiz də uğurlu olmuşdur. 2012-ci ilin 6 ayı ərzində Daşkəsən rayonun sosial-iqtisadi inkişafı üzrə bir çox işlər görülmüşdür. Belə ki, ümumi məhsul buraxılışı 22 milyon 214 min 100 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12,5% çoxdur. O cümlədən, göstəricilər sənaye üzrə 13%, kənd təsərrüfatı üzrə 8%, tikinti üzrə 34,9%, nəqliyyat üzrə 6,4%, rabitə üzrə 7%, ticarət və ictimai-iaşə xidmətləri üzrə 14,7% çox olmuşdur. 2012-ci ilin 6 ayı ərzində sənaye müəssisələrinin işçilərin orta sayı 589 nəfər olmuşdur. Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 349,2 manat təşkil etmişdir. Daşkəsən rayonunda əhalinin sayı 01.07.2012-ci il tarixə 33 min 285 nəfər olmuş, əhali 74 nəfər artmışdır.
2012-ci ilin 6 ayı ərzində rayonda 465 aztəminatlı ailəyə (1915 ailə üzvünə) Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünədəstək” pilot layihəsi əsasında Daşkəsən rayonunda 15 ailəyə 19 min manat məbləğində yardım verilmişdir. Həmin layihə özünü doğruldarsa gələcəkdə digər ailələrə də yardım verilməsi nəzərdə tutulur.
Həmin dövrdə rayonda 150 iş yeri yaradılmışdır.
2012-ci ilin 6 ayı ərzində istifadə olunmuş elektrik enerjisinin əhali qrupu üzrə dəyərinin ödənilməsi 91,5 % təşkil etmişdir. Keçən ilin 6 ayında bu göstərici 87,3 % təşkil etmişdir.
Ümumi ödəmə üzrə isə bu göstəricilər müvafiq olaraq 85,42 %, 69,32 % olmuşdur.
2012-ci ilin 6 ayı ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının, elektrikverici xətlərinin dəyişdirilməsi və təmiri üzrə bir sıra işlər görülmüşdür.

Belə ki, 8 ədəd transformator təmir edilmiş, 16 ədəd dayaq dəyişdirilmiş, 37 ədəd əyilmiş dayaq düzəldilmiş 1,65 km elektrikverici xətlərində təmir işləri aparılmış, 30 ədəd izolyator və 480 metr yararsız naqil yeni naqillə əvəz olunmuş, 400 metr kabel çəkilmiş və transformatorlara 1500 kq transformator yağı əlavə olunmuşdur.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6 kilovoltluq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikintisinə başlanmışdır.
İcra Hakimiyyətinin Başçısı rayonda Qaz İstismar Sahəsinin, Sukanal idarəsinin, Telekommunikasiya Qovşağının gördüyü işlər barədə ətraflı məlumat vermiş, həmin sahələr üzrə qarşıda duran vəzifələrlə bağlı fikirlərini, mövcud vəziyyətə uyğun irad və təkliflərini bildirərək qeyd etmişdir ki, 2012-ci ilin 6 ayı ərzində 22 saylı Yol İstismar idarəsi tərəfindən də bir sıra işlər həyata keçirilmişdir. Belə ki, yolların saxlanması və təmiri üzrə 397 min 300 manatlıq iş görülmüşdür.
Rayonun yollarının, körpülərinin təmiri üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə kompleks layihə təklifləri təqdim olunmuşdur.
Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat ayrılmışdır.
Bu, ölkə başçısı cənab Prezidentimizin rayonumuzun inkişafına diqqət və qayğısının əyani təzahürüdür. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılmış və hazırda davam etdirilir.
İcra Hakimiyyətinin Başçısı nitqinə davam edərək bildirmişdir ki, Daşkəsən rayonunda aqrar sahənin inkişafına daimi diqqət və qayğı göstərilir. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq təsərrüfatları, 1 damazlıq arıçılıq və 1 damazlıq mal-qara təsərrüfatı vardır. Gələcəkdə toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 6 kənddə (Quşçu, Mollahəsənli, Əmirvar, Bayan, Qabaqtəpə və Qaraqullar kəndlərində) süni mayalama məntəqələri fəaliyyət göstərir. Süni mayalama texnikləri tərəfindən 2012-ci ilin 6 ayı ərzində 34 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 16 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması nəzərdə tutulmuşdur.
Rayonda fəaliyyət göstərilən hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfatlara 2009-2010-cu illər ərzində 30 baş damazlıq düyə gətirilmişdir. Həmin düyələrdən 48 baş buzov alınmışdır. Gələcəkdə başqa təsərrüfatlara da damazlıq düyələrin gətirilməsi üçün hazırlıq işləri görülür.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq arıçılığın inkişafı üçün tədbirlər davam etdirilmişdir.Ümumilikdə rayonun kənd təsərrüfatının (heyvandarlıq, əkinçilik, arıçılıq) sürətli inkişafı üçün uzun müddətli, aşağı faizli kredit ayrılması üzrə geniş, irimiqyaslı tədbirlər eyni zamanda turizm və atçılığın inkişafı üzrə həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə qurumlara müraciətlər olunmuş, təkliflər irəli sürülmüşdür.
Möhtərəm cənab Prezidentimiz tərəfindən kənd təsərrüfatının inkişafı üzrə verdiyi tapşırıqların bundan sonra da yerinə yetirilməsi üçün bütün tədbirlər görüləcəkdir.
Cari ilin 6 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının və Rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür.
Natiq məruzəsində daha sonra qeyd etmişdir ki, Kommunal Müəssisələr Kombinatının maddi texniki bazasının möhkəmləndirilməsi üçün müəssisəyə 1 ədəd yeni zibil daşıyan avtomaşın və 70 ədəd zibil yeşikləri ayrılmışdır. Daşkəsən şəhəri Nizami küçəsi 16, 20 və 21 saylı çoxmərtəbəli yaşayış binalarının şifer dam örtüyü metal kirəmitlə əvəz olunmuş, hazırda başqa binalar üzrə bu işlər davam etdirilir. S.Vurğun küçəsində 8 min 232 m2 asfalt örtüyü əsaslı təmir olunmuş, şəhərin girəcəyindəki dairədə və şəhərin küçələrindəki istinad divarlarının təmir-bərpası üzrə işlər davam etdirilir.Şəhərin işıqlandırma sisteminin yaxşılaşdırılması üzrə işlər aparılır.
Şəhərin müxtəlif sahələrini əhatə edən irimiqyaslı tikinti, yenidənqurma, təmir-bərpa işlərinin aparılması üzrə mütəxəssislər tərəfindən kompleks layihə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Hazırda bu sahədə hazırlıq işləri davam etdirilir.
Yaşayış məntəqələrində abadlıq işlərinin görülməsi, səliqə-səhman yaradılması üzrə tədbir görülür, vaxtaşırı olaraq iməciliklər keçirilir.
Mövcud problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması məqsədilə yaşayış məntəqələrində vətəndaşların səyyari qəbulları və sakinlərlə görüşlər keçirilir.
2012-ci ilin 6 ayı ərzində “Daşkəsən Filizsaflaşdırma” ASC və Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni də öz fəaliyyətlərini davam etdirmişdir.
Çovdar qızıl zavodunun tikintisinə başlanılmışdır. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın istifadəyə verilməsi 300 nəfərdən artıq işsiz əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır.
Daşkəsən rayonunda Gənclərin təlim və istirahət mərkəzinin tikintisinə başlanılmış və hazırda nəzərdə tutulan işlər davam etdirilir.
Bayan kəndində və Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binalarının və Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Əmirvar-Əhmədli, Muşavaq və Mollahəsənli kəndlərində yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və tikinti işlərinin başlanması üçün hazırlıq işləri görülür.
Quşçu kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi, Əmirvar kəndində 360 şagird yerlik məktəbin və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir olunması üçün layihə-smeta sənədləri hazırlanmış və həmin sahədə işlərə başlanılmışdır. Daşkəsən rayonu tikinti meydançasını xatırladır. Rayon üzrə 14 yerdə tikinti, bərpa və yenidənqurma işləri aparılır.
İcra Hakimiyyətinin Başçısı onu da bildirmişdir ki, cari ilin 6 ayı ərzində rayonda əlamətdar tarixi hadisələrlə bağlı bir sıra mədəni – kütləvi tədbirlər həyata keçirilmişdir.
Yerlərdə qanunvericilik qaydalarına əməl olunmasının təmin edilməsi, əmək, icra intizamının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilmişdir.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
O, daha sonra qarşıda duran işlərlə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər planında Daşkəsən rayonuna aid 20 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 2-si ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə Daşkəsən rayonu bölmələrində nəzərdə tutulmuşdur.Həmin tədbirlərdən 19-nun əsas icraçısı Nazirliklər və Səhmdar Cəmiyyətləri olduğuna görə nəzərdə tutulan görüləcək işlər barədə rayon İcra Hakimiyyətinə lazımi məlumatların verilməsi üçün aidiyyəti üzrə həmin Nazirliklərə və Səhmdar Cəmiyyətlərinə məktublar göndərilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata əsasən Dövlət əsaslı vəsait qoyuluşu üzrə gələcək illərdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Daşkəsən rayonunda əlil və şəhid ailələri üçün yeni yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata əsasən aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.
- Rayonun 3 yaşayış məntəqəsində poçt şöbəsi binasının tikintisi (2010-2012-ci illər). Rayonun Dəstəfur, Quşçu və Əmirvar kəndlərində yeni poçt binaları 2010-cu ildə tikilərək istifadəyə verilmişdir.
- Rayon Radio-Televiziya Yayımı Stansiyasında 1 ədəd 2 kilovoltluq FM vericisi 2010-cu ildə quraşdırılmışdır. Rayonun kəndlərində mövcud olan Avtomat Telefon Stansiyalarının Elektron Avtomat Telefon Stansiyalarla əvəz olunması.
Rayonun Əhmədli, Dəstəfur və Zəylik kəndlərində olan Avtomat Telefon Stansiyalar 2010-cu ildə rekonstruksiya edilərək müasir tipli Elektron Avtomat Telefon Stansiyalarla əvəz olunmuşdur.
«Azərsu» Səhmdar Cəmiyyəti «Birləşmiş Sukanal» Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi məlumata əsasən Daşkəsən rayonu üzrə aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulduğu bildirilmişdir.
- Daşkəsən şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması (2009-2010-cu illər). Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə»nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir. Bu günlərdə son geodezik topoqrafik ölçmə işləri başa çatdırılmışdır.
- Kəndlərin su təchizatının yaxşılaşdırılması (Quşçu, Quşçu qəsəbə, Quşçu körpü, Bayan, Yuxarı Daşkəsən, Alunitdağ qəsəbəsi) (2010-2013-cü illər)
- Uzunluğu 22km olan Xoşbulaq-Daşkəsən içməli su kəmərinin yenidən qurulması (2010-2013-cü illər)
- Əmirvar, Qazaxlı, Gurbulaq, Zəylik, Muşavaq, Kəmərqaya, Aşağı Daşkəsən, Zinzahal, Dəstəfur, Qıyıqlı, Qaraqollar, Alaxançallar, Zağalı, Xoşbulaq, Qazaxyolçular, Çıraqlı, Mollahəsənli, Qabaqtəpə, Rəsullu, Pirverdilər, Təzəkənd və Astaf kəndlərinin su təchizatının bərpa olunması (2010-2013-cü illər)
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən 2009-2013-cü illərdə Daşkəsən rayonunda aşağıdakı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulur.
- 80 çarpaylıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi –tikinti işləri başa çatdırılaraq 2011-ci ildə istifadəyə verilmişdir.
- Yuxarı Daşkəsən qəsəbəsində həkim məntəqəsinin tikintisi (icra tarixi müəyyənləşdirilməmişdir)
- Zağalı, Əhmədli, Zivlən, Çanaqçı və Çıraqlı kəndlərində tibb məntəqəsinin tikintisi (icra tarixi müəyyənləşdirilməmişdir)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən Daşkəsən rayonunda Gənclər Üçün Təlim və İstirahət Mərkəzinin tikintisi. Hazırda tikinti işləri davam etdirilir.
- Gənclər evinin və idman zalının tikintisi 2012-2013-cü illərdə nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində icrası planlaşdırılan “Tədbirlər Planı”nın davamı olaraq Nazirlik üzrə hazırlanmış və baxılması üçün müvafiq dövlət strukturlarına təqdim olunmuş 2013-2016-cı illərin dövlət investisiya qoyuluşu proqramı layihəsində Daşkəsən şəhərində Rəsm Qalereyası, Mərkəzi kitabxana binalarının tikintisi, Uşaq İncəsənət məktəbi, Tarixdiyarşünaslıq Muzeyi binalarının əsaslı təmiri, Quşçu kəndindəki monastrın, Qabaqtəpə, Dəstəfur, Bayan kəndlərindəki Alban Məbədlərinin bərpası və rayonun bir sıra kənd kitabxana binalarının təmir-tikintisi nəzərdə tutulmuşdur.
Nazirliyin daxili imkanları hesabına rayonun Quşçu kəndindəki Monastrın (487-ci il) Bayan kəndindəki məbədin (XV əsr) və Kilsənin (1863-cü il) bərpası üzrə layihə-smeta sənədlərinin hazırlandığı bildirilmişdir.
Azərbaycan Respublikası «Azərenerji» ASC-nin verdiyi məlumata əsasən respublikanın rayonlarının (2012-2020-ci illər) 35-10-0,4 kilovoltluq Paylayıcı Elektrik Şəbəkələrinin əsaslı yenidən qurulması üzrə tədbirlər planı işlənib hazırlanmış və bu proqram çərçivəsində respublikanın digər rayonları ilə yanaşı Daşkəsən rayonunun 35-10-0,4 kilovoltluq elektrik şəbəkələrinin tam yenidən qurulması planlaşdırılmışdır.
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin verdiyi məlumata əsasən uzunluğu 31 kilometr olan yerli əhəmiyyətli R-20 (36 km Daşkəsən) –Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri 2011-2012-ci illərdə Azərbaycan Respublikasının regionlarında bəzi kəndlərarası avtomobil yollarının bərpası üzrə Proqrama daxil edilmişdir.
«Azəriqaz» İstehsalat Birliyinin verdiyi məlumata görə kapitalqoyuluşu proqramına əsasən ayrılmış maliyyə vəsaiti çərçivəsində 2012-ci ildə Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndi, Qazaxyolçular və Xoşbulaq kəndlərinin qazlaşdırılması, növbəti ildə isə digər kəndlərin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Rayonun Xoşbulaq kəndində 2011-ci ildə 90 abonentə təbii qaz verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Daşkəsən rayonu üzrə nəzərdə tutulmuş 4.3.4.52 sıra nömrəsi üzrə aidiyyəti sahələrdə inkişaf strategiyası istiqamətində layihə təklifləri barədə məlumatları (texniki göstəriciləri nəzərə almaqla) Kənd Təsərrüfatı Nazirliyinə göndərilməsi xahiş olunmuş və sahələr üzrə müvafiq layihə tədbirlərinin hazırlanmasında Ərazi Kənd Təsərrüfatı idarəsinin səlahiyyətli nümayəndələrinin cəlb edilməsi məqsədəuyğun hesab edilmişdir.
Əsas icraçısı Daşkəsən rayon İcra Hakimiyyəti olan Daşkəsən şəhərində küçələrin asfalt örtüyünün yenidən salınması (Dövlət Proqramındakı sıra №-si 4.3.4.54) 2012-ci ilin 6 ayı ərzində Daşkəsən şəhəri S.Vurğun küçəsində 8 min 232 m2 asfalt örtüyü əsaslı təmir olunmuşdur.
Azərbaycan Respublikası “Azəristiliktəchizat” ASC-nın verdiyi məlumata əsasən Daşkəsən rayonunda istilik təchizatı ilə bağlı tədbirlərin investisiya proqramı layihəsinə daxil edilməsi məsələsinə növbəti illərdə baxılması nəzərdə tutulur. Qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da sürətləndirilməsi üçün eyni zamanda rayon ərazisində bütün mövcud problemlərin həlli məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə bir daha müraciətlər olunmuş, aidiyyəti qurumlarla müntəzəm əlaqə saxlanılmaqla məsələlərin həlli daimi nəzarətdə saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev iyulun 11-də Prezident Sarayında Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın yekun nitqində qeyd etmişdir: “Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik”.
Nazirlər Kabinetinin iclasında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əsasən bütün sahələrə o cümlədən, xarici siyasət, respublikamızın ərazi bütövlüyünün təmin olunması, hərbi müdafiə sənayesi sahələri, ərzaq təhlükəsizliyi, inflyasiya, büdcə, valyuta ehtiyatı, əmək haqlarının, pensiyaların artımı, ünvanlı sosial yardım layihəsi, yaşayış səviyyəsinin yüksəldilməsi, qeyri neft sektoru sahəsi, energetika sahəsi, sahibkarlara dövlət dəstəyi və bir sıra digər məsələlər üzrə mövcud vəziyyət təhlil edilmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Görülən işlərə, əldə edilən uğurlara baxmayaraq hələ də görüləsi işlərimiz çoxdur. Daşkəsən rayonunda abadlıq işlərinin, su-kanalizasiya xəttinin çəkilişinin, habelə rayon ərazisində kəndlərimizə içməli su xəttinin çəkilməsi, yeni yolların, təhsil, mədəniyyət və səhiyyə müəssisələrimizin tikintisi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi qarşımızda duran əsas vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, bu işlərin həyata keçirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edərək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Göründüyü kimi qarşımızda olduqca məsul və şərəfli vəzifələr durur.
Rayon İcra Hakimiyyəti Başçısının məruzəsi ətrafında çıxışlar olmuşdur. Daşkəsən rayonu üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, 22 saylı Yol İstismar idarəsinin rəisi Nəriman Süleymanov, 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova , Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Hacı Məmmədov, Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev çıxış edərək rayonda aparılan abadlıq, tikinti-quruculuq işlərindən, rəhbərlik etdikləri sahələr üzrə görülmüş və qarşıda duran vəzifələrdən danışmışlar.
Gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsini oxunmuş, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.


Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü
 

Keçidlər