Könüllülər Parlamenti Daşkəsəndə öz işinə başladı
07 iyul 2016-cı il tarixlərdə Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin təlim və istirahət mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, “ASAN könüllüləri” gənclər təşkilatının təşkilatı dəstəyi ilə “Könüllülər Parlamenti Azərbaycan” layihəsinin açılış mərasimi keçirildi.
60 nəfər “ASAN” xidmət mərkəzinin könüllülərinin və rayon gənclərinin iştirak etdiyi açılış mərasimində “ASAN könüllüləri” gənclər təşkilatının sədri Bəxtiyar İslamov layihənin məqsədi və ideyası ilə bağlı geniş məlumat verdi.
Sonra Milli Məclisin 101 sayı Göygöl-Daşkəsən seçki dairəsindən seçilmiş deputatı, Milli Məclisin Hüquq-siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev layihə haqqında öz fikirlərini bildirdi. Hörmətli deputatımız belə bir layihənin ucqar rayon olan Daşkəsəndə keçirilməsinin gözəl təşəbbüs olduğunu bildirib, daha sonra gənclərə ölkədə aparılan ordu quruculuğu, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ məsələsinin sülh yolu həll olunması istiqamətində aparılan danışıqlar proseslərinin hazırkı vəziyyətindən geniş söhbət açmış, gənclərin suallarını cavablandırmışdır.
Layihənin birinci günündə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev də gənclərlə görüşə gəlmiş, layihə barədə öz fikirlərini bildirmiş, onlarla səmimi bir atmosferdə diskussiyaya qatılmış, sualları cavablandırmışdır. İntiqam müəllim ölkəmizdə həm gənclər, həm də idman sahəsində aparılan mühüm islahatlardan, əvvəllər qəbul edilmiş və hazırda müzakirələri aparılan gənclərlə bağlı yeni Dövlət Proqramlarından, gənclərin qarşısında duran məqsədlərdən danışmış, onlara böyük ümidlər bəslənildiyini qeyd etmişdir.
Qeyd edək ki, 07-10 iyul 2016-cı il tarixlərdə həyata keçiriləcək “Könüllülər Parlamenti Azərbaycan” layihəsinin əsas məqsədi gəncliyin vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsinin stimullaşdılmasıdır. Layihə çərçivəsində ilk növbədə Hazırlıq Komitəsi yaradılacaq, sözügedən Komitə Könüllülər Parlamentinin fəaliyyət konseptini , sənədləşmə prosedurunu və digər detalları müəyyənləşdirəcəkdir. “Könüllülər Parlamenti Azərbaycan” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiya formatında təşkil olunacaqdır.
Layihənin proqramında yerli gənclərlə birlikdə “Ekoloji aksiya”nın, kitab fleşmobunun keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
Layihənin növbəti günlərində rayonumuz digər deputatı, Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü hörmətli Kamran Bayramovun, millət vəkili Vüsal Hüseynovun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin də gənclərlə görüşləri nəzərdə tutulub.