18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
“Azərbaycanın Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsindən 33 il ötür.
XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir. O vaxtdan Azərbaycan yenidən öz müstəqilliyinə qovuşmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13.12.1991), İsveçrə (23.12.1991), İran (25.12.1991), ABŞ (23.01.1992), Rusiya (10.04.1992) və başqa dövlətlər tanıdı. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.
Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Bir tərəfdən Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilir, digər tərəfdən hakimiyyət çəkişmələri, səriştəsiz rəhbərlər, AXCP-Musavat cütlüyünün xəyanəti, ölkədə siyasi vəziyyətin idarəolunmaz xarakter alması, xaos, anarxiya, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması vəziyyəti yaratdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi qeyri-müəyyənliyi böyük məharətlə aradan qaldırdı, dövlətimizi məhv olmaqdan xilas etdi.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur.
Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Tarixi Zəfərimiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır. 2023-cü ilin 19 sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatından sonra indi üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Xocavənddə qürurla dalğalanır. Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yarandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
“Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının 2021-ci il 15 oktyabr tarixli Qanununa əsasən 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
2024-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra bu bayramı indi tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Bu gün nəinki Azərbaycan Respublikasının vətəndaşları, eləcə də bütün dünya azərbaycanlıları müasir müstəqil Azərbaycan Respublikası və onun yenilməz Prezidenti cənab İlham Əliyevlə qürur duyur, fəxr edirlər.
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Sizləri ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk.
Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!