Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Azərbaycanın Qurtuluşu və bugünkü uğurlarımızın təməli

13 iyun 2016 | 16:00

Azərbaycanın Qurtuluşu və bugünkü uğurlarımızın təməli

Ümummilli lider  Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan yol Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır,  dövrün tələblərinə uyğun  hədəflərin gerçəkləşdirilməsinə stimul verir.

Bu il Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpa olunmasının  25 illiyini qeyd edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında müstəqillik mövzusunun daim gündəlikdə olmasının vacibliyini önə çəkərək tarixi paralellərin aparılmasını bir zərurət kimi irəli sürür. Təbii ki, tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq.  Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisinin reallıqda öz əksini tapdığı təsdiqlənir. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə  yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Dövlətimiizn başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu uğurlar göydəndüşmə deyil, böyük  səylərin və qətiyyətin  nəticəsidir.

1993-cü ilin  bu günlərini yada salaq. Həmin dövrdən bizi 23 illik zaman fasiləsi ayırır. Hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi xalqın sabaha ümidlərini  heçə endirmişdir. «Olum, ölüm» dilemması qarşısında qalan  Azərbaycan xalqı vəziyyətdən çıxış yolu axtarır,  okeanda  orientirini itirmiş, tufana düşmüş  gəmi kimi siyasi hadisələrin burulğanında çalxalanırdı. Belə çətin məqamda   Azərbaycan xalqı ulu öndər  Heydər Əliyevin hakimiyyətə qayıdışı  tələbi ilə ayağa qalxdı.  İyunun 9-da Bakıya  qayıdışı ilə  Azərbaycan dövlətçiliyinin xilaskarı kimi xalqa qurtuluş yolunda bələdçilik edən ulu öndər  Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq  onun xilaskarlıq missiyası önə çəkilir. Dahi şəxsiyyət Heydər Əliyev  uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı  böyük bəlalardan, dağılmaqdan xilas etdi.  Məhz  onun  xidmətləri sayəsində  Azərbaycanda dövlət müstəqilliyinin  əsasları gücləndirildi.  Azərbaycan  bir dövlət olaraq dünyanın siyasi xəritəsində öz yerini qorudu və möhkəmləndirdi.

Məhz tarixi paralellər 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi  yazılmasını şərtləndirən amillərə işıq salır.  Ulu öndər Heydər Əliyev üçün  ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, süverenliyi idi. O, 1993-cü ilin oktyabarında keçirilən andiçmə mərasimində bildirmişdir:  «Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.» Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını daha da artırdı. Ulu öndər Heydər Əliyev sabitliyi hər bir inkişafın əsası kimi önə çəkərək, ölkədə ictimai-siyasi sabitliyin qorunmasını hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Uğurlu siyasət Azərbaycanı qısa müddətdə sabitlik məkanına çevirdi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzanlanması bu sabitliyin daha da möhkəmləndirilməsinin, Azərbaycanın bugünkü uğurlarının stimulu oldu.  Azərbaycan müharibə şəraitində yaşasa da, hər sahədə davamlı uğurlar əldə etmək üçün biri-birindən əhəmiyyətli islahatların həyata keçirilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin   imzalanması ilə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinin, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Bu sazişdən sonra imzalanan onlarla  müqavilə, Anlaşma Memorandumları Azərbaycanın bu gününə, sabahına olan inamdan qaynaqlanır. Artıq qeyd etdiyimiz kimi, bu gün dünya «Cənub» qaz dəhlizinin perspektivlərindən danışır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə Azərbaycan dünya enerji bazarına yollarını daha da genişləndirdi, çoxtərəfli əməkdaşlığın qurulması üçün imkanlar yarandı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının uğurla həyata keçirilməsinin nəticəsidir.  

Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyini qarşıya mühüm vəzifə kimi qoyurdu. Azərbaycanın demokratiya yolunda inamlı addımları  dahi şəxsiyyətin  uğurlu islahatlarından qaynaqlanır. Azərbaycanın demokratik inkişafını qəbul etməyən daxili və xarici qüvvələr hər vəchlə  bu yolda böyük maneələr yaratmağa çalışırdılar. Ölkəmizin  Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq yolunda hansı maneələrlə üzləşdiyi hər kəsə məlumdur. Lakin ulu öndər Heydər Əliyev uğurlu addımları ilə bu maneələri dəf etdi, 2001-ci il yanvarın 17-də Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqqında qərar qəbul olundu, həmin ilin yanvarın 25-də Azərbaycanın bayrağı bu mötəbər qurumun qarşısında dalğalandı. Beləliklə, ölkəmiz öz həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün növbəti tribunanı əldə etdi. Bu  uğurumuzu şərtləndirən əsas amillər təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində insan hüquqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, demokratik seçkilərin keçirilməsi, çoxpartiyalı sistemin yaradılması və s kimi  sahələrdə uğurların əldə edilməsi idi. Bu addımların nəticəsidir ki, hazırda  Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Artıq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizin  səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkir. Azərbaycanın 155 ölkəninin dəstəyini qazanaraq BMT Təhlukəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Dahi şəxsiyyət Heydər Əliyev  1993-cü ildə keçirilən andiçmə mərasimində bu əsas məqamı da diqqətə çatdırmışdır ki, belə bir yüksək və məsuliyyətli vəzifəsini öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram.  Məhz xalq-Heydər Əliyev birliyi, həmrəyliyi bugünkü uğurların təməlində dayanır. Aforizmə çevrilən «Heydər Əliyevin adı çəkiləndə  Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür» fikri də  reallıqlara əsaslanır. Ulu öndər bildirmişdir: «Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»

Ümummilli liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında  ulu öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaqdır.   Birinci hakimiyyəti illərində  iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycanı Qırmızı Bayraqlar ölkəsinə çevirən   ulu öndər  Heydər Əliyev 1993-cü ildə hakimiyyətə  qayıdışı,  müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal- azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinə nail olaraq bugünkü uğurlarımıza yol açdı. Bir sözlə, Azərbaycanın müstəqil dövlət quruculuğuna yolu məhz onun hakimiyyətə qayıdışı ilə  başlamışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi bu gün müdafiə qudrəti ilə fərqlənən Milli Ordumuz formalaşdı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı.

Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur.  Məhz həmin dövrdə ölkəmizə qarşı ədalətsiz 907-ci düzəliş qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması oldu. Uğurlu daxili və xarici siyasət nəticəsində  erməni yalanları ifşa olundu, dünya Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətini öyrənməyə çalışdı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı, eyni zamanda Azərbaycan dövlətinin  diplomatik səyləri nəticəsində  «907-ci düzəliş»in ədalətsizliyi təsdiqləndi. Ulu öndər Heydər Əliyevin elə bir ölkəyə səfəri olmazdı ki, aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltməsin.   Xarici siyasətimizin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə  bağlı  beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapır.  

Təbii ki, hər bir bayram keçilən yolun təhlilinə bələdçilik edir. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan  Milli Qurtuluş Günü  ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin aydın ifadəsini yaratmaqla yanaşı, onun ideyalarının dünənimiz, bu günümüz və gələcəyimiz üçün əsas olduğunu bir daha indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Bu fikri böyük fəxr və inam hissi ilə qeyd edirik ki,  Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması,  hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi, diplomatik uğurlarımızın davamlılığı, beynəlxalq münasibətlər sistemində əsil söz sahibinə çevrilməsi   Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf edir.

Bir əsas məqamı da qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx  bağlıdır. Təsis konfransını 1992-ci ilin noyabrın 21-də Naxçıvanda  cəmi 550 nəfərin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 670 mindən artıq üzv birləşir. Bu günlərdə partiyanın 700 mininci üzvlük vəsiqəsi təqdim olundu. Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənməsi Heydər Əliyev  ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir.  Tarixi Azərbaycanın müstəqillik tarixi kimi qəbul olunan  Yeni Azərbaycan Partiyasının  bugünkü uğurlarımıza töhfələri böyükdür və davamlıdır. Partiyanın ölkədə keçirilən seçki proseslərində daim böyük qələbə ilə çıxması partiyaya, onun sədri ölkə Prezidenti İlham Əliyevin siyasətinə inamdan qaynaqlanır. Ulu öndər Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, YAP nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatıdır.

Qeyd etdiklərimiz ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin çox az bir hissəsidir. Təbii ki, bu xidmətlərin miqyası o qədər böyükdür ki, onları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Danılmaz, ən əsası aforizmə çevrilən həqiqət budur ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, Azərbaycanı azərbaycanlılara qaytardı. Ümummilli lider  Azərbaycanın dünyaya günəş kimi doğmasını arzulayırdı. Bu istək  reallıqdır. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda layiqincə təmsil olunur. Qeyd etdiyimiz kimi, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olan beynəlxalq ictimaiyyətin ölkəmizin mövqeyini dəstəkləməsi bu sahədə misilsiz xidmətlər göstərən ulu öndər  Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin diplomatik uğurlarıdır.  Cənab İlham Əliyev bu uğurlara söykənərək, Azərbaycanın ən yüksək zirvələri fəth etməsini böyük inam və qətiyyətlə söyləyir.

Bu günümüzün reallıqları Qurutuluşun Azərbaycanın qarşısında hansı imkanları açdığına işıq salır. Dünya tarixinə istinadən bu fikir qeyd edilir ki,  böyük şəxsiyyətlərin ideyaları yalnız bu gün  deyil, gələcək üçün yol göstərən olur. Məhz bu ideyalar  inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirir, yeni-yeni hədəflərin gerçəkliyə çevrilməsini şərtləndirir.  Dahi şəxsiyyət  Heydər Əliyevin «əbədiyaşar lider» kimi təqdimatında da onun xidmətləri ilə yanaşı, sabahımıza işıq salan ideyaları əsas rol oynayır. Hər kəs bu ideyaların həyata keçirilməsinə, Heydər Əliyev irsinin öyrənilməsinə və təbliğinə öz töhfəsini verməli, dahi şəxsiyyətin şah əsəri olan müstəqil müasir Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərməlidir.

Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. Son 12 ildən artıq dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi davamlı inkişafı daha da sürətləndirir. Hər bir dövlətin varlığının əsasını təşkil edən  iqtisadi inkişafı uğurlu islahatları ilə davam etdirən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisinə əsaslanır. Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi öndə saxlayan cənab İlham Əliyev  regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramlarını təsdiqlədi və icrası istiqamətində ciddi səylər göstərir. Hər bir Proqramda əksini tapan məsələlər icra müddəti ərzində həllini tapdığından yeni vəzifələrin müəyyənləşdirilməsinə yol açır. Artıq həm regionların, həm də Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı icra edilir. İqtisadi imkanlar genişləndikcə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlar da davamlılığı ilə diqqət çəkir. Hazırda işsizlik, yoxsulluq 5 faiz səviyyəsindədir. Azərbaycan  beynəlxalq aləmdə islahatçı ölkə kimi tanınır. Müasirləşmə, yeniləşmə dövlət siyasətinin əsasına çevrilib.  Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də inkişaf modeli təqdir olunur, öyrənilməsinin vacibliyi vurğulanır. Təbii ki, hər bir ölkənin inkişaf strategiyası mövcuddur. İstər müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlər, istərsə də qarşılıqlı səfərlər ölkələrin malik olduğu imkanların təqdimatında, inkişaf modellərində  vacib amillərə diqqət yetirilməsində mühüm rol oynayır. Bu baxımdan Azərbaycan ideal məkan kimi diqqətdədir.  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə həqiqətlərimiz barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bu və ya digər ölkələrə səfərlər etməyə zərurət duyulurdusa, bu gün artıq hər həftə, hər ay beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bu məqsədə yüksək səviyyədə nail olunur. Xarici siyasətində ikitərəfli, çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verən Azərbaycanın bu sahədə uğurları təqdirəlayiqdir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Bu gün Azərbaycanın hər sahədə təcrübəsi digər ölkələrə nümunədir. İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətləndirilməsində stimulverici amildir. İnsan hüquqlarının qorunması və müdafiəsi sahəsində yeni mexanizmlərin müəyyənləşdirilməsi, müstəqil mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun təşkili, siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və kimi biri-birindən mühüm addımlar Azərbaycanın demokratik inkişafının göstəriciləridir.

Uğurlarımız gələcəyə  nikbin baxmaq üçün əsas yaradır. Məhz bu inam və qətiyyət «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının qəbulunu şərtləndirdi. Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək əsas hədəflərdəndir. Bu reallıqlar bir daha təsdiqləyir ki, Qurtuluşdan başlanan  yol uğurla davam edir, gələcəyə daha böyük inamla baxmağa əsas yaradır.     

Əhəd Abıyev,
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı

(İki sahil qəzeti)

Keçidlər