Daşkəsəndə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi
Daşkəsən rayonunda 09 iyun 2016-cı il tarixdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı ilə əlaqədar 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli sərəncam imzalanmışdır.
Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlığını təmin edir.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar 22 bənddən ibarət Daşkəsən rayonu üzrə Tədbirlər Planı tərtib edilərək Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuşdur.
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəhbərliyi tərəfindən daimi nəzarətdə saxlanılmışdır.
Tədbirlər Planındakı “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” 2.6 bəndinin icrası rayonumuzda aşağıdakı kimi olmuşdur.
Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədilə bu sahə üzrə seminarlar keçirilir, vətəndaşlarla izahat işləri, söhbətlər aparılır.
Rayonda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə həftənin cümə günləri rayon İcra Hakimiyyəti Başçısı, digər iş günlərində isə aparatın bütün şöbələri tərəfindən vətəndaşların qəbulu keçirilir. Qəbul zamanı müraçiətlərdə qeyd edilən mövcud problemlər aparatın aidiyyəti şöbələrində baxılaraq qanunauyğun həll edilməsi barədə müvafiq strukturlara tapşırıqlar verilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev öz çıxışında daha sonra qeyd etdiyi, qrafikə uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində səyyar qəbullar keçirilərkən vətəndaşlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsləhətlər verilir, ayrı-ayrı məsələlərin həll edilməsi üçün lazımi köməkliklər göstərilir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində 2011-ci il tarixdən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə Daşkəsən rayonunda da bir çox saylı geniş, iri miqyaslı işlər görülmüş, tədbirlər həyata keçirilmiş və hazırda da davam etdirilməkdədir.
Belə ki, Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sakinləri üçün 32 mənzilli, 2 yaşayış binası tikilərək istifadəyə verilmişdir.
Təhsil sisteminin daha da yaxşılaşdırılması üçün 760 şagird yerlik, 6 ümumtəhsil məktəb binası inşa olunmuş, 3 məktəb binası əsaslı, 4 məktəb binası cari təmir, 3 körpələr evi – uşaq bağçası əsaslı təmir olunmuşdur.
İş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon İcra Hakimiyyətinin inzibati binası, Baytarlıq və Statistika idarələri, 80 çarpayılıq rayon mərkəzi xəstəxanası, Gənclərin təlim və istirahət mərkəzi və Avtovağzal kompleksi tikilərək istifadəyə verilmişdir.
Kənd Təsərrüfatı idarəsinin inzibati binasında və Alunitdağ qəsəbəsində 35/6kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.
Rayon ərazisində avtomobillərin intensiv hərəkətinin və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə Zağalı-Kollu-Çıraqlı avtomobil yolu yenidən qurulmuş, Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4m, eni 11m, abtomobillərin hərəkət hissəsi isə 8m olan körpülər tikilmiş, 2 ədəd dəmir yolu körpüsü təmir edilmişdir.
Daşkəsən rayonunda İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər rayon ərazisində vətəndaşların konstitusiyamızda təsbit olunan hüquq və azadlıqların qorunması o cümlədən, əmək, yaşayış şəraitinin, ümumi fəaliyyətlərinin, rifah, sağlamlıq vəziyyətlərinin daha da yaxşılaşdırılmasına, təhlükəsizliklərinin təmin edilməsinə imkan vermişdir.
Daşkəsən rayonunun girəcəyində geniş, irimiqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılmış, yüksək səviyyəli «Bayraq Meydanı» yaradılmış və yeni park istirahət mərkəzi salınmışdır. Daşkəsən şəhərində “Yeni Həyat” xeyir-şər evi tikilərək istifadəyə verilmişdir.
Heydər Əliyev mərkəzi, “Cümə” məscidi əsaslı təmir edilmişdir.
Azərbaycan Hökuməti ilə Islam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmış, hazırda həmin işlər davam etdirilir.
Yeni 35/6 kv-luq şəhər yarımstansiyasının tikintisi başa çatmış 15 ədəd anker quraşdırılmaqla 2km iki dövrəli xətt çəkilmiş və yarımstansiya istifadəyə verilmiş, Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanmışdır.
Rayonun Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatmışdır.
Daşkəsən şəhərində və qəsəbələrdə 165 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunmuş və bu işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində verilmiş tapşırıqların icrası Rayon İcra Hakimiyyəti Başçısı Aparatının rəhbərliyi tərəfindən daimi nəzarətdə saxlanılır və uğurla davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev dərin məzmunlu çıxışının sonunda yığıncağın işinə uğurlar arzu edirək tədbir iştirakçılarını əmin etdi ki, bundan sonra da rayonun ərazisində bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər görüləcəkdir.
Tədbirdə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir. Bu məqsədlə yuxarda qeyd olunan dövlət proqramı uğurla həyata keçirilir. Natiq eyni zamanda bu işin daha da yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
Müzakirələrdə Daşkəsən şəhər bələdiyyə sədrinin müavini Duman Mahmudova, A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz Vəliyeva və digərləri çıxış edərək insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat verdilər və bu işi daha da yaxşılaşdırmaq üçün təkliflərini və mülahizələrini söylədirlər.
Tədbirin sonunda Elmira Süleymanova bir daha tədbir iştirakçılarına insan hüquqları ilə əlaqədar Milli Fəaliyyət Proqramının bundan sonra da ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini çatdırdı və tədbiri bağlı elan etdi. Rayon İcra hakimiyyətinin başçısı cənab Əhəd Abıyev bu vacib tədbirin Daşkəsən rayonunda keçirildiyi üçün Ombudsman Elmira xanım Süleymanovaya öz təşəkkürünü bildirdi.
Tədbirdən sonra İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira xanım Süleymanova rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərə yaradılmış şəraitlə maraqlanmış, rayon Polis şöbəsində olmuşdur.