“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı keçirilən şənlik daşkəsənli uşaqların böyük sevincinə səbəb oldu
"1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Daşkəsən rayonu Heydər Əliyev Mərkəzində möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş əzəmətli Heydər Əliyev Mərkəzində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və məktəblilər iştirak edirdilər.
İlk olaraq Mərkəzin əməkdaşı İlahə Cəlilova uşaqları salamlayaraq onları "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik etdi, bu bayramın yaranma tarixindən, dünyada və ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışmışdır.
Uşaqlara həsr olunmuş bayram tədbirində Daşkəsən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İsax Məmmədov çıxışında bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
İsax Məmmədov xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Rayon rəhbərliyi tərəfindən inşa və əsaslı təmir olunan məktəbləri, uşaq bağçalarını rayonumuzda uşaqlara göstərilən diqqətin əyani nümunəsi olduğunu göstərdi.
Sonra Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov bütün uşaqları təbrik edərək qeyd etmişdir ki, Bu gün Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi layihələr məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı proqramı hazırlandı.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür, dünyanın işıqlı sabahını təmin edir.
Samir Həsənov çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin açılışında iştirak etdiyi Gənclərin Təlim və İstirahət Mərkəzində rayon gənclərinə yaradılan şərait barədə də ətraflı məlumat verdi.
Sonra rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev öz nitqində vurğulamışdır ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin böyük diqqət və qayğısı sayəsində uşaqlar qarşısında geniş imkanlar açılmış, onlara bütün şərait yaradılmışdır.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. 2002-ci ildə Azərbaycan qeyd olunan konvensiyanın iki əlavə protokoluna qoşuldu. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olundu.
Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident Cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, Ümummilli Liderin uşaq siyasətini davam etdirir bu sahə bir sıra uğurlu dövlət proqramları, layihələr reallaşır. Uşaq siyasəti ilə bağlı Cənab İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edildi. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Daha sonra Cənab İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqətin daha bir nümunəsidir.
Şənlikdə məktəblilərin ifasında “Cücələrim”, “Çoban”, “Vals Anastasiya” və digər milli rəqs nömrələri göstərilmiş, vətənpərvərlik mövzusunda mahnılar ifa olunmuşdur.
Qeyd edək ki, məktəblilərin ifasında konsert proqramı, şən rəqslərlə yanaşı, həm də uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr və fəxri fərmanlar paylanıb.
Tədbirin sonunda Daşkəsən rayonu Heydər Əliyev Mərkəzinin direktoru Nailə xanım Məmmədova bütün uşaqları bir daha təbrik edib, şənlikdə iştiraklarına görə hər kəsə təşəkkür etdi.
Bayram uşaqların yaddaşında xoş xatirələrlə yadda qaldı.