17.09.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında rayonunun payız-qış mövsümünə hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasda Şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Şura iclasını açaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı iqtisadi inkişafından və Daşkəsəndə də əhaliyə göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsindən danışıb, o cümlədən sərt və şaxtalı iqlim şəraitində yüksək dağlıq ərazidə yerləşən rayonda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərinin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev məruzəsində rayon sakinlərinin enerji daşıyıcıları və içməli su ilə fasiləsiz təmin edilməsi, nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin istiliklə təchizatı, mənzil-kommunal təsərrüfatının mövcud vəziyyəti, qış mövsümündə nəqliyyatın normal hərəkəti üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın təhlükəsizliyi və digər əlaqədar sahələrdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Məruzə ətrafında müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.
Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə dair əlaqədar qrumların rəhbərlərinə tapşırıqlar verib.