Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən rayonunda 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi ilə əlaqədar “Multikulturalizmin Azərbaycan Modeli” mövzusunda tədbir keçirilmişdir.
20.04.2016-cı il tarixdə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Daşkəsən şəhər Mədəniyyət Evində rayon İcra Hakimiyyətinin, Daşkəsən Cümə Məscidi Dini İcmasının, rayon Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət, bələdiyyə nümayəndələrinin və digər fəalların, gənclərin iştirakı ilə “Multikulturalizmin Azərbaycan Modeli” mövzusunda tədbir keçirilmişdir.
Tədbirin əvvəlində 2016-cı ilin aprel ayının 2-də cəbhə bölgəsində, işğal edilmiş ərazilərimizin azad edilməsi zamanı qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin və düşmənin yaşayış məntəqələrinə atəşi nəticəsində şəhid olmuş mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev tədbirdə çıxış edərək mövzunun aktuallığını, multikulturalizmin sülh və sabitlik üçün əhəmiyyətini vurğulamış, qeyd edilən mövzuda tədbir keçirildiyinə görə Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşlarına təşəkkürünü bildirmişdir.
Mövzu ilə bağlı çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirmişdir ki, multikulturalizmin beynəlxalq münasibətlər sistemində, planetimizin gələcək taleyində, dövlətlərarası, millətlərarası, müxtəlif mədəniyyətlərarası münasibətlərdə vacib əhəmiyyətini hər zaman yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş siyasət nəticəsində Azərbaycanda milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti təmin edilmiş, çoxmillətli, çoxkonfessiyalı diyarımız dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilmişdir. Dövlət siyasəti səviyyəsinə qaldırılmış multikulturalizm ölkəmizdə mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönələrək bu gün də uğurla həyata keçirilməkdədir. Ölkəmizin dünyada tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlamış, Azərbaycanın mühüm beynəlxalq multikultural tədbirlərə, humanitar forumlara ev sahibliyi etməsi ənənəsi formalaşmışdır. Multukulturalizmin təbliği istiqamətində ən əhəmiyyətli addımlardan biri də 2016-cı ilin ölkəmizdə Multikulturalizm ili elan edilməsi olmuşdur. Bu il çərçivəsində əhatəli tədbirlər planının hazırlanıb həyata keçirilməsi ilə Azərbaycanın dünya multikulturalizminə öz növbəti dəyərli tövhəsini vermiş olacaqdır.
Tədbirdə Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının qorunması istiqamətində fəaliyyəti, regional mərkəzlərin dislokasiyası və müraciət edilməsi qaydaları, həmçinin Müvəkkil xanım Elmira Süleymanovanın aprel ayının əvvəlində cəbhə bölgəsində baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə bəyanatla müraciət edərək Azərbaycanın haqq işinə dəstək verilməsinə çağırış etdiyi diqqətə çatdırılmışdır.
Tədbirdə həmçinin mövzu ilə bağlı Daşkəsən Cümə Məscidi Dini İcmasının rəhbəri çıxış etmiş, ölkəmizdə dini tolerantlığın dünyaya nümunə olduğunu ifadə etmişdir.
Elmar VÜQARLI