Daşkəsən rayonunda cəbhəboyu ərazilərdə əldə olunmuş qələbə ilə bağlı toplantı keçirilmişdir
Bu gün Daşkəsən rayonunda bütün cəbhəboyu mövqelərdə və yaşayış məntəqələrində mövcüd vəziyyətlə bağlı ümumrayon toplantısı keçirilmişdir. Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri ağsaqqallar, gənclər, veteran hərbiçilər, əsgər valideynləri, Qarabağ müharibəsi əlilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər nümayəndələr olmaqla 350 nəfərə yaxın rayon sakini iştirak etmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncaqda giriş nitqi söyləmişdir :
- Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş son hadisələr və burada yaranmış vəziyyət bu gün hər birimizi narahat edir. Neçə gündür ki, bütün cəbhəboyu mövqelərimiz, yaşayış məntəqələrimiz və torpaqlarımız işğalçı erməni silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulur. Düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsiziliyinin təmin olunması qüdrətli ordumuzun ən vacib vəzifəsidir. Rəşadətli Azərbaycan ordusu qarşı tərəfə dəfələrlə xəbərdarlıqlar etsə də erməni silahlı qüvvələri özünün təxribatçı hərəkətlərindən əl çəkməmiş, mülki əhalini atəşə tutmaqda davam etmişdir.
Belə olan şəraitdə bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Biz müharibə istəmirik, lakin qarşı tərəf bizi zorla müharibəyə təhrik edir.
Müdafiə nazirliyinin məlumatında qeyd olunur ki, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və döyüş ruhu yüksək qiymətləndirilmişdir.
Müdafiə Nazirliyimiz bildirmişdir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, ümumi qələbəyə, ana Vətənimizin erməni işğalçılarından təmizlənməsinə əməli işimizlə cavab verməliyik. Daşkəsənlilərin hər biri bu istək və arzu ilə yaşayır, hamı müsəlləh əsgər kimi Ali Baş Komandanın hər hansı bir əmrinə hazırıq.
Hazırda NATO standartlarına cavab verən qüdrətli Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır. Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi döyüş səhnələri Azərbaycan Silahlı Qüvvələrinin regionda nizami, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunan ordu olduğunu bir daha təsdiqləyir.
Xalqımız tam əmindir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması əsgərlərin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq- ordu birliyini möhkəmləndirir. Artıq təsdiq olunmuş bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi regionda liderlik şansını qoruyub saxlayan Azərbaycan müdafiə, hərbi hazırlıq, nizami ordu quruculuğu baxımından da fərqlənir. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq və ədalətli işdir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla tezliklə bərpa ediləcəkdir. Buna biz əminik, çünki güclü ordumuz var.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bu fikri böyük inamla və əsaslandırılmış şəkildə xalqımıza çatdıraraq qeyd etmişdir ki, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi- psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Tezliklə də qələbə bizimlədir.
Bu gün bütün daşkəsənlilər böyük fərəh və ruh yüksəkliyi ilə cəbhə xəbərlərini izləyirlər. Biz hər birimiz ürəyimizin hökmü ilə ana torpağımızın qəddar və amansız düşmənlərdən təmizlənməsinə hazırıq. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyirik.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin müəllimi Rəna Aslanova, 5 saylı Körpələr evi və Uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Müharibə əlilləri və Əmək veteranları şurasının sədri Elman Məmmədov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyinin sədr müavini Ənvər Əliyev, YAP Daşkəsən rayon təşkialtının sədri Meydanəli Yolçuyev, RİHB-nın müavini Cavanşir Qocayev çıxış etmiş erməni işğalçı ordusunun tarixən Azərbaycan torpaqlarında zaman-zaman törətdikləri soyqırımlardan, bəşəri cinayətlərdən, böyük haqsızlıqlardan Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərbələrdən danışmışlar. Qeyd etmişlər ki, bu gün biz hər birimiz bir əsgər kimi ana torpağımızın qəddar düşmənlərdən təmizlənməsinə hazırıq. Son günlər ordumuzun əldə etdiyi qələbədən qürur duyuruq.
Ümumrayon tədbirindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev başda olmaqla rayon ictimaiyyətinin bir qrup nümayəndəsi “N” saylı hərbi hissəyə əsgərlərlə görüşə getmişdir. Görüşdə İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərlər qarşısında geniş çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, yenilməzliyindən, böyük vətənpərvərliyindən ürəkdolusu danışmış, onları topraqlarımızın müdafiəsində ayıq-sayıq olmağa çağırmış, Azərbaycan əsgərinə döyüş uğurları, Ali Baş Komandanımız başda olmaqla bütün hərbiçilərimizə yeni-yeni qələbələr arzulamışdır.
Eyni zamanda, ictimaiyyət nümayəndələri əsgərlərin şəraiti ilə yaxından tanış olmuş, bu görüşdə Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir əmrinə hazır olduqlarının, bir daha ordumuzun gücünün və qüdrətinin, Daşkəsən rayonunda əsgərlər arasında böyük ruh yüksəkliyinin şahidi olmuşlar.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü