Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasından böyük təəssüratlarla qayıtdılar
Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur. Yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya Daşkəsən rayonunda gerçəkləşdirilmişdir.
Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının 24-27 mart 2016-cı il tarixlərdə İsmayıllı-Qəbələ-Şəki marşrutunun iştirakçıları oldular. Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli bilgilər verilmişdir ki, bu da şagirdlərə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumatlar əldə etməyə imkan yaratmışdır.
Rayonun Heydər Əliyev meydanından start götürən turun təntənəli yolasalma məsarimində rayon rəhbərliyi ilə yanaşı, rayon ictimaiyyəti, həmçinin təhsil işçiləri və valideynlər də iştirak etmişlər. Yolasalma mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev bildirdi ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən bu tur çərçivəsində şagirlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaq və qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq onların dünyagörüşündə silinməz izlər buraxacaqdır.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 40 məktəblidən və 5 nəfər müşayiətçidən ibarət qrup İsmayıllı rayonuna yola düşdü.
24 mart 2016-cı il tarixində tur-aksiya çərçivəsində Daşkəsən məktəbliləri İsmayıllı rayonunda oldular. Qonaqlar İvanovka kəndində yerli məktəblilərin musiqi və rəqs nömrlərinə tamaşa etmiş, rayonun müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzi və Rayon Mədəniyyət Sarayı ilə tanış oldular.
Məktəbliləri İsmayıllı rayonunun rəsmi şəxsləri qarşılamış, gənclərin səyahət barədə fikirləri dinlənilmişdir. Qonaqlar üçün bayram süfrəsi və konsert proqramı hazırlanmışdır. Məktəblilər bu tur çəriçivəsində İsmayıllıda çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
24 mart 2016-cı il tarixdə “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Daşkəsənli məktəblilər İsmayıllı rayonundan sonra tanışlıq məqsədilə Qəbələ rayonuna gəlmişlər. Burada nahardan sonra əsrarəngiz gözəlliyə malik olan Nohur gölünə ekskursiya təşkil olunmuş, məktəblilər fotosesiya etmişlər.
“7 Gözəl Qafqaz” mehmanxanasında dincəldikdən sonra martın 25-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektləri ilə tanış oldular. Səfər çərçivəsində şagirdlər üz tutduqları ilk məkan Heydər Əliyev Konqres Mərkəzi olub. Mərkəzlə yaxından tanışlıqdan sonra qrupun üzvləri “Tufandağ” kanat yolu ilə səyahət etmiş, Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyində baxış keçirmişlər. Rayonun sənaye obyektləri ilə yaxından maraqlanan şagirdlər “Beltman” piano fabrikinə və “Gilan Qida” şəhərciyinə gəlmiş burada istehsal prosesini yaxından izləmiş, müəssisələrdə istehsal olunan məhsulların sərgisi ilə tanış olmuşlar. Rayonun Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə də böyük maraqla baxmışlar. Bildirilib ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Daha sonra məktəblilər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin qalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Daşkəsən şagirdlər Qəbələyə səfərlərinin sonunda “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu həmçinin bölgənin füsunkar təbiəti ilə də tanış olublar. Səfər zamanı qədim və müasir Qəbələ şəhəri ilə tanışlıqdan zövq aldıqlarını bildirən tur-aksiya iştirakçıları martın 26-da xoş təəssüratlarla Şəki şəhərinə yola düşüblər.
Səki şəhərində tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri mehribanlıqla qarşılayıblar.
İki gün əvvəl başlanan ekskursiya çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları və görməli yerləri ilə tanışlıq imkanı əldə edən məktəblilər olduqca şən görünürdülər. Hiss olunurdu ki, onlar bu səyahətdən çox məmnundurlar.
Məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri məktəblilərin Şəkinin tarixi məkanlarına ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Şəki xanlarının sarayının həyətində şəhər mədəniyyət və turizm şöbəsinin musiqi kollektivi qonaqlar qarşısında qısa konsert proqramı ilə çıxış edib. Burada Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olan məktəblilər doyunca şənlənib, sarayın önündə xatirə şəkli çəkdiriblər.
Daşkəsən məktəbliləri sonra Qoruğun ərazisindəki Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacırlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Tur-aksiya iştirakçıları daha sonra Kiş kəndindəki qədim Alban məbədini ziyarət ediblər. Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiyanın iştirakçılarında zəngin təəssürat yaradıb.
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Daşkəsən məktəblilərindən ibarət qrupun üzvləri martın 27-də Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelindən rayonumuza yola düşdülər. Tur-aksiyanın iştirakçılarını rayon rəhbərliyi və təhsil işçiləri yola salıblar. Mərasimdə çıxış edən müəllim və şagirdlər 4 gün ərzində Qəbələ, Şəki və İsmayıllıya səfərdən sonra zəngin təəsüratlarla yaşadıqları rayonlara qayıtdıqlarını bildiriblər. Qeyd edilib ki, ekskursiya proqramı son dərəcə maraqlı və yaddaqalan olub. Şagirdlər ekskursiya zamanı istirahət etməklə yanaşı, regionların tarixi, mədəniyyəti və inkişafı tanış olub, musiqili-əyləncəli tədbirlərdə, bilik və idman yarışlarında iştirak ediblər.
Daşkəsən şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Nicat Dilqəmli martın 24-27-də Qəbələ, İsmayıllı və Şəkiyə etdikləri səfərin təəssüratlarını belə ifadə ediblər: “Tur-aksiya çox maraqlı keçdi. Vətənimizin təbiəti bizi valeh etdi. Qədim tarixi abidələri ziyarət etdik, İsmayıllı, Qəbələ və Şəkinin görməli yerlərini gəzdik, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olduq. Xüsusən də Şəki Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki xanlarının sarayı, İsmayıllı rayonun Lahıc qəsəbəsi, qədim Qəbələnin müasir inkişafı, “Beltman” piano fabriki, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Heydər Əliyev adına Konqres Mərkəzi bizdə yüksək təəssürat yaratdı. Biz burada gördüklərimiz, öyrəndikərimiz barədə öz ailə üzvlərimizə, məktəbli yoldaşlarımıza, dostlarımıza da geniş məlumat verəcəyik. Tur-aksiyanın təşkilatçılarına şagird yoldaşlarımız adından minnətdarlığımızı bildiririk”.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Daşkəsən şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əhmədov Hüseyn layihənin əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, bu layihə sayəsində biz məktəblilər ölkəmizin hər bir guşəsini qarış-qarış gəzir, tarixi məkanlarla, məşhur abidələrlə yaxından tanış olur, eyni zamanda, rayonlarda gedən sürətli inkişafın canlı şahidinə çevrilirik. Səyahət proqramımız olduqca maraqlı və zəngindir. Üç gün ərzində Ismayıllının, Qəbələnin, Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri, həmçinin iqtisadiyyatı, turizm imkanları barədə xeyli yeni məlumatlar əldə etdik. Bizə belə bir şərait yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və belə layihələrin davamlı olmasını arzulayırıq”.
Daşkəsən şəhər 2 saylı orta məktəbin şagirdi Tahirli Əli bildirmişdir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası Azərbaycanda gənclərlə bağlı həyata keçirilən ən uğurlu layihələrdən biridir. Bu layihəyə respublikamızın bütün şəhər və rayonlarından məktəblilərin qoşulması onun əhəmiyyətini daha da artırır. Hər bir gənc öz Vətəninin tarixini dərindən bilməlidir. Belə bir layihənin iştirakçısı olmağımdan qürur hissi keçirirəm.
Bu fikirləri tur-aksiyanın iştirakçısı Bayan kənd tam orta məktəbin 9-cu sinif şagirdi Əhmədova Gülnar da öz təəssüratlarını bölüşərkən söyləmişdir. Respublikamızın şimal-qərb bölgəsinə ekskursiya ilə bağlı təəssüratlarını bölüşən tur-aksiya iştirakçısı daha sonra deyib: “Ekskursiyamız olduqca maraqlı keçir. Əksəriyyətimiz bu bölgədə ilk dəfədir oluruq. İsmayıllının, Qəbələnin, Şəkinin tarixi məkanları ilə tanış olmaq hər birimizin çoxdankı arzusu idi. Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən bu möhtəşəm layihə bizi arzumuza qovuşdurub”.
Quşçu kənd orta məktəbinin 9-cu sinif şagirdi Əmrahov Cavid bildirib ki, ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının məqsədi yalnız bölgələrimizlə tanışlıq deyil, bu, həm də yeni dostluqların, qardaşlığın əsasının qoyulduğu misilsiz layihədir. Bir neçə aydan sonra tur-aksiyada iştirak edənlərin əksəriyyəti orta məktəbi bitirib, tələbə adını qazanmaq üçün imtahanlarda iştirak edəcək. “İllər ötəcək, hər birimiz müxtəlif sahələrdə, vəzifələrdə çalışacağıq. Lakin burada qazandığımız dostlar və yoldaşlar həmişə bizimlə olacaqlar.
Daşkəsən RİHBA - da
İnformasiya təminatı və təhlil
sektorunun müdiri
Vüqar Məmmədov