Daşkəsən məktəbliləri də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulublar
Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi adı altında respublikamızın ayrı-ayrı bölgələri, onların özünəməxsus xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrindən olan IX-XI sinif şagirdləri üçün ekskursiya turları təşkil olunur. Yüksək səviyyədə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur layihəsi çərçivəsində növbəti ekskursiya 24 mart 2016-cı ildə Daşkəsən rayonunda gerçəkləşdirilmişdir.
Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının 24-27 mart 2016-cı il tarixlərdə İsmayıllı-Qəbələ-Şəki marşrutunun iştirakçıları olacaqlar. Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə hərtərəfli bilgilər veriləcək. Bu da şagirdlərə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumatlar əldə etməyə imkan verəcəkdir.
Rayonun Heydər Əliyev meydanından start götürən turun təntənəli yola salma məsarimində rayon rəhbərliyi ilə yanaşı, rayon ictimaiyyəti, həmçinin təhsil işçiləri və valideynlər də iştirak etmişlər. Yolasalma mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev bildirib ki, ölkə rəhbərinin tapşırığı ilə həyata keçirilən bu tur çərçivəsində şagirlər ölkəmizin tarixini, adət-ənənələrini, uğurlarını dərindən öyrənmək imkanı qazanacaq və qədim tarixi abidələr, rayonların keçmiş və müasir simasını əks etdirən tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektlərlə tanışlıq onların dünyagörüşündə silinməz izlər buraxacaqdır.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidə kompleksi qarşısına tər gül-çiçək dəstələri düzən 40 məktəblidən ibarət qrup İsmayıllı rayonuna yola düşdü.
Elmar Vüqarlı