Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilmişdir

17 mart 2016 | 16:00

 

Daşkəsən rayonunda Novruz bayramı
münasibətilə ümumxalq şənliyi keçirilmişdir

Daşkəsəndə qədim, milli bayramımız olan Novruz bayramı böyük təntənə ilə qeyd edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə paylanmışdır. Ümumtəhsil məktəblərində, bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda bir-birindən möhtəşəm, gözəl bayram tədbirləri keçirilmişdir.
17 mart 2016-cı il tarixdə Heydər Əliyev meydanında ümumrayon Novruz şənliyi baş tutdu. İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə bayram tonqalını yandırmışdır.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təbrik nitqində demişdir ki, bu gün biz Daşkəsən şəhərinin mərkəzində, Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən bu meydanda Novruz bayramı münasibətilə təşkil edilən ümumxalq şənliyinə toplaşmışıq. 
Sizi xalqımızın ən sevimli və ən müqəddəs bayramı olan  Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı və səadət arzulayıram.
Bu əziz bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu da milli-mənəvi dəyərlərin bərpasının parlaq nümunəsidir. Respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə Novruz bayramının rəsmi səviyyədə qeyd olunması dövlət müstəqilliyimizin verdiyi töhfələrdəndir. Artıq 20 ildən çoxdur ki, Azərbaycanda Novruz bayramı sözün həqiqi mənasında  el şənliyi, ümumxalq bayramı mahiyyəti daşıyır. Respublikamızın hər yerində olduğu kimi, Daşkəsənimizdə də yüksək mənəviyyat xəzinəsi sayılan Novruz bayramı hər il ümumxalq şənliyi kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: “Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Ona görə də bu bayram Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev  nitqinə davam edərək bildirmişdir ki, bu gün bu bayram tonqalının ətrafında toplaşmış bayram əhval-ruhiyyəli insanların əhatəsində  birmənalı olaraq qeyd  etməliyik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham  Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən daxili və xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsasında dayanır.
Qısa zaman kəsiyində ölkəmizin əldə etdiyi nailiyyətlər möhtərəm Prezident cənab İlham  Əliyevin rəhbərliyi ilə həyata keçirilən  qətiyyətli və mükəmməl iqtisadi strategiyanın nəticəsidir. Dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar Azərbaycan  iqtisadiyyatının kompleks inkişafını təmin etmişdir. 
Bu gün Azərbaycan dinamik inkişafı, etibarlı tərəfdaşlığı və günü-gündən artan gücü ilə dünya siyasətində söz sahibinə çevrilmişdir. Dünyanın inkişaf etmiş qabaqcıl ölkələri, hərbi gücləri Azərbaycanla  bərabər səviyyədə danışıqlar aparır, Azərbaycanın mövqeyinə hörmətlə yanaşırlar. Azərbaycan dünya səviyyəli tədbirlərə ev sahibliyi edir.
Azərbaycan xalqı möhtərəm Prezident cənab İlham Əliyevi, onun siyasətini və komandasını dəstəkləyir. Çünki bu siyasətin, bu komandanın uğurları göz qabağındadır. Sürətlə müasirləşən, dinamik inkişaf edən Azərbaycan hər birimizin arzusu idi. Qüdrətli, nüfuzlu, inkişaf etmiş, söz sahibi olan ölkədə yaşamaq hər birimizin arzusu idi. Bu arzularımız bu gün artıq reallığa çevrilib.   
        Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev bayram iştirakçılarının qarşısında təbrik nitqinə davam edərək vurğulamışdır ki, çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənimiz də son illərdə özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu illər ərzində Daşkəsənin sosial, iqtisadi, mədəni siması tamamilə dəyişmişdir. 2014-cü ilin oktyabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Daşkəsənə unudulmaz tarixi səfəri rayonumuzun sürətli sosial-iqtisadi inkişafının parlaq təzahürü olmuşdur.
Bu xoş əhval-ruhiyyəli bayram günündə cənab Prezident İlham  Əliyevə bütün Daşkəsən ictimaiyyəti adından yüksək ehtiramımızı, ona dərin sədaqət və inamımızı, diqqət və qayğısına görə dərin minnətdarlığımızı bildiririk. 
Bu gün Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağdır, hələ də işğal altında qalan torpaqlarımızdır. Lakin biz belə möhtəşəm bayram tonqallarının işğal altında qalan dədə-baba torpaqlarımızda da alovlandırılacağına qətiyyətlə inanırıq. Biz bu günün heç də uzaqda olmadığını bilirik. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik, iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik.”  
      Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edir,  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə hər birinizə firavan həyat arzulayıram.
Rayonun Heydər Əliyev meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi musiqi və  idmançıların  müxtəlif idman nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilmişdir.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə gedilərək əsgər və zabitlərlə birgə davam etdirildi. Ucqar dağ ətəyində yerləşən hərbi hissədə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgərləri təbrik etmiş, onların yaşayış  şəraiti və xidməti işləri ilə maraqlanmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev hərbi hissədə əsgərlər qarşısında çıxış edərək qeyd etdi ki, hər birinizə bayram təbriklərimi çatdıraraq möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bu şərəfli xidmətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
  Bu əziz gündə sizlərlə görüşümüz  bir daha Ulu öndər Heydər Əliyevin bu fikirlərini xatırlatmağı zərurətə çevirir: “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı   Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin vurğuladığı kimi  Azərbaycanda ordu quruculuğu Ümummilli liderin adı ilə bağlıdır. Hakimiyyətə  qayıdışı ilə ayrı-ayrı qruplara xidmət göstərən könüllü hərbi dəstələri ləğv etməklə,  nizami  ordu yaradılmasını suverenliyimizin başlıca  şərti kimi diqqət mərkəzində saxlayan Ulu öndər  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da önəmli islahatlar apardı. Qısa müddətdə qarşısına qoyduğu məqsədə nail olan Ümummilli lider Heydər Əliyev: -  “Azərbaycan  bir dövlət kimi möhkəmlənib, Azərbaycan  silahlı qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o, bu gün müstəqil  Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur”, - deməklə bir daha bildirirdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır,  həm də ordunu daha  qüvvətli edir.
   Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev əsgər və zabitlər qarşısında çıxışına davam edərək bildirmişdir ki, hazırda  NATO standartlarına cavab verən, Cənubi Qafqazın ən güclü ordusu olan Milli Ordumuzun əsgər və zabitləri respublikamızın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, işğalçı Ermənistan silahlı qüvvələrinin nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır.
Hər il Silahlı Qüvvələr Günündə keçirilən parad  Azərbaycan Silahlı Qüvvələrinin regionda  nizami, ən müasir  hərbi avadanlıq və texnika ilə  təmin olunan ordu olduğunu bir daha təsdiqləyir.
     Xalqımız tam əmindir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  tez-tez cəbhə bölgəsində olması əsgərlərin  döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini möhkəmləndirir.  Müdafiə Sənayesi Nazirliyinin, onun bölmələrinin yaradılması da  Azərbaycan iqtisadiyyatının güclənməsini göstərən amillərdəndir. Artıq təsdiq olunmuş bir həqiqətdir ki,  bütün sahələrdə olduğu kimi regionda  liderliyini qoruyub saxlayan Azərbaycan  müdafiə, hərbi hazırlıq, nizami ordu quruculuğu baxımından da  fərqlənir. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirir:  “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.
      Bu gün ordumuzun döyüş ruhu, hərbi-taktiki hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji  durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında istənilən döyüş tapşırığını yerinə yetirməyə  hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.
Təbii ki, bu inama əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi fonunda müdafiə qüdrətinin artırılması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlardır. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir çıxışında, hər bir səfərində hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda  nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı  bir daha belə əminlik yaradır ki,  biz hərb istəmirik, amma hərbə hər an hazırıq.
  Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır. Bu gün ordumuz hər bir azərbaycanlı üçün onun qürur mənbəyidir. 
Eşq olsun möhtərəm Prezidentimiz İlham Əliyevə!
Ali Baş Komandanımızın Novruz bayramı mübarək olsun!   
       Çıxışının sonunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev  hərbi hissənin bütün şəxsi heyətini  bir daha Novruz bayramı münasibətilə təbrik etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması yolunda onlara böyük-böyük qələbələr arzulamışdır.
Rayon İcra Hakimiyyəti Başçısının geniş məzmunlu çıxışı əsgər və zabit heyəti tərəfindən böyük razılıq və hörmətlə qarşılandı.
Sonra Azərbaycan Respublikası Hərbi Prokuroru Xanlar Vəliyevin təbrik məktubunu həmin prokurorluğun böyük köməkçisi, ədliyyə polkovniki Səfər Əhmədov oxudu. Gəncə şəhər Hərbi Prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev ilə “N” saylı hərbi hissənin komandiri polkovnik-leytenant Elzamin Behbudov da Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etmiş, onlara qələbələr arzulamışlar. 
Bayram şənliyində səsləndirilən musiqi nömrələri, müxtəlif rəqslər şəxsi heyətin zövqünü oxşadı.
Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə paylandı.
Beləliklə, daşkəsənlilər hərbi hissədə əsgərlər və zabitlərlə birgə möhtəşəm Novruz bayramının şənliyini ruh yüksəkliyi ilə qeyd etdilər.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər