Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə yad edildi

25 fevral 2016 | 16:00

Daşkəsən rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə, böyük kədərlə qeyd olundu. Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin sərəncamı əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil məktəblərində, idarə, müəssisə və təşkilatlarda, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə anım tədbirləri keçirilmiş, rayon sakinləri təşkil olunan anım tədbirlərində erməni vəhşiliyinə, ötən əsrin ən amansız soyqırımına öz kəskin etirazlarını bildirmişlər.
Xocalı faciəsi ilə bağlı ümumrayon anım tədbiri rayon ictimaiyyəti fəallarının iştirakı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirildi.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev demişdir : - İyirmi dörd il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid qurban vermişdir.
Gəlin  Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Xocalı soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində belə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Bunun nəticəsində də  Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. 
Erməni təcavüzkarlarının "Böyük Ermənistan" adlı sərsəm bir ideyanı 1988-ci ildən yenidən reallaşdırmaq cəhdləri, Dağlıq Qarabağ ətrafında başlayan qanlı hadisələr kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər.
XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız    3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir.  8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi, bir milyondan çox soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin düşdü. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dövlətimiz, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları tərəfindən dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılır, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaqdadır.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan çox hörmətli cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir və  Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparılır.  Artıq Amerikada Xocalı soyqırımını tanıyan və pisləyən ştatların və dünya dövlətlərinin sayı ildən-ilə artır.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “ Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Bildiyiniz kimi rayonumuz cənub-qərbdən 8 kilometr məsafədə  Ermənistan Respublikası, 23 kilometr məsafədə isə işğal altında olan Kəlbəcər rayonu ilə həmsərhəddir. Bu, biz daşkəsənlilərin mübarizə ruhunu daha da alovlandırır.  Biz əminik ki, gec-tez işğal altında olan tarixi torpaqlarımız azad olunacaqdır.
Milyonlarla həmvətənlilərimiz kimi, biz daşkəsənlilər də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini ulu öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük.  Əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev  əmr verərsə ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, o zaman bütün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusu, şübhəsiz ki, bu tapşırığı şərəflə icra edəcəkdir.
Xalqımız, o cümlədən  də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq. Biz əminik  ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Tədbirdə digər natiqlər də öz çıxışlarında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan və bu amansız soyqırımın qurbanına çevrilmiş dinc, günahsız Vətən övladlarının əziz xatirəsini yad etmişlər. Eyni zamanda faciənin ağır nəticələri, sağalmaz yaraları,  cinayətkar və işğalçıların layiqli cəzalarını almaları istiqamətində hər birimizin üzərinə düşən məsuliyyət və vəzifələr haqqında çıxışlar edilmişdir.

Keçidlər