Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 20 Yanvar faciəsinin 26-cı ildönümü böyük ehtiramla yad edildi, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev şəhid ailələrinin evlərində onlarla görüşdü

19 yanvar 2016 | 16:00

 

 

Daşkəsəndə 20 Yanvar faciəsinin 26-cı ildönümü böyük ehtiramla yad edildi, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev şəhid ailələrinin evlərində onlarla görüşdü

 

Bu gün, 19 yanvar 2016-cı il tarixdə Daşkəsən rayon Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə ümumrayon anım mərasimi keçirildi.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin müvafiq sərəncamı əsasında tədbirlər planı hazırlanmış, rayonun idarə, müəssisə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı toplantılar, dəyirmi masalar, müzakirələr və digər anım tədbirləri keçirilmişdir.

Ümumrayon anım tədbirində iştirak edənlərin hər biri səsləndirilən qəmli musiqilərin sədaları altında Şəhidlər xiyabanına üz tutmuşdular.

Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulmuş, rayon sakinləri şəhid qəbirləri üzərinə tər çiçəklər düzmüşlər. 

Keçirilən anım tədbirində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanmışdır.

Ümumrayon anım mərasimində  İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxış etmişdir:

     -  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi altı il ötür. Ötən illər ərzində xalqımız bu hadisəni unutmur, hər il şəhidlərimizin əziz ruhunu dərin ehtiramla yad edir.

       20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

        1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

       Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız in­san­ların gülləbaran edilməsi əməliy­yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx­ribat qrupları tərəfindən təşkil olun­muş­du. Bu, Azər­baycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sın­dırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet impe­riyasının rəhbərliyi Bakıda “er­məni kartından” məharətlə istifadə etdi. Gu­ya Bakıya qoşun onları, hərbi qulluq­çuların ailə­lərini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riya­karlıq, imperiyanın növbəti qəddar­lığını ört-basdır etmək üçün qabaq­cadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlil­ləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlan­dırıl­mış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

       …Xalq o günlərdə böyük bir həqi­qəti – meydanda həqiqi liderin olma­masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamağına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azər­baycanın Moskvadakı daimi nümayən­dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs­kin etirazını bildirdi, faciəni törədən­ləri, şəxsən M.Qorbaçovu kəskin it­tiham etdi, qoşunların Bakıdan çıxarıl­masını tələb etdi. Xalqımızın ümum­milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində, Mos­kvada...

        Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət­lən­dirmək yolunda ciddi addımlar atıldı. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

       Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil­lərin problemlərinin dövlət səviyyəsin­də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqa­mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən­dirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

       16 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü yenidən artırılmışdır. Bu da ölkə başçısının bu sahəyə həssas və qayğıkeş münasibətinin təzahürüdür.

       Bu il xalqımız 20 Yanvar hadisələ­rinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

         Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

       Keçirilən ümumrayon anım mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə şəhid ailələrinin evlərinə baş çəkdi, onlara maddi yardımlar göstərildi.

      Görüş zamanı İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bildirdi ki, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi cənab Prezidentimizin tapşırığıdır və bu bizim hər birimizin vəzifə borcudur.    

     Şəhid ailələri daima onlara göstərilən diqqət və qayğıya, pensiya və təqaüdlərinin artılmasına görə ölkə rəhbəri cənab İlham Əliyevə öz dərin minnətdarlıq və razılıqlarını bildirdilər.

 

Elmar Vüqarlı

Keçidlər