Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirildi

31 dekabr 2015 | 16:00

Bu gün Daşkəsən rayonunda güclü qarın yağmasına baxmayaraq rayonumuzda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına yüksək hazırlıq görülmüşdü. Belə ki, hər iki bayramla əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin tapşırıqları əsasında tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlarda icrası təmin edilmişdir.
Bayramsayağı bəzədilən Daşkəsən şəhərinin mərkəzində ulu öndərin adını daşıyan meydanda böyük küknar ağacı yeni ilin simvolu kimi quraşdırılmış, Şaxta baba və Qar qız yeni il ərəfəsində rayon sakinləri ilə birgə görüşləri bayramların yadda qalan və zəngin keçməsini təmin etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon şənliyi yekun olaraq “Yeni həyat” sarayında bayram süfrəsi arxasında davam etdirilimişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon şənliyində geniş və dərin məzmunlu təbrik nitqi söyləyərək demişdir :
- Əziz daşkəsənlilər! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla,  sizin hər birinizi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, sizlərə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, bol ruzi-bərəkət diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.
   1991-ci ilin 16 dekabrında Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bununla da, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası qoyuldu.
50 milyondan çox  azərbaycanlı hər il 31 Dekabr tarixini həmrəylik, dostluq, birlik, qardaşlıq bayramı kimi dəyərləndirir, bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
       Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə   aparılan uğurlu daxili və xarici siyasət və həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə də respublikamızda dinamik inkişaf davam etmiş, daxili sabitlik təmin edilmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu xeyli artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən  rayonunda da  geniş tikinti, quruculuq, abadlıq işləri aparılır, ucqar dağ kəndlərinə yollar çəkilir, körpülər inşa olunur, su, elektrik, qaz  təchizatı yaxşılaşdırılır. Ölkə rəhbərliyinin tapşırıq və göstərişi ilə rayonumuzda müxtəlif sahələrdə aparılan işlərin nəticəsidir ki, bu gün ucqar dağlar qoynunda yerləşən Daşkəsən rayonu  özünün ən sürətli inkişaf dövrünü yaşayır, problemli məsələlər də öz müsbət həllini tapır, davamlı inkişaf gedir.
Yola saldığımız il ərzində Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının,  Daşkəsən  rayon  Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintiləri aparılmış, rayonumuzda təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxsaylı çoxmərtəbəli yaşayış və inzibati binaların dam örtükləri əsaslı təmir edilərək yeni dəmir lövhələrlə əvəzlənmişdir. Bu da əhalinin böyük sevincinə səbəb olmuşdur.
Hazırda uzun müddətdən bəri problemli məsələ olaraq qalan Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Bu layihənin həyata keçirilməsi Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcəkdir.
Yola saldığımız ildə Daşkəsən rayonunun Zağalı, Qazaxyolçular və Qaraqullar kəndlərinə mavi qazın verilməsinin təntənəli açılışı olmuşdur. Bu qazlaşdırılmanın həyata keçirilməsi 1330 nəfər əhalinin yaşadığı Zağalı, Qazaxyolçular və Qaraqullar kəndləri sakinlərinin fasiləsiz mavi yanacaqla təmin olunmasına imkan verəcəkdir. Eyni zamanda layihə üzrə  rayonun digər yaşayış məntəqələrinə də təbii qaz xəttinin çəkilişi davam etdiriləcəkdir. 
Ötən həftə sizlərin də iştirakı ilə  Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Qabaqtəpə kəndi ərazisində   rayonun 8247 nəfər əhali yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, bizimlə sərhəd cəbhə bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda    yeni tikilmiş iki ədəd möhtəşəm körpünün təntənəli açılış mərasimi keçirildi.
Rayonumuza göstərdiyi ali diqqət və qayğıya görə ölkə başçısı, çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevə rayon ictimaiyyəti adından təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk!
Yola saldığımız 2015-ci il rayonumuzun ictimai-siyasi həyatında da mühüm əlamətdar hadisələrlə yadda qalmışdır. Daşkəsənlilər ölkəmizdə gedən ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, yüksək nailiyyətlər qazanmışlar. Belə ki, 2015-ci ilin may ayının 16-da Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilmişdir. Rayon əhalisinin böyük coşqu ilə qatıldığı Birinci Avropa Oyunlarının məşəlinin Qarşılanma və Estafet mərasimləri Bakı Avropa oyunları Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş və qərb regionunda yeganə olaraq Daşkəsən rayonu Birinci Avropa Oyunlarının “Xatirə” medalı ilə təltif edilmişdir.
2015-ci ilin 1 noyabr tarixində keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə də rayon seçiciləri yüksək fəallıq göstərmiş, rayonumuzda seçkilər tam şəffaf və demokratik şəkildə baş tutmuşdur.
Cari ilin 16 noyabr- 1 dekabr tarixlərində “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası” İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi və bir neçə Xəbər portalı tərəfindən  ölkədə “İLİN BAŞÇISI” sorğusu keçirilmişdir.
Ölkə ictimaiyyətin bütün təbəqələrinin həssaslıqla yanaşdığı, gərgin rəqabət şəraitində keçən sorğunun ilk günlərindən başlaraq, dağlar qoynunda yerləşən Daşkəsən rayonu bütün ictimai-siyasi hadisələrdə daima zirvələrdə olduğu kimi, bu sorğuda da birinciliyi əldən verməyərək Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı “İLİN BAŞÇISI” seçilmişdir.
Məhz bu qələbə ilə bağlı göstərilən dəstəyə görə bütün daşkəsənlilərə öz təşəkkürümü bildirir və sizləri ürəkdən təbrik edirəm.
Bu da Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqları əsasında son illər rayonda aparılan düşünülmüş sosial-iqtisadi, ictimai-siyasi tədbirlərin uğurlu icrası nəticəsində əldə olunmuşdur.
Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev də çıxış edərək bildirdi ki, təkcə 2015-ci ildə rayonumuzda əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, 2016-cı ildə də  sosial-iqtisadi layihələrin icrası uğurla davam etdiriləcək və  daşkəsənlilər hər zaman olduğu kimi  bundan sonra  da biz- Yeni Azərbaycan Partiyasının üzvləri partiyamızın lideri, ölkə başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşəcəyik. Belə ki, 2015-ci il daşkəsənlilər üçün  uğurlu il kimi yadda qalmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirin sonunda  bir daha da dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyev başda olmaqla 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə daşkəsənliləri təbrik etmiş, hər birinə can sağlığı, uğurlar arzulamışdır.

Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü

Keçidlər