Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı

11 dekabr 2015 | 16:00

Daşkəsən rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı

“Heydər Əliyev bütün zirvələrdən ucada dayanan əbədi liderimizdir”
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev.

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə daşkəsənlilər yüksək səviyyədə hazırlıqla gəlmişdilər.  Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış,  rayonda dekabr ayının 1-dən 10- dək anım günü dahi liderin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərlə qeyd olunmuşdur.Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində  anım tədbirləri keçirilmişdir.
Ümumtəhsil məktəblərində inşa yazı, rəsm müsabiqələri, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, təhsil müəssisələrində kitab sərgiləri, foto stendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin ulu öndər Heydər Əliyevə, onun müqəddəs ideyalarına hörmət və ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyevin şəxsi nümunəsində vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti və  YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ictimaiyyətinin 1500-dən çox nümayəndəsi ulu öndərin rayon mərkəzində ucalan abidəsi önünə hüznlü  musiqi sədaları altında gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində də olmuşdur.
Sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə səmimi bir atmosferdə yığıncaq keçirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncaq iştirakçılarını salamladıqdan sonra ilk öncə Müasir Azərbaycanın memarı, qurucusu, Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmələrini xahiş etmişdir.
XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız və dövlətimiz üçün gördüyü tale yüklü məsələlərdən danışan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında qeyd etmişdir ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı, bütün zirvələrdən ucada dayanan əbədi liderimizdir.
Dahi şəxsiyyət Heydər Əliyevin uzun illər Azərbaycana rəhbərlik etməsi Onun şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.
Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur, hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkənin ictimai-siyasi durumunun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı, xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildirik ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaqdır.
Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövlət yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev miliyonların ürəyindən keçən  istəkləri reallaşdırdı: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi geniş miqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna “yaşıl işıq” yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurlar diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi .
        Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda 1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən “Əsrin müqaviləsi”nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən ulu öndər misli görünməmiş, mühüm əhəmiyyətli, qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu gün Azərbaycan dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya “Cənub” Qaz Dəhlizindən danışır. Perspektivdə nəzərdə tutulan iri miqyaslı layihə və islahatların tətbiqi ilə ölkənin iqtisadi və demokratik inkişaf yolu ilə irəliyə aparan ulu öndər eyni zamanda, səbatsız AXC, Musavat cütlüyünün səriştəsizliyindən mənəvi depresiyaya düçar olan xalqda gələcəyə inam hissi yaratdı.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Milli Konstitusiya qəbul olundu. Dünya azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu. Görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporlarla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Bütün fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən çox hörmətli cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etditilməsini vacib hesab edən möhtərəm cənab Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatında Azərbaycan iqtisadi inkişaf baxımdan qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.
  O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümimmilli lideri Heydər Əliyev olmuşdur. Möhtərəm cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə bu reallığı diqqətə çatdırmışdır: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir”.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyə başlamasının 5 illiyi münasibəti ilə keçirilən mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri çox hörmətli Mehriban xanım Əliyevanın söylədiyi - “Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir, müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir” fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığını təsdiqidir.
Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında bir-birindən əhəmiyyətli uğurlar dayanır. Xalqımız Heydər Əliyev siyasətinin davamlılığına dəstək olduğunu 2003-2008 və 2013-cü il Prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib, möhtərəm cənab İlham Əliyevə səs verməklə təsdiqləmişdir. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycan hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək, fundamenti o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın və tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var. Bu imkanlar Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha əzəmətli, möhtəşəm edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikir ötən illərin uğurlarının ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün Azərbaycanın aydın mənzərəsini yaradır. Dövlətimizin Başçısı bildirmişdir: “Gələcəyə nikbinliklə baxmaq üçün kifayyət qədər amil vardır. Son 10 ilin təcrübəsi onu göstərir ki, xalq, millət anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.
Möhtərəm Prezident cənab İlham Əliyev fəaliyyə başladığı ilk gündən regionların malik olduğu potensialdan səmərəli istifadəni vacib amil kimi önə çəkdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dovlət Proqramlarının icrasına həsr olunmuş konfransda da möhtərəm Prezidentimiz bu məqamı xüsusi vurğulamışdır: “2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci 5 illik proqramı demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların böyük rolu olmuşdur”.
Çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyev regionların inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrdə olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir.
Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın.
Digər bölgələr kimi Daşkəsən rayonu da öz inkişaf dövrünü yaşayır. Dövlət Proqramında rayonla bağlı tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi bu inamı söyləməyə əsas verir. Cari ilin ötən dövrünun sosial-iqtisadi göstəriciləri fonunda bu fikri də əminliklə söyləyə bilərəm ki, 2015-ci il də Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin tarixinə ən sürətli inkişaf dövrü kimi yazılacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə səfəri çərçivəsində Daşkəsən rayonu xüsusi yer tutur. Səfər çərçivəsində ayrı-ayrı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak edən çox hörmətli Prezident cənab  İlham Əliyevin çıxışlarında hər zaman bu fikir önə çəkilir ki, uğurlarımız gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Bölgələrimiz arasında sağlam rəqabət, insanlarda böyük ruh yüksəkliyi yaradır. Rayonumuzda müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu umummilli lider Heydər Əliyevin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən Daşksən rayon Heydər Əliyev Mərkəzinin, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Daşksən Gənclərinin Təlim və İstirahət Mərkəzinin və Daşkəsən rayon “Avtovağzal” kompleksinin açılışında iştirak  edən dövlətimizin başçısı  çox hörmətli möhtərəm cənab İlham Əliyev dahi şəxsiyyətin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərinin böyüklüyündən geniş bəhs edərək bu irsin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etmişdir. Açılış mərasimlərində Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva da iştirak etmişdir. Təbii ki, hər bir rayonun rəhbərliyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə səy göstərməklə növbəti uğurlu addımların atılması üçün imkanların genişlənməsinə töhfə vermiş olacaq.
“Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” söyləyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirir ki, hər bir icra başçısını vəzifəyə təyin edərkən ona bir neçə əsas istiqamət göstərilir – inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Məhz bu istiqamətlərin birgə təşkili fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq, etimadı doğrultmaq mümkündür.
Bu günümüzün reallığı budur ki, Azərbaycan islahatçı ölkə kimi dünya birliyində özünə layiq yer tutub. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmizin inkişaf modelinin cəlbedici olduğu xüsusi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 5-ci çağırış Milli Məclisin ilk iclasında böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəfləri gerçəkləşdirilməsini sürətləndirir.     
Daşkəsənlilər  yaxşı bilirlər ki, ulu öndər həmişə xalqına, Vətəninə bağlı olmuş, öz cəsarəti, müdrikliyi, vətənpərvərliyi ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını amallarına qurban verməyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Bugünkü müstəqil, demokratik Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin yaratdığı şah əsərdir.  12-ci ildönümü münasibəti ilə bura toplanmağımız biz daşkəsənlilərin Ulu öndərin əziz xatirəsinə göstərilən dərin  məhəbbət və ehtiramın  böyük bir ifadəsidir.
Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin! Əziz ruhu şad olsun!

Keçidlər