Vətənin ucalığı hünərdən keçər
Bu gün, 28 noyabr 2015-ci il tarixdə Daşkəsən rayonunda “Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənin ucalığı hünərdən keçər” adlı layihəsini həyata keçirilmişdir. Daşkəsən şəhər Mədəniyyət evində baş tutmuş tədbirdə rayonun fəal gəncləri, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Qarabağ müharibəsi iştirakçıları və veteranları, həmçinin Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbələri iştirak etmişlər.
Görüşü Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçi Elmar Əliyev açıq elan etmiş, qonaqlara tədbir iştirakçılarını təqdim etmiş, bu günkü görüş onlara barədə qısa arayış vermişdir. Görüşdə Bakı Dövlət Universitetinin tarix kafedrasının müəllimi, dosent Atamoğlan Məmmədli, "Bakı Gənclər Klubu" İctimai Birliyi sədri Azər Cavadov, Daşkəsən rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Vüqar Məmmədov və rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış etmiş, Azərbaycan əsgərlərinin Qarabağ müharibəsi zamanı igidliklərindən danışmış və onların qəhrəmanlıq mübarizəsindən söhbət açmış, torpağa, elə-obaya məhəbbətdə onlardan nümunə götürməyi tövsiyə etmiş, belə qəhrəmanları unutmamağa çağırmışlar.
Səmimi atmosferdə davam edən görüşdə müasir gənclərə Vətəni həmin qəhrəmanlar kimi sevməyi, uğrunda lazım gəlsə ölməyi, onlar kimi yaşamağı arzulamışlar. Çıxış edənlər bütün gəncləri ölkə rəhbəri, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı çox uğurlu daxili və xarici siyasəti dəstəkləməyi tövsiyə etdilər.
Vüqar Məmmədov