Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu bu gün ən sürətli quruculuq dövrünü yaşayır

26 noyabr 2015 | 16:00

Daşkəsən rayonu bu gün ən sürətli quruculuq dövrünü yaşayır.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar bütün ölkə ərazisində olduğu kimi, rayonumuzda da uğurla və sürətlə davam etdirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır.
Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illər Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir.
Bu gün Daşkəsəndə iri miqyaslı layihələr həyata keçirilir, geniş tikinti, quruculuq və abadlıq işləri aparılır. Son illər rayonda onlarla yeni məktəb, uşaq bağçaları, xəstəxana və inzibati binalar inşa olunmuş və əsaslı təmir edilmişdir.
Zağalı-Kollu-Çıraqlı avtomobil yolu əsaslı təmir olunaraq müasir standartlara uyğun asfalt örtük salınmışdır. Daşkəsən şəhərində su və kanalizasiya xətlərinin yenidən qurulması işi uğurla davam etdirilir. Təbii fəlakət nəticəsində güclü ziyan dəymiş çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtükləri əsaslı təmir edilərək dəmir lövhələrlə əvəz olunmuşdur.
26 noyabr 2015-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayonun Qabaqtəpə-Pirverdilər və Pirverdilər-Astaf  kəndləri arasında olan avtomobil yolunun üzərində müasir tələblər səviyyəsində inşası davam etdirilən iki ədəd körpüdə işlərin gedişatı ilə yaxından tanış olmuşdur. İnşaatçılarla və kənd sakinləri ilə görüşmüş, tikinti ilə bağlı layihənin icraçılarına öz tapşırıq və tövsiyələrini vermişdir.
Qabaqtəpə kənd sakinləri inşası davam etdirilən körpünün üstündə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevlə görüş zamanı onları uzun illərdən bəri narahat edən bu ağır problemin həllinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmiş, xalqına və Vətəninə Ulu öndər Heydər Əliyev zirvəsindən xidmət edən dünya şöhrətli Prezidentimizin ətrafında həmişə sıx birləşəcəklərini ifadə etmişlər.
Görüş zamanı Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı sakinləri narahat edən digər problemlərlə də maraqlanmış, həmin problemlərin gələcəkdə ardıcıllıqla həll olunacağını bildirmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı”nda Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun asfaltlaşdırılmasının yaxın vaxtlarda icrasına başlanılacağını da sakinlərin diqqətinə çatdırmışdır.
İnşası aparılan körpülərin hər birinin uzunluğu 28 metr və eni isə 11 metr təşkil edir. Körpülərin tikintisinə 2014-cü ilin sentyabr ayında başlanılmış, 2015-ci ilin sonuna əhalinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Uzun illər idi ki, Qabaqtəpə İnzibati Ərazi Dairəsində yerləşən kəndlərin əhalisi həmin ərazidə körpülərin olmaması səbəbindən çox böyük çətinliklərlə üzləşirdilər. Belə ki, yaz və payız aylarında yaranan sel sularının nəticəsində həmin istiqamətdə nəqliyyatın və eləcə də əhalinin gediş-gəlişi tamamilə dayanırdı. Bu da həmin kəndlərdə baş verən hər hansı bir hadisənin vaxtında qarşısının alınmasına ciddi maneçilik törədirdi. Bu körpülərin tikintisinin başa çatmasından sonra həmin ərazidə olan bütün problemlər öz həllini tapacaq, kəndin sosial-iqtisadi inkişafına imkan verəcəkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.
İllər keçəcək bü körpünün üstündən keçən hər bir sakin belə ucqar ərazidə böyük diqqətə, göstərilən qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və bu işlərin rayonda icra olunmasında hörmətli başçımız cənab Əhəd Abıyevə çox sağ olun deyəcək, onlara ürəklərində daimi minnətdarlıq hissi yaşadacaqlar.

Vüqar Məmmədov

Keçidlər