Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı yüksək səviyyədə qeyd edilmişdir

20 noyabr 2015 | 16:00

     Bu gün Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları hörmət və ehtiram əlaməti olaraq Ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidə kompleksini ziyarət etmiş, abidənin önünə tər gül-çiçəklər düzmüşlər. Sonra tədbir rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa arxasında davam etdirilmişdir.
Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, bu bayram Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
      Ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladan cənab Əhəd Abıyev qeyd etmişdir ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxminli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir.
     Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını tə'min etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
     Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.
      Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz nitqində həmçinin bildirmişdir ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf meylləri 97 illik yubileyini qeyd edən ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır.
      Dəyirmi masada Daşkəsən rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov Azərbaycanın məhkəmə sisteminin tarixindən danışmış, son illərdə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, bu sahədə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır. Azərbaycanda məhkəmə hakimiyyətinin Konstitusiyada təsbit olunduğunu bildirən rayon məhkəməsinin hakimi, insan hüquq və azadlıqlarının qorunması üçün hazırda ölkədə üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini qeyd etmişdir.
Bu yaxınlarda ən yüksək standartlara cavab verən Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin iştirakı da ədliyyə orqanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Həmin tədbirdə Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev öz çıxışında qeyd etdi ki,  hesab edirəm ki, son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir. Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır.
Daşkəsən rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevə ədliyyə işçilərinə verdiyi bu cür diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirir, onun rəhbərliyi altında demokratik və ədalətli Azərbaycan uğrunda öz fəaliyyətimizi qurmağa çalışırıq.
Sonra digər çıxış edənlər də rayon ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamışlar.

Keçidlər