Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QABAQTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

14 aprel 2022 | 16:00

Aprelin 14-də Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Qabaqtəpə kəndində keçirilib. Səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqində demişdir: ”Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət  Proqramı uğurla icra olunur, bir-birindən uğurlu layihələr həyata keçirilir. Pandemiyadan müvəffəqiyyətlə çıxmış,  torpaqlarını erməni işğalçılarından azad edərək böyük zəfər qazanmış ölkəmizi qarşıda daha böyük işlər, yerinə yetiriləsi vəzifələr gözləyir. Azərbaycan xalqı əmindir ki,  Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün hədəflərə ən tez vaxtda və ən qısa müddətdə çatacaqdır”.
Əhəd Abıyev çıxışında ötən illərdə Qabaqtəpə kəndində görülən işlərdən də danışıb. O qeyd edib ki, Qabaqtəpə kəndi ərazisində tikilmiş hər birinin ümumi uzunluğu 28.4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında – möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilmişdir.  Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda isə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri davam etdirilir. Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. 96 şagird yerlik modul tipli Qabaqtəpə kənd tam orta məktəbinin tikintisi işləri başa çatmaq üzrədir. Qabaqtəpə kənd xəstəxanası təmir edilmişdir. Qabaqtəpə kənd inzibati ərazi vahidinin elektrik enerjisi, rabitə və içməli su təminatı yaxşılaşdırılmışdır. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Qabaqtəpə boz dağ arı ailəsinin inkişafı məqsədi ilə pilot layihə çərçivəsində 15 ailəyə 75 arı ailəsi verilmişdir. Turizmlə bağlı bir sıra təlimlər keçirilmişdir.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən problemlərə toxunublar. Müraciətlər kəndə təbii qaz xəttinin çəkilməsi, nasaz elektrik dirəklərinin dəyişdirilməsi, su keçidinin təmiri, işlə təmin olunma və şəxsi problemlərdən ibarət olub.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərin həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də nəzarətə götürülüb.
Qabaqtəpə kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər