DAŞKƏSƏN RAYONU ƏRAZİSİNDƏ 2022-Cİ İL YAYLAQ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB
Martın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev RİHBA-nın məsul işçilərinin, Rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyevin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə rayon ərazisində yaylaq mövsümünə hazırlıqla bağlı müşavirə keçirib.
Müşavirəni giriş nitqi ilə açan RİH-nin başçısı Əhəd Abıyev həyata keçirilən təsirli tədbirlərin nəticəsində hazırda rayon ərazisində sanitar-epidemioloji və epizootik vəziyyətin sabit olduğunu vurğulayıb. Dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələr haqqında çıxışında Əhəd Abıyev deyib:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 156 nömrəli Qərarına əsasən dövlət fonduna aid yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə həmin torpaq sahələri hər bir rayonun özünə aid edilmişdir. O cümlədən də Daşkəsən rayonu ərazisində olan yay otlaqlarının istifadəsinə nəzarət Daşkəsən RİH-nə verilmişdir. Həmin qərarın icrası ilə bağlı kənar rayonlardan və rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2022-ci ilin yay mövsümü ərzində rayon ərazisinə davarların gətirilməsi ilə əlaqədar dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsi, mühafizəsi, xəstəliklərin və qanunsuzluqların qarşısının alınması məqsədilə Daşkəsən RİH başçısının Sərəncamına əsasən keçid yollarda nəzarət məntəqələri yaradılacaqdır.
Bəzi icarədar işbazlar tərəfindən müxtəlif bəhanələrlə maddi maraq qarşılığında yaylaqlara qonşu rayonlardan olan fermerlərin iri və xırdabuynuzlu heyvalarının qanunsuz gətirilməsinin qarşısı tam qətiyyətlə alınmalıdır. Əhali arasında əsassız, yalan, qərəzli, böhtan xarakterli şayiələr yayan maraqlı şəxslər barəsində Rayon Polis Şöbəsi tərəfindən hüquqi tədbirlər görülməlidir.
Əraziyə qanunsuz yolla gətirilən sürülər yerlərdə sakinlərə məxsus əkin sahələrinə, pay torpaqlarına ziyan vurur, yerli sakinlərlə digər hüquqi və fiziki şəxslər arasında qarşıdurmalara, münaqişələrə, məhkəmə çəkişmələrinə səbəb olur. Belə halların qarşısını almaq məqsədilə məsələyə çox ciddi yanaşılmalıdır.
Müvafiq Sərəncama əsasən rayonunun yay otlaq sahələrinin keçid ərazilərində yaradılan məntəqələrdə və mövsüm ərzində bütün yaylaqlarda asayişin qorunması Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə təmin ediləcəkdir. Yaradılan məntəqələrə ayrılan mütəxəssislər yaylaq mövsümündə heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün epizootik xəstəliklər üzrə aparılmış profilaktiki tədbirlərin sənədlərini tam yoxlamalı, baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına yol verməməlidir. Nəzarət məntəqələrində mütəxəssislərə xidməti istifadə məqsədilə aidiyyəti şəxslərin, bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərə məxsus təsərrüfatlarda olan heyvanların baş sayı barədə müvafiq siyahılar verilmişdir. Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı təqdim etdikdən sonra sürülərinin yaylaqlara buraxılması təmin edilə bilər.
Müşavirədə bir sıra mövcud problemlər təhlili edilmiş, onların həlli yolları müzakirə olunmuş və qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini