DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV YUXARI DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜNÜ KEÇİRİB
Martın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində keçirdiyi vətəndaşların səyyar qəbul-görüşündə əvvəlcə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, icra olunan layihələr, aparılan qətiyyətli islahatlar, həmçinin sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə danışıb.
İcra başçısı Əhəd Abıyev həmçinin vurğulayıb ki, vətəndaş müraciətləri ictimai nəzarətin bir mexanizmi kimi qəbul edilir. Prezident cənab İlham Əliyev dəfələrlə bu barədə cəmiyyətə çağırışlar edib, tapşırıqlar verib. Martın 28-də Prezident cənab İlham Əliyevin açılışında iştirak etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi və burada tətbiq edilən yeniliklər vətəndaş müraciətlərinə diqqətin artırılması, qəbulda şəffaflığın və ən əsası vətəndaş məmnunluğunun təmin edilməsi kimi məqsədləri qarşıya vəzifə kimi qoyub.
Əhəd Abıyev çıxışında Yuxarı Daşkəsən qəsəbə sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində bir sıra tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz olaraq elektrik enerjisi, qaz, rabitə, içməli su ilə təmin olunur, 200 yerlik qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, ərazidə xeyli abadlıq işləri aparılıb. İcra başçısı qarşıda duran vəzifələr barədə də məlumat verib.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər qəsəbə daxili yolların asfaltlaşdırılması, köhnə elektrik dayaqlarının dəyişdirilməsi, su ilə təminat, uşaq bağçasının əsaslı təmir edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Müraciətlərin bəzisi yerində həll edilib, bir qismi də aidiyyəti üzrə çatdırılması üçün nəzarətə götürülüb.
Qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini