Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV NÖVBƏTİ SƏYYAR QƏBULUNU BAYAN KƏNDİNDƏ KEÇİRİB

17 mart 2022 | 16:00

Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təsdiq olunmuş qrafikə uyğun olaraq Bayan kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Səyyar qəbulda rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın bütün sahələrində həyata keçirilən islahatların uğurlu nəticələrindən, vətəndaşların rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən, ölkəmizdə yaranmış sabitlikdən söz açıb.

Əhəd Abıyev çıxışında həmçinin bildirib ki, ötən dövrlərdə 2 min nəfərdən çox əhalinin yaşadığı Bayan kəndinin işıq, qaz, su, yol təchizatının yaxşılaşdırılması, əhalinin məşğulluğunun artırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilib. Belə ki, kəndin qazlaşdırılması işləri tam başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Ərazidə yeni müasir tipli elektrik transformatorları quraşdırılıb. Bayan kənd ümumi orta məktəbinin binası yenidən tikilib. Bayan kəndinin turizm potensialından səmərəli istifadə edilməsi prioritet olaraq qarşıya qoyulduğundan bu məqsədlə pilot layihə çərçivəsində Bayan kənd sakinlərinə məxsus 10 ev seçilərək  turistlərə icarəyə verilməsi üçün təmir edilib, müvafiq təlimlər keçirilib, kəndin təbliği üçün videoçarxlar hazırlanıb.

Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd tam orta məktəbinin əsaslı təmir edilməsi, kəndarası yolların təmiri, yeni su xəttinin çəkilməsi, işlə təmin olunma və digər şəxsi məsələlər barədə olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. İrəli sürülən müraciət, təklif və şikayətlərin bir qismi yerində həll edilib, digərləri də həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbuldan razı qalan kənd sakinləri müraciətlərinə baxılmasına, qaldırdıqları məsələlərin araşdırılmasına, onları narahat edən problemlərin həllinə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik ediblər.
 
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər