Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Müstəqil siyasətin real mənzərəsi

09 mart 2022 | 16:00

Cənab İlham Əliyevin uğurlu diplomatiyası Azərbaycanı beynəlxalq aləmdə öz mövqeyini diktəetməyi bacaran ölkəyə çevirib.
Azərbaycanın xarici siyasətində prioritet olaraq qəbul edilən məqamlardan biri beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olan qarşılıqlı əlaqələrdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır.
Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxaq aləmdə nüfuzunun yüksəlməsini şərtləndirib.
Cənab İlham Əliyevin son 18 ildə uğurlu siyasi-diplomatik fəaliyyəti, tam müstəqil siyasəti Azərbaycanı dünya ictimaiyyətinin diqqət mərkəzində olan və beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı söz sahibinə malik olan ölkələri və onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.
Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Dövlətimizin xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan edib.
Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, bütün ölkələrlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edir. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılıqlı münasibətlərin olduğu halda mümkündür.
Qonşu ölkələrlə münasibətlərə gəlincə isə, demək olar ki, Ermənistandan başqa Azərbaycanın Rusiya, İran və Gürcüstanla münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu ölkələrlə imzalanan strateji tərəfdaşlıq sazişləri müxtəlif istiqamətlər üzrə əlaqələri daha da genişləndirib.
Azərbaycan qonşu ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya və Gürcüstanla ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir.
Bu bir həqiqətdir ki, cənab İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edən son 10 ildə  respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə dünyanı heyrətləndirə bilib. Bu qısa zaman ərzində Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avroatlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.
Vətən müharibəsi nəticəsində yaranmış yeni reallıq Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsini və beynəlxalq münasibətlər sistemindəki rolunun daha da artmasını şərtləndirib. Yəni İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu bir qədər də möhkəmləndirmiş oldu. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söz açan cənab İlham Əliyev yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərdiyini bəyan edir.
Əlbəttə ki, əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Qonşu ölkələrlə uğurlu tərəfdaşlıq ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Vətən müharibəsindən sonra isə regionda yeni əməkdaşlıq platformasının yaradılması təklifinin də reallaşmaq üzrə olması onu deməyə əsas verir ki, tezliklə yaranacaq “3+3” formatı Cənubi Qafqazda sabitliyin əsas təminatçısı olacaq.
Real vəziyyətin təhlili göstərir ki, “3+3” formatına maraq artır, xüsusən də Rusiya və İran bu çərçivədə əməkdaşlıq münasibətlərinin qurulmasının sürətlənməsini istəyir. Rusiya tərəfindən böyük dəstək alan formatı Tehran da birmənalı olaraq qəbul edir.
Ümumiyyətlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyevin təşəbbüsü olan “3+3” platformasının əsas məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyanın nəqliyyat mərkəzinə çevirməkdən ibarətdir. Hazırda Cənubi Qafqazın ən çox ehtiyac duyduğu məsələ təhlükəsizliyin təminatından və iqtisadi əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu formatın reallaşdırılması regionun təhlükəsizliyi baxımından da vacib əhəmiyyət daşıyır. Məlumdur ki, regionda uzun müddət davam edən münaqişə iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasına imkan verməyib.
Amma Azərbaycanın Qarabağ zəfəri vəziyyəti dəyişib. Bu qələbədən sonra, xüsusən Ermənistan üzərindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, bunun üçün zəruri infrastruktun yaradılması, Azərbaycan ərazisindən keçəcək “Şimal-Cənub” layihəsinin reallaşdırılması kimi addımlar Qafqaz regionunun qlobal nəqliyyat və logistika sahəsində beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək. Bu da son nəticədə regionda hər üç ölkəyə ciddi dividendlər qazandıracaq. Türkiyə, Rusiya, İran kimi ölkələr də bundan əhəmiyyətli dərəcədə faydalanmaq imkanı qazanacaqlar. Bu isə onu göstərir ki, “3+3” formatı kommunikasiyaların bərpa edilməsi və vahid Cənubi Qafqaz iqtisadi məkanının yaradılması üçün real variantdır. Ən əsası “3+3” formatlı regional əməkdaşlıq platformasının işə salınması Cənubi Qafqazın iqtisadi inkişafına güclü təkan verəcək.
Göründüyü kimi, bütün bunlar cənab İlham Əliyevin yürütdüyü siyasətin real təzahürüdür. Azərbaycan Prezidenti hər zaman bölgədə sülhün bərqərar olması üçün hər cür təklifə açıq olduğunu bildirir və bu istiqamətdə önəmli qərarlar qəbul edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

Keçidlər