Azərbaycan Avrasiyada yeni ticarət qapısı açır
Cənab İlham Əliyevin reallaşdırdığı Zəngəzur dəhlizi region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Ölkəmiz həm də, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır.
İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr isə Azərbaycanın geosiyasi və geoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.
41 körpü, 8 stansiya, 4 yolötürücü, 3 tunel, 3 qalereya
Əvvəlcə onu vurğulayaq ki, Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən artıq çoxdan istifadə edir. Belə ki, beynəlxalq dəhliz hesab olunan bu ərazidən Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma dəhliz yalnız bundan ibarət deyil. Əsas məsələ artıq bu dəhlizdə quru yolla - dəmir yolu xətti və avtomobil yolunun istifadəyə verilməsidir.
Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin nəzarəti altında bu istiqamətdə böyük işlər həyata keçirilir. İndi əsas diqqət dəhlizin quru yollarının açılışına istiqamətlənib.
Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadiqliyini bir daha göstərdi. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti yeni dəhlizin bir parçasıdır. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizdən çoxu tamamlanıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın mühəndis qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşıb. Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.
Qeyd edək ki, Ermənistan tərəfi öncə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyin icrasını gecikdirmək istəyirdi. Ancaq təzyiqlərdən sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsində də dəmir yolu xəttinin çəkilişlərinə start verilib. Dəmir yolunun Ermənistandan keçən 45 kilometrlik hissəsində tikinti aparılır.
Dəhliz vasitəsilə Türkiyəyə, oradan da Avropa bazarına elektrik enerjisi ixrac edilə bilər
Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Ümumiyyətlə isə Horadiz- Zəngilan-Ağbənd dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır. Dəhliz uzun illər blokadada qalmış Naxçıvanı bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcək.
Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verəcək. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq.
Bu dəhliz həm də türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək. O ölkələri ki, nominal ümumi daxili məhsulu 1,1 trilyon ABŞ dollarından çoxdur.
Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.
Ən önəmlisi isə, bu dəmir yolu xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.
Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir
Ötən ilin oktyabr ayının 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən “Şərq-Qərb” dəhlizinin bir hissəsinə çevriləcək. Bu, Azərbaycan Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir.
Bu dəhliz, həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən iqtifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.
Azərbaycanın apardığı ticarət siyasətinin başlıca xüsusiyyəti regionda tranzit mövqeyinin möhkəmləndirməsindən və ölkənin geoiqtisadi mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcək.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”