12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar elmi-praktik konfrans keçirildi
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar elmi-praktik konfrans keçirildi
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü, 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov açaraq qeyd etmişdir:
“İyirmi il əvvəl – 1995-ci ildə ümumxalq səsverməsi ilə müstəqil suveren Azərbaycan dövlətinin Əsas Qanunu – Konstitusiya qəbul edildi. Bu, müstəqil demokratik hüquqi cəmiyyət quruculuğunun qarantı oldu. Yeni Konstitusiyanın qəbulu Azərbaycan xalqının həyatında baş verən köklü dəyişikliklərlə bağlı idi.
Bununla Ümummilli Lider elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl dövlətçilik konsepsiyası yaratdı, dövlətin idarə edilməsi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoydu. Bu gün Azərbaycan Prezidenti çox hörmətli möhtərəm cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin nəzərdə tutduğu yolu yaradıcı şəkildə uğurla davam etdirir, bizi uğurlardan uğurlara aparır. Həmin təməl üzərində inkişafa nail olmuş ölkəmiz indi cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir. Bu gün regionda bütün layihələrin həyata keçirilməsi Azərbaycansız mümkün deyil”.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Cavanşir Qocayev, rayon Təhsil şöbəsinin əməkdaşı Tofiq Qəmbərov və başqaları Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri, eləcə də Milli Dirçəliş Gününün mahiyyəti barədə çıxış etdilər.
Elmar Vüqarlı