Qarabağın quruculuğunda sürətli mərhələ başlayır
İşğaldan azad edilmiş ərazilərimizdə aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir.
Qısa dövrdə görülən böyük işlər olduqca heyrətamizdir.
Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.
2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımtsansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması isə müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə bağlı bir vacib məqamı da xüsusi qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, infrastrukturla bağlı bəzi layihələrin həyata keçirilməsi, xüsusən qarlı, şaxtalı havalarda Şuşada, Kəlbəcərdə yüksəkgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, dağlardan keçən Zəfər yolunun tikintisi böyük zəhmət və fədakarlıq tələb edirdi. Məhz daxili imkanlar və bacarıqlı kadrların hesabına bütün bu işlər qısa müddətdə başa çatdırıldı.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə hərbi quruculuq işləri də sürətlə həyata keçirildi, yeni hərbi hissələr yaradıldı.
İlham ƏLİYEV: “Hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir”
Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam, Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub. Eyni zamanda Şuşada birinci məhəllənin, Ağdam şəhərində ilk yaşayış binasının və 1 saylı məktəbin, Ağdam Sənaye Parkının, Laçın Beynəlxalq Hava Limanının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, mərkəzi xəstəxananın, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, memorial kompleksin, Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Zəngilan rayonunda “Ağıllı kənd”in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ın təməli qoyulub. Şuşada Radio-Televiziya Yayım Stansiyasının, mərkəzi xəstəxananın təməlqoyma mərasimində iştirak edib.
Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.
O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmiryolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd dəmir yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ağdam-Bərdə dəmir yolu xətti də istifadəyə verildikdən sonra Ağdam və digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.
Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu il artıq infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələrinin də icra ediləcəyini bildirmişdi: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır”.
Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Bu baxımdan 2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuğunda növbəti mühüm mərhələ olacaq.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”