Daşkəsənli Vətən Müharibəsi şəhidi Novruz Haxverdiyevin anım günü qeyd olunub
Yanvarın 19-da Gəncə şəhər Şəhidlər Xiyabanında daşkəsənli Vətən Müharibəsi şəhidi əsgər Haxverdiyev Novruz Əli oğlunun keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhid əsgər Novruz Haxverdiyevin məzarına gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə bir daha başsağlığı verib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən və şəhid əsgər Novruz Haxverdiyevin həyatından və döyüş yolundan söz açıb. Bildirib ki, Azərbaycan Ordusunun əsgəri şəhid Novruz Haxverdiyev 1996-cı il martın 25-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub, Alunitdağ məktəbində təhsil alıb. Orta təhsilini bitirib hərbi xidmətə yollanan Novruz xidmətini başa vurduqdan sonra könüllü olaraq MAXE kimi orduda qalmağa davam edib. Novruz Haxverdiyev Vətən Müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərib. 2020-ci il oktyabrın 2-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Şəhidimizin adı uzun müddət itkin düşənlərin siyahısında olub. Nəhayət, 2021-ci yanvarın 19-da Şəhidin nəşi tapılaraq Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Novruz Haxverdiyev “Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin İnci adlı bir qız övladı yadigar qalıb.
Şəhidin atası Əli Haxverdiyev və anası Kifayət Haxverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini